• Prezidentə qarşı 4 nazirdən ETİMADSIZLIQ: Mikayıl Cabbarov, Səlim Müslümov, Zaur Hüseynov...

    Prezidentə qarşı 4 nazirdən ETİMADSIZLIQ: Mikayıl Cabbarov, Səlim Müslümov, Zaur Hüseynov...

    Prezident xalqı hakimiyyətdən narazı salan bir neçə sahə üzrə dəyişikliklər etsə də, təyinatlar özünü doğrultmadı.

    Xalqın tez-tez narazılıq etdiyi 4 strukturda rəhbər şəxslər yeni olsa da, sistemdə ciddi dəyişiklik olmadı.

    Hazırda təhsil naziri, səhiyyə naziri, əmək və əhalinin sosial müdafiəsi naziri və Bakı Metropoliten QSC rəisi ən son təyinatlardır.

    Misir Mərdanov, Əli İnsanov, Füzuli Ələkbərov və Tağı Əhmədov iqtidarın odioz məmurlarından idilər. Onların yerinə təyinatlar olub - Mikayıl Cabbarov, Oqtay Şirəliyev, Səlim Müslümov və Zaur Hüseynov...

    Lakin yenə də mətbuatda nazirlərin fəaliyyəti və idarəçiliyi haqda korrupsiya faktlarına, şikayət məktublarına rast gəlinir. Yenə də bu 4 sahədə heç nə dəyişməyib.(politika.az)Ölkənin təhsil və səhiyyə sektoru uçuruma gedir. Əli İnsanov və Misir Mərdanovdan sonra da bu sahələrdə irəliləyiş müşahidə olunmur. Onlar regionlardakı vəziyyətlə qəti şəkildə maraqlanmırlar. Bütün bölgələr üzrə məktəblərdə, xəstəxanalarda özbaşınalıq, məsuliyyətsizlik, rüşvət və səhlənkarlıq hökm sürür.

    Məhz səhiyyəmiz bu vəziyyətdə olduğuna görə ölkə vətəndaşı Gürcüstana, İrana, daha imkanlı olanlar Avropaya üz tutur. Ölkə vətəndaşı ölkə səhiyyəsinə etibar etmir.

    Cabbarovun nazir dövründə nə qəbul imtahanlarında keçid balları qalxıb, nə təhsilin keyfiyyəti. Məktəblərdə, universitetlərdə, kolleclərdə rüşvət ayaq açıb, yeriyir. Rektorlar, məktəb direktorları bazar açıblar. Nazirlik heç bir iş görmür. Yenə də pul yığımı, yenə də soyğunçuluq var.

    Tağı Əhmədovu yola salandan sonra paytaxt sakinləri düşünürdü ki, yeni rəis "Bakı Metropoliteni”ndə problemlər həll olunacaq.

    Lakin metro işində heç bir təcrübəsi olmayan Zaur Hüseynov "Bakı Metropoliteni”nə rəhbərlik etdiyi 2 il 8 ay müddətində "yeraltı dünyanı” əsl cəhənnəmə çevirib.

    Şöhrət ordenli, Prezident təqaüdçüsü, Fəxri dəmiryolçu, müharibə veteranı, 39 il fasiləsiz rəis vəzifəsində işləyən və 54 il əmək stajı olan (metropolitendə və dəmir yolunda) vətəndaş Akif Mehdi oğlu Zeynalovun Prezidenti İlham Əliyevə müraciəti Zaur Hüseynovun "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətini taladığını, metroda hər an dəhşətli qəzanın baş verə biləcəyi vəziyyətini yaratdığını və bir sıra təkzibolunmaz faktları aşkara çıxarır.

    Faktlar: 2015-ci il may ayından istismarda olan 4,8 milyon dollar dəyərində alınmış "Diaqnostik vaqon-laboratoriya kompleksi” (qısaca olaraq "Diaqnostika vaqonu”) yolun parametr ölçülərinin vəziyyətini yoxlayıb, düzgün qiymətləndirmək imkanına malik deyil. Bu vaqon ümumiyyətlə öz funksiyasın icra etmək qabiliyyətinə malik deyil.

    Bu səbəbdən "Bakı Metropoliteni” yollarında qatarların təhlükəsiz hərəkətinə zəmanət verən avadanlıq və qanuni sənəd yoxdur. Yolun nə vəziyyətdə olduğunu bilmədən və əsaslı sənəd olmadan kor-koranə qatarları təyin edilmiş surətlə yola buraxırlar.

    "Diaqnostika vaqonu”nun rəisi Arslanbekov Ebazər hər ay vaqonun yolun vəziyyətini göstərdiyi faktları gizlədir, rəhbərliyi və iqtisad-plan şöbəsini aldadaraq saxta sənədlər təqdim edərək 70% miqdarında əlavə mükafat alırlar. Bu kimi faktlar onlarladır.

    İsmayıllı olaylarından sonra nazir postunu itirən Füzuli Ələkbərov ƏƏSMN-ni çapıb talamışdı. Səlim Müslümov reformist və peşəkar təsiri bağışlayır.

    Lakin yenə də yerlərdən şikayətlər gəlir, müavinət, pensiya, sosial yardım, məşğulluq və s. sahələr üzrə narazılıqlar var, nazirliyin ötür-ötür oyunları media səhifələrinə çıxır.

    Məsələn, mətbuat yazır ki, nazir Səlim Müslümovla nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov arasında gərginlik hökm sürür. Bildirilir ki, İ.Qurbanov nazirin demək olar ki, heç bir sözünü eşitmir, tapşırıqlarına əhəmiyyət vermir.

    Buna görə də S.Müslümov sözügedən sahəyə nəzarəti demək olar ki, itirmək üzrədir. Nazir vəziyyətdən çıxış yolu kimi həmin xidmətin əhatə dairəsini daraltmaqla İ.Qurbanovun səlahiyyətlərinin azaldılmasına çalışır.

    Müslümovun həmin sahəylə bağlı son vaxtlar bir sıra dəyişikliklər etməsinin də məhz sözügedən planla bağlı olduğu söylənilir.

    Rubrika.az


    Facebook-da paylaş