111 yaşlı klub “İnter”ə qarşı

Ciddi maliyyə sıxıntıları yaşayan Bakı klubu Ceff Ştrasserin “Fola”sını yarı yolda qoya biləcəkmi?
Bu gün Bakının “İnter” klubu Avropa Liqasının ikinci təsnifat mərhələsində Lüksemburqun “Fola” komandası ilə qarşılaşacaq. İlk təsnifat mərhələsində Moldovanın “Milsami” klubuna öz meydanında 2:1 qalib gələn lüksemburqlular cavab matçında 1:1 hesabına nail olaraq ilk dəfə Avroliqda ikinci mərhələyə keçiblər. “İnter” isə məlum olduğu kimi, birinci təsnifat mərhələsində Serbiyanın “Mladost” klubu ilə qarşılaşıb. İlk oyunda 3:0 hesablı qələbə qazanan bakılılar cavab matçında da rəqibini üstələyib - 2:0.
“İnter” klubu “Miladost”a qarşı göstərdiyi hər iki oyunda çox yaxşı təsir bağışlayıb. Klubun maddi çətinlikləri olsa da, komandanın mübariz ruhu bu görüşə olan ümidləri artırıb. Oyun ərəfəsi isə qanqaraldıcı xəbərlər var...
Mediada yayılan xəbərlərə görə, klubun üzvləri yay ayında hələ maaş almayıblar. Klubun stadion və qərargah probleminin olması ilə bağlı da xəbərlər yayılıb ki, belə əhəmiyyətli oyun ərəfəsi bu, çox üzücü haldır. “İnter”in problemlərinin kökü indi həbsdə olan keçmiş rəhbərlik səbəbindən o qədər qəlizləşib ki, mütləq AFFA rəhbərliyinin həm dəstəyinə, həm də müdaxiləsinə ehtiyac yaranıb. Komandanın 28 yaşlı hücumçusu Rauf Əliyevin matç ərəfəsi dediyi sözlər “İnter”in hazırda düşdüyü vəziyyətə tamamilə adekvatdır: “Axsaya-axsaya irəliləyirik”.
Əlbəttə ki, bu cür vəziyyət Avroliqada mübarizə aparan klub üçün ən əvvəl diskomfort mühit yaradır. Dünya klubların yay transferlərində “dodaq uçuqladan” qiymətlərinə baxıb, bizim “İnter”in halına doğrudan da acımamaq olmur. Ona görə bu vəziyyətdə klubdan yaxşı oyun ummaq deyil, ancaq və ancaq Azərbaycan adına fədakarlıq gözləmək olar. Unutmaq lazım deyil ki, futbolçuya ayağından və topundan başqa para qazandıracaq heç bir məşğuliyyəti yoxdur. Və oynamaq üçün pul verən də yoxdursa, o zaman “İnter”in oyunçularının psixoloji durumunu anlamaq çətin deyil. Ümid edək ki, bu mərhələni də keçdikdən sonra Bakı klubunun maddi problemləri qismən də olsa düzələcək.
Sən kimsən, “Fola”?
Ötən sayımızda da qeyd etmişdik ki, “İnter” serblərlə oyununu “Fola” klubu ilə qarşılaşmada da göstərə bilsə, növbəti mərhələni bəlkə də elə bugünkü matçla qarantiyalıya bilər.
“Yeni Müsavat” oxucuları üçün “Fola” klubu haqda internet resurslarından əldə etdiyimiz məlumatları bölüşəcəyik.
Fransız dilində “Cercle Sportf Fola Esch” adlanan “Fola” klubu Lüksemburqun Eş şəhərini təmsil edir. Klubu 1906-cı ildə-yəni düz 111 il əvvəl ingilis dili müəllimi Jan Peder təsis edib. Ev oyunlarını “Emil Mayriş” adına 3900 nəfərlik şəhər stadionunda keçirən “Fola” altıqat ölkə çempionudur.
Çempionluğun 4-ünü 1917 və 24-ci illər aralığında qazanıb. Üç dəfə isə ölkə kubokuna sahib olub. Bundan sonra komanda aşağı divizionda oynayıb ki, yalnız 2007-ci ildə yüksək liqaya qayıda bilib. Yüksək liqada isə çempionluğu 2013-cü ildə əldə edə bilib. Çempionlar Liqasında ilk sınağı Zaqrebin titullu “Dinamo”suna qarşı keçirən “Fola” uğursuzluğa düçar olub. Zaqreb təmsilçiləri iki oyunda klubun qapısından 6 cavabsız top keçiriblər. 2014-2015-ci sezonunda divizionun qalib olmuş klub yenə də Avropa turnirində mərhələ keçə bilməyib. Bu il divizionda 3-cü yeri tutan “Fola” “Zirə”nin mübarizədən kənarlaşdırdığı ölkə çempionu “Differdanj”dan 9 xal geridə qalıb.
Lüksemburqun daxili çempionatının tarixinə də nəzər salaq. Bu ölkədə daxili çempionat 1910-cu ildən keçirilir. 1913-cü ildə Birinci Dünya müharibəsi səbəbindən çempionatda fasilə yaranıb. 1932-ci ildən “Primyer Liqa” adlanan çempionat 1975-ci ildə “Şərəf divizionu” kimi adını dəyişib. 2011-ci ilədək isə sponsor səbəbindən çempionat “Fortis Liqa” adı altında keçirilib. 2011-ci ildən isə Lüksemburq Milli Divizionu adlanır. Milli Divizionda hazırda 14 klub mübarizə aparır. 2006-cı ilədək divizionda 12 klub təmsil olunub.
Komandanın baş məşqçisi Ceff Ştrasser 1974-cü ildə Lüksemburqda anadan olub. 19 yaşında artıq karyerasını Lüksemburqdan kənarda quran Ştrasser 1993-99-cu illərdə “Meçe” klubunda oynayıb. 1999-cu ildən adlı-sanlı klublar artıq onunla maraqlanmağa başlayıb. 1999-cu ildə o, bundesliqa “Kayzerslautern”i ilə müqavilə bağlayıb. 2002-ci ildə isə “Borussiya”ya keçib ki, bir neçə il burada uğurla mərkəz müdafiəçisi mövqeyində oynayıb. Ümumilikdə o, Almaniya çempionatında 194 oyun keçirib. 2006-cı ildə Fransaya qayıdan Ştrasser “Strasbur” və “Meç” klublarında oynayıb. 2009-cu ildə isə “Fola”ya keçsə də, burada çox qalmayıb, bu dəfə isə İsveçrənin tanınmış klubu olan “Qrassxoperrs”ə keçib.
Milli komandada ilk dəfə 1993-cü ildə debüt edən Strasser ilk oyunu Yunanıstana qarşı keçirib. O, 2010-cu ildə Azərbaycanla yoldaşlıq görüşündə qapımıza top da vurub. Ümumilikdə millidə 98 oyun keçirən Ceff bu nəticəsi ilə Lüksemburq rekordçusu hesab olunur. “Fola”nı 2010-cu ildən çalışdıran mütəxəssis Lüksemburq milli komandasında müdafiəçi mövqeyində oynayıb. Karyerasını başa vurduqdan sonra “Fola”nın məşqçisi olan Ştrasserin rəhbərliyi dövründə klub 83 ildən sonra ilk dəfə Lüksemburq çempionluğunu bayram edib. Vikipediya məlumatında onun haqqında yazılır ki, məşqçi həm də teleşərhçi kimi fəaliyyət göstərir.
“İnter” nə düşünür?
“İnter”in oyunçuları “Fola” haqda danışarkən kifayət qədər ehtiyatlı olmağa üstünlük veriblər. Məsələn, Rauf Əliyev deyib ki, Lüksemburqda son zamanlar futbol inkişaf edir. Komandanın kapitanı Nizami Hacıyev isə nəticə barədə əvvəlcədən danışmağın kluba düşmədiyini deyib. “Müəyyən çətinliklərimiz var. Həm texniki, həm də maddi baxımdan sıxıntılar var ki, onları yoluna qoymaq lazımdı. Yaxşı nəticə qazanmaq olar” deyə, kapitan vurğulayıb.
Görüşün baş hakimi İsrail Futbol Federasiyasından Eytan Şmuleviç olacaq. Ona Nisan Davidi və Saqi Mazamber köməklik edəcək. Dördüncü hakim funksiyasını Daniel Bar - Natan yerinə yetirəcək.
Qeyd edək ki, “İnter” - “Fola” oyunu bu gün saat 20:00-da “İnter Arena” da başlayacaq.
Rubrika.AZ
Facebook-da paylaş











