Rusiyada fəlakət: Putinə təcili müraciətin – Səbəbi

Ölüm və boşanma hallarının artması Rusiya üçün xarakterikdir. Bu problem sovet dövründə də vardı, ancaq həmin vaxtlar İmperiyada alkoqolizmə qarşı mübarizə aparılırdı, həm də boşanmaların minimuma endirilməsi üçün müvafiq addımlar atılırdı. Üstəlik də səhiyyə sistemi çox güclü olduğu üçün əhalinin nisbətən uzunömürlülüyünü təmin etmək mümkün olurdu.
Bu sözləri politoloq Qabil Hüseynli Rusiyada demoqrafik vəziyyətin fəlakət səviyyəsinə çatması və doğum hallarının azalması ilə bağlı Prezident Putinə təcili tədbirlər görülməsi çağırışı ilə müraciətləri şərh edərkən Şərq.az-a deyib. Politoloq bildirib ki, indi Rusiya əvvəlki, sovet Rusiyası deyil, ölkədə yoxsulluq dərəcəsi artıb, bu isə öz növbəsində insanların özünə qapanmasını, alkola meyil etməsini şərtləndirir:
“Rusiyada spirtli içkiyə heç bir məhdudiyyət yoxdur, hətta uşaqların istifadəsinə belə qadağa tətbiq edilməyib. Hesab edirəm ki, Rusiyada ölüm hallarının artması, yeni nəslin tükənməsinin səbəbi alkoqolizmin geniş yayılmasıdır. İkinci bir səbəb isə rusların gec evlənməsi ilə bağlıdır. Evlənsələr belə, əksər ailələr tez dağılır. Boşanma olmayan ailələrdə isə əsasən bir uşaq dünyaya gəlir ki, bu da fəlakətli vəziyyətin qarşısını almaq üçün kifayət deyil. Millətin sayının sabit qalması üçün hər ailədə ən azı 3 uşaq olmalıdır”.
Q.Hüseynlinin sözlərinə görə, Rusiyada rəsmi statistikada orta ömür yaşı 55-57 göstərilsə də, qeyri-rəsmi məlumatlarda bu, 47-dir.
“Rusiya mövcud problemin qarşısını almaq üçün gah əcnəbilərin Rusiya vətəndaşlığına qəbulunu sadələşdirir, gah da qarışıq nikahların artmasına şərait yaradır. Ancaq bunların heç biri demoqrafiya problemindən xilas yolu deyil, əksinə, rusların genefondunun getdikcə zəifləməsinə zəmin yaradır”, - politoloq bildirib.
Rusiyanın Demoqrafiya İnstitutunun rəhbəri Yuri Krupnovun Prezident Vladimir Putinə təcili tədbirlər üçün müraciətini doğru addım kimi qiymətləndirən Q.Hüseynli hesab edir ki, bu təcrübə Qərb ölkələrində də var:
“Rusiyada miqrant qəbulunu çıxmaq şərtilə, əhali sayının bəzi illərdə 800 minə qədər azaldığını müşahidə edirik. Bu axarla getsə, çox da uzaq olmayan bir gələcəkdə rusların sayı 120 milyona qədər düşə bilər. Belə olan halda Rusiyada yaşayan tatarların, başqırdların və digər xalqların sayı artacaq ki, bu disbalans rus milləti üçün xoş olmayan bir sonluqla nəticələnə bilər”.
Xatırladaq ki, 10 mayda Rusiyanın Demoqrafiya İnstitutunun rəhbəri Yuri Krupnov Prezident Vladimir Putinə "Çoxuşaqlı ailələrin statusu haqqında” federal qanuna təcili dəyişikliklərlə bağlı layihə göndərib. Layihədə Rusiyadakı azuşaqlı ailələrə vergi tətbiq edilməsi istənilir. Sənəddə həmçinin çoxuşaqlı ailələrdə uşaqların tərbiyəsi ilə məşğul olan valideynin işinin əmək stajı kimi qəbul edilməsi təklif olunur. Layihədə əsas hədəf 2030-cu ilə qədər demoqrafiya problemini həll etməkdir.
Rusiyada rəsmi statistikaya görə, 2016-cı ildə 1.888.729 uşaq doğulub ki, bu da 2015-ci ildən 51.850 nəfər azdır. 2016-cı ildə ölənlərin sayı isə 2 milyona yaxınlaşıb.
Qeyri rəsmi məlumatlarda isə doğulan uşaqlar arasında ölüm sayının nəzərə alınmadığı, bu baxımdan doğulanların daha az olduğu, həmçinin ölənlərin statistikasında “döyüş şəraitində ölənlərin” göstərilmədiyi qeyd edilir.
Rubrika.az
Facebook-da paylaş











