Bu gün "Eurovision-2017"nin finalıdır

Bu gün Ukraynanın paytaxtı Kiyevdə “Eurovision-2017" beynəlxalq mahnı yarışmasının finalı keçiriləcək. Finalda 26 ölkə iştirak edəcək. Bunlar İsrail, Rumıniya, Niderland, Macarıstan, Xorvatiya, Bolqarıstan, Avstriya, Danimarka, Belarusiya, Norveç, Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr, Belçika ölkələridir. Bu il yarışmaya ev sahibliyi edən Ukrayna, Fransa, İtaliya, İspaniya, Almaniya və Böyük Britaniya isə finala birbaşa vəsiqə alan ölkələrdir. Beləliklə mayın 13-də final gecəsində 26 ölkə mübarizə aparacaq. Ölkəmizi Diana Hacıyeva ”Skeletona" mahnısı ilə təmsil edir. Final üçün keçirilən püşk zamanı məlum olub ki, Azərbaycan yarışmada 12-ci sırada çıxış edəcək.
Qeyd edək ki, bu günə qədər yarışmanın yarım finalları keçirilən zaman təxribat xarakterli və maraqlı olaylar yaşanıb. Belə ki, mayın 9-da keçirilən ilk yarımfinal günü Ermənistanın birinci kanalı Azərbaycanın elan olunduğu an növbəti təxribata əl atmışdı. Rusiyanın “gazeta.ru” saytının yaydığı məlumata görə təmsilçimiz Diana Hacıyevanın çıxışından əvvəl klip nümayiş olunub. Həmin an erməni şərhçilər heç bir fikir bildirməyib, Azərbaycanın adını çəkməyiblər. Bunun əvəzinə isə onlar üç bayramı qeyd etdiklərini söyləyiblər: “Şuşanın alınması günü”, “Qələbə günü” və “Qarabağ ordusu günü”.
Şərhçi “İndi isə növbəti ölkənin təmsilçisi ”Skeletons" mahnısı ilə çıxış edir" sözlərini deyib.
Maraqlı olay isə mayın 11-də keçirilən yarışmanın ikinci yarımfinalı zamanı yaşanıb. Belə ki, “Eurovision” müsabiqəsinin tarixində ilk dəfə olaraq evlilik təklifi olub. Yarışma zamanı layihənin aparıcısı “Green Room”a yaxınlaşaraq Makedoniya təmsilçisi olan Yana Burçeskanı gözəl çıxışı münasibətilə təbrik edib. Daha sonra onun hamilə olduğunu qeyd edən aparıcı uşağın atasının kim olduğunu soruşub. Yana isə yanında əyləşən Aleksandrı göstərib. Aleksandr mikrofonu götürərək sevgilisinə evlilik təklifi edib: “Mən səni çox sevirəm. Mənimlə evlənərsən?” Cibindən üzük çıxararaq sənətçiyə uzadan Aleksandr sevgilisindən “hə” cavabını alıb. Aleksandrın bu addımı böyük alqışlarla qarşılanıb. Qeyd edək ki, makedoniyalı ifaçı finala vəsiqə qazana bilməyib.
Rubrika.az
Facebook-da paylaş











