Yenicə istifadəyə verilən yolda piyada keçidi yoxdur: “Yolu kenquru kimi hoppana-hoppana keçirik”

Yasamal rayonunda, keçmiş "Sovetski" adlanan ərazidə bir neçə gün öncə Mirzəağa Əliyev və Füzuli küçələrinin rəmzi açılış mərasimi keçirilib.
Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində dairənin ləğvi ilə yeni hərəkət istiqamətləri üzrə - Akademik Milli Dram Teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı əsaslı şəkildə yenidən tikilib. Yeni salınan asfalt yollar artıq istifadəyə də verilib.
Bütün işlər "Azəravtoyol" ASC tərəfindən aparılır. Cəmiyyətin rəsmi saytında istifadəyə verilən yolla bağlı dərc edilmiş məlumatda deyilir ki, “Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı olaraq salınan yolların uzunluğu müvafiq surətdə 750 və 800 metr, eni isə 15 metr təşkil edir. Bu yolların istifadəyə verilməsi ilə ərazidə nəqliyyatın hərəkətinin normal tənzimlənməsi, tıxacların qarşısının alınması və piyadaların təhlükəsizliyi üçün hərtərəfli şərait yaradılıb”.
“Piyadaların təhlükəsizliyi üçün hərtərəfli şərait yaradılıb” cümləsi diqqətimizi çəkdi. Hansı şərait?
Akademik Milli Dram Teatrının nə sağında, nə də solunda piyada keçidi yoxdur. Yeni salınan asfalt yoldan hər gün yüzlərlə avtomobil keçir. İnsanlar teatra gəlmək və ya parkda əyləşmək üçün avtomobillərin arasından qaça-qaça keçməli olurlar. 800 metr uzunluğunda asfalt çəkib, piyada yolunu unutmaq da ayrı bir “ciddiyyətdir”.
Ərazidə 2 yeraltı keçid var. Onlardan heç birinin teatra tərəf çıxışı yoxdur. Bütün çıxışlar yolun əks tərəfində qalır. Teatra gəlməli olan şəxs həm həyatı ilə risk edib, sürətli avtomobillərdən qaçaraq yolu keçməlidir, həm də yolu düzgün keçmədiyi üçün 20 manat cəriməni gözə almalıdır.
Əgər piyada keçidi olacaqsa, amma hələ də işlər gedirsə o zaman niyə yol istifadəyə verildi? O yolda hansısa piyada yolu keçən zaman qəza nəticəsində həyatını itirərsə, bunun günahkarı kim olacaq?
Sakinlər vəziyyətdən çox narazıdırlar. Bakı sakini Valeh Səfərli deyir ki, hər zaman olduğu kimi yenə işlər yarımçıq görülüb: “Biz buna alışmışıq. İllərdir bizdə işlər belə görülür. İş bitməyib, amma təhvil verilir. Yol çəkiblər, keçid yoxdur. Nə vaxtsa tikiləcək. Birinci keçidi tikin, yolu da bitirin, sonra təhvil verin də… Tələsirlər. Tezbazar olsun, bitsin. Bunun da axırı belə olur. Yolu qaça-qaça, kenquru kimi hoppana-hoppana keçirik”.
ABŞ-da yaşayan və məzuniyyət günlərində Bakıya gələn Anar adlı şəxsin sözlərinə görə, ABŞ-da oxşar işi görən işdən azad edilir: “Mən özüm mühəndisəm. Bakda gedən tikinti işlərinə baxanda təəccüblənirəm. Belə iş görərlər? Mən ABŞ-da yaşayıram. İldə bir dəfə Azərbaycana gəlirəm. Hər dəfə də tikintilərə baxıram. İndi təsadüfən yolum buradan keçəsi oldu. Ətrafa baxdım, gülmək tutdu. Asfalt var, yol var, maşınlar gedir, piyada keçidi yoxdur. Mən də ABŞ-da oxşar işi görürəm, amma biz piyadaların da keçəcəyi yolu istifadəyə verən zaman yolda piyada keçidi olmasa, kollektivlə birgə işdən azad edilərik. Piyada ən başda gəlməlidir. Belə daha yaxşıdır? Camaat yolu təhlükəli şəkildə keçir. Bu çox pis bir şeydir. Təcili nəsə etməlidirlər”.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli musavat.com-a məsələ ilə bağlı danışıb. Qurumun sözçüsü bildirib ki, ərazidə yeni yeraltı keçid tikiləcək: “Ərazidə yeni yeraltı keçid tikiləcək. Təzəpir məscidi ilə üz-üzə və Nəriman Nərimanov prospekti ilə Abdulla Şaiq küçəsi arasında bir neçə yeraltı keçid olacaq. Keçidlərdən biri də Akademik Milli Dram Teatrının önündə olacaq. Hazırda isə piyadalar müvəqqəti olaraq qış parkında olan yeraltı keçiddən istifadə edə bilərlər”.
Rubrika.Az
Facebook-da paylaş













