Tanınmış blogger Mehman Hüseynov məhkəmə zalında həbs edildi
![]()
O, 2 il müddətinə azadlıqdan məhrum olundu; Mehman Əliyev: “...Gözləmirdim”
Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin blogger Mehman Hüseynova qarşı verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi yekunlaşıb. Martın 3-də prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Blogger məhkəmə zalında həbs edilib. Bildirək ki, M.Hüseynov yanvarın 9-da saxlanılıb və məhkəmə qərarı ilə polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək 200 manat cərimə edilib. Sərbəst buraxıldıqdan sonra o, saxlanılarkən işgəncələrə məruz qalması barədə müsahibə verib. Bu zaman səsləndirdiyi fikirlərə görə M.Musayev onun böhtan atdığını iddia edib və M.Hüseynovun həbsi üçün məhkəməyə müraciət edib. Xüsusi ittiham qaydasında şikayətdə “Nəsimi polisində heç zaman işgəncənin olmaması” bildirilib. M.Hüseynovun vəkili isə bu iddianın doğru olmadığını, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 7 may 2015-ci il qərarına əsaslanıb.(musavat.com) Belə ki, həmin qərarda bloggerin qardaşı Reportoyrların Azadlıq və Təhlükəsizliyi İnstitutunun keçmiş rəhbəri Emin Hüseynovun Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində qanunsuz həbs edilməsi və işgəncə verilməsi faktı tanındığını qeyd etmişdi. E.Sadıqov həm də AİHM-in presedent qərarını qeyd edib ki, buna görə də fikrin ifadə edilməsi azadlığına görə cinayət məsuliyyətinə cəlb olunması yolverilməzdir.
Bununla belə, məhkəmə M.Hüseynov barəsində başqa yerə getməmək haqda iltizam tədbiri seçmişdi. Mehman Hüseynovun vəkili Elçin Sadıqov müvəkkili haqda çıxarılan hökmü qanunsuz və əsassız adlandırıb.
“Turan” İA-nın direktoru Mehman Əliyev AzadlıqRadiosuna deyib ki, belə bir gediş gözləmirmiş: “Açığı, gözləmirdim. Nəsə demək çox çətindir. Ancaq aparılan həbslər, təzyiqlər xəttin sərtləşməsindən xəbər verir”. Amma M.Əliyev bu siyasi xəttin uğursuz olduğunu düşünür: “Azərbaycanda 2005-ci ildən jurnalistlərə təzyiqlər, həbslər artıb. Ancaq son 12 ildə hakimiyyətə qarşı tənqidlər internetdə, sosial şəbəkələrdə artıb, azalmayıb. Bu da onu göstərir ki, bu yolla mübarizə aparmaq mənasızdır”.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib ki, beynəlxalq təşkilatların hesabatlarına görə, bu gün Azərbaycanda 12 jurnalist və blogger həbsdədir. Bu, beynəlxalq aləmdə ən yüksək göstəricilərdən biridir: “Bu baxımdan, onun həbsini o qədər də gözlənilməz adlandırmazdım. Azərbaycan üçün geniş yayılmış praktikadır. Sadəcə, böhtan maddəsi ilə həbs edilməsi, bax, bu gözlənilməzdir. Uzun illərdir Azərbaycan öyünürdü ki, böhtana görə heç kimi həbs etmirik. Beynəlxalq təşkilatların da tələbi budur ki, belə hallara Mülki Məcəllə çərçivəsində baxılsın. Prezident də 2010-cu ildən buna moratorium qoymuşdu. Həbslər də bu maddələrlə aparılmırdı. Bununla da uzun illər debat mövzusu olan problem, diffamasiya məsələsi gündəmə qayıdır”.
A.Əliyev hesab edir ki, yaxın zamanlarda həbslər yenidən arta bilər: “Əslində həbs olunası jurnalistlər də çox qalmayıb. Çünki müxalif və müstəqil mövqedə dayanan KİV-lər öz fəaliyyətini dayandırıb, böyük əksəriyyəti nəzarət altındadır. Bu cür bir neçə müstəqil jurnalistin dənlənməsi prosesi sürətlənə bilər. Xüsusən də nəzərə alsaq ki, Azərbaycan İslam Olimpiadası ərəfəsindədir. Bu cür tədbirlər ərəfəsində ölkə hakimiyyətinin tənqidi güclənir. Hakimiyyət də, nədənsə, çıxış yolunu həbslərdə görür”.
Mehman Hüseynov video-blogger kimi bəzi məmurların, deputatların mülklərini çəkir və onların bunları necə əldə etməsi ilə bağlı açıq suallar qoyurdu. Bəzən rəsmilər ona hansısa formada cavab verməyə məcbur qalırdılar. Bu həbsdən sonra belə çəkilişlər mümkün olacaqmı?
Xatırladaq ki, polis rəisi Mehman Hüseynovun CM-in 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını tələb edirdi.
Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o, peşə fəaliyyətinə görə təzyiqə məruz qalır və saxlanılarkən polislər ona işgəncə veriblər. DİN onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.
Bundan sonra isə Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdi.
Barəsində hökm çıxarıldıqdan sonra o, Şüvəlandakı İstintaq Təcridxanasına aparılıb. Vəkili Elçin Sadıqov günün sonunda təcridxanada bloggerlə görüşüb. “Mehman hazırda karantində saxlanılır. Onun saçlarını qırxıblar. Yaxın günlərdə blogger barəsində hökmdən apelyasiya şikayəti verəcəyik” - deyə, vəkil qeyd edib.
Rubrika.az
Facebook-da paylaş












