• “İranda ara qarışarsa ... Yaxın Şərqdə ABŞ-ın istədiyi yeni terror dövlətləri yarana bilər” - Politoloq

    “İranda ara qarışarsa ... Yaxın Şərqdə ABŞ-ın istədiyi yeni terror dövlətləri yarana bilər” - Politoloq

    Azərbaycan Milli Strateji Araşdırmalar Mərkəzinin rəhbəri: “İranda vəziyyət qarışarsa, Suriyada bu gün davam edən münaqişə və İraqın da hələlik özünə gəlməməsi konstektində bütövlükdə Yaxın Şərqin nizamını dəyişə, bölgədə ABŞ-ın istədiyi yeni terror dövlətləri yarana bilər”


    “Əgər İranda etiraz aksiyalarının konkret hədəfi olan siyasi rejimdə dəyişiklik olarsa, regionda çox böyük fəsadlar yarana bilər”.

    Bu sözləri politoloq Natiq Miri son günlər İranda baş verən hadisələri şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

    Məlumdur ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başladı. Aksiyaya səbəb ölkədə qiymət artımının olması idi. Ölkə rəsmiləri öz növbəsində İran hökumətinin ölkə vətəndaşlarının ehtiyac və problemlərini həll etmək üçün əlindən gələni etdiyini və edəcəyini açıqladılar. Lakin qiymət artımı ilə bağlı olan etirazda siyasi şüarların da səsləndiyi açıq görünürdü. Eyni zamanda prezident Həsən Ruhaninin daxili siyasətinə və İranın Yaxın Şərq siyasətinə etirazı bildirilirdi.

    Dekabrın 29-da isə paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başladı. Lurestandakı etiraz aksiyalarında isə toqquşmalar zamanı iki nəfər öldüyünü bildirildi. Növbəti günlərdə isə davam edən kütləvi etiraz aksiyaları nəticəsində ölənləri sayı artıb. Belə ki, kütləvi aksiyalar nəticəsində 23 nəfər ölüb, 500-dən çox adam saxlanılıb.

    İranın güc strukturu əməkdaşları ölkənin qərbində yerləşən Lurestan əyalətinin Borucerd şəhərindəki iğtişaşlarda iştirak edən Avropa ölkələrindən birinin vətəndaşını saxlayıblar. Bu barədə çərşənbə günü şəhərin məhkəmə hakimiyyətinin nümayəndəsi Həmid Rza Baalhəsəniyə istinadən "Tasnim" agentliyi məlumat yayıb.

    İran İslam Respublikasının Keşikçilər Korpusunun (SEPAH) baş komandanı general-leytnant Məhəmmədəli Cəfəri isə dünən yaydığı açıqlamada İrandakı iğtişaşların sona çatdığını bəyan edib. M. Cəfəri bildirib ki, ABŞ, sionistlər və Səudiyyə Ərəbistanı İŞİD-ə İrana girmək barədə göstəriş verib: "İŞİD-in bəzi qrupları ölkədə iğtişaşlar və partlayışlar törətmək məqsədilə ölkəyə girib. Bəziləri hesab edir ki, Amerika ilə dostluq etsələr, iqtisadi cəhətdən güclü olacaqlar. Həmin şəxslərə məsləhət görürük ki, hər şeyini ABŞ-la dostluğa qurban vermiş Misirin durumuna bir baxsınlar".

    M. Cəfəri hadisələr zamanı Qəhdrican, İzə və Nəcəfabadda insanların öldürülməsi üçün planlar qurulduğunu müşahidə etdiklərini deyib: "Kütlə arasında cinayətlər törədildi. Son fitnə zamanı SEPAH yalnız üç əyalətdə -İsfahan, Lorestan və Həmədanda aksiyalara məhdud şəkildə müdaxilə etdi. Fitnə zamanı toplananların sayı böyük şəhərlərdə 1500 nəfər idi. Ökə üzrə ümumlikdə iğtişaşlarda 15 min nəfər iştirak edib. Cümə günündən bu tərəfə fitnənin mərkəzində olan şəxslərin əksəriyyəti İnqilaba zidd qruplaşmalar və münafiqlər (Xalq Mücahidləri Təşkilatı) tərəfindən təlim görmüş şəxslər idi. Onların hamısı həbs olunub və çox sərt cəzalandırılacaqlar", deyə SEPAH rəhbəri bəyan edib.

    Qeyd edək ki, SEPAH rəhbəri baş verən iğtişaşları qiyam olaraq dəyərləndirib.

    Ölkənin bir çox şəhərlərinə yayılan etiraz aksiyalarla bağlı ilk dəfə rəsmi internet səhifəsində açıqlama verən İran dini lideri Ayəttulah Əli Xameneyi baş verən bu hadisələri xarici qüvvələrin təşkil etdiyini dilə gətirərək bildirib ki, “Son günlərdə İslam Respublikasını çətin vəziyyətə salmaq üçün İranın düşmənləri pul, silah, siyasət və agentlər kimi müxtəlif vasitələrdən istifadə etməyə başladılar. Düşmənlərimiz ölkəmizdə üsyan çıxardılar. İndi isə müharibə törətmək istəyirlər".

    Maraqlıdır ki, ötən ilin sonunda və bu ilin ilk günlərində İranda baş verənləri yeni inqilabi dalğanın başlanğıcı kimi dəyərləndirmək mümkündür, yoxsa İran hakimiyyətinin bildirdiyi kimi bu xaricdən idarə olunan qiyam cəhdi idi? Xüsusi ilə Cənubi Azərbaycanın etirazlara qoşulmamasını və etirazların fars bölgələrində baş verməsinə səbəb nədir? Həmçinin hazırkı durumda İranda rejim dəyişikliyi olarsa, bu bölgənin goesiyasi durumuna necə təsir edə bilər? Yaxın və Orta Şərqdə geosiyasi fəlakət yaşanarmı?

    Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Milli Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Natiq Mirinin fikirlərini öyrənib.

    Image result for natiq miri
    Natiq Miri: “ABŞ İraqda PKK və peşmərgələri, Suriyada PKK-nın Suriya qolu olan YPG və PYD güclərini, Türkiyədə PKK və nəhayət İranda PKK-nin İran qolu olan “Pejak” terror təşkilatını meydana sürmək istəyindədir”.

    Bu gün İranda baş verən ölkədaxili gərginlik fonunda siyasi rejimdə dəyişikliyin baş verməsinin region üçün təhlükə yarada biləcəyini qeyd edən politoloq Natiq Miri PİA.AZ-a verdiyi açqlamada bildirib ki, İranda baş verən aksiyalarda xarici qüvvələrin rolu danılmazdır:

    “İranda baş verən hadisələrin səbəblərinə diqqət etsək, bu prosesin ölkənin özündə iqtisadi cəhətdən olan geriləmələrin, xüsusilə də bahalaşma, korrupsiya və hakimiyyət içində olan mübarizə ilə bilavasitə bağlı olduğunu görə bilərik. Proseslərin əvvəlində səsləndirilən şüarlar öncə iqtisadi yöndə olsa da, sonradan siyasi sistemin devrilməsi ilə bağlı konkret şüarlar ortalığa çıxdı. Nəticədə bəlli oldu ki, mühafizəkarlarla Ruhaninin rəhbərlik etdiyi islahatçı hökümət arasında çox ciddi çatışma var və bu çatışma uzun müddətdir davam edir. İranda baş verən etirazları da bu konstektdə dəyərləndirmək lazımdır.

    Ayrıca, İranda baş verən etirazlar əsasən kasıb bölgələrdə baş verdi. Bu bölgələrdə yaşayan əhalinin böyük əksəriyyəti fars və türklərdən ibarət deyil. Onların çoxu kürdlərdir ki, onların kürdləri bilavasitə meydana atmaq istəyi də prosesin içərisində göründü. Məlumdur ki, ABŞ İraqda PKK və peşmərgələri, Suriyada PKK-nın Suriya qolu olan YPG və PYD güclərini, Türkiyədə PKK və nəhayət İranda PKK-nin İran qolu olan “Pejak” terror təşkilatını meydana sürümək istəyindədir. ABŞ bununla İranı bir Suriyaya çevirməyi, vətəndaş müharibəsi başlatmağı və gələcəkdə siyasi rejimi dəyişməyi hədəfləyir.

    Natiq Miri: “Bəlli oldu ki, mühafizəkarlarla Ruhaninin rəhbərlik etdiyi islahatçı hökümət arasında çox ciddi çatışma var və bu çatışma uzun müddətdir davam edir”.

    Lakin onu da diqqətdən qaçırmaq lazım deyil ki, İrandakı etiraz aksiyalarına orta və ali təbəqə qoşulmadı. Xüsusilə də Tehran və Təbriz kimi mərkəz şəhərlərin əhalisi prosesdən uzaq durdu. Eyni zamanda Azərbaycan türkləri də prosesə qoşulmayıb. Ona görə ki, Azərbaycan türkləri də bu etirazların hakimiyyət içərisində olan savaşların təzahürü olaraq ortaya çıxdığını hiss edib və prosesdə bir alət olmaq istəmədilər. İrandakı siyasi liderlərin proseslərə siyasi qatqısı və baş verən etirazlardan dünya gücləri, o cümlədən ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi kimi dövlətlərin sui-istifadə etmək istəyi də əhaliyə çatdırıldı. Fikir verirsinizsə, artıq etirazlar səngiməyə doğru gedir. Çünki prosesdə bilməyərəkdən iştirak edən hakimiyyət nümayəndələri, siyasi təbəqələri və hətta hakimiyyətin müxalifətdə olan gücləri belə bu prosesdəki məsuliyyəti öz üzərlərinə götürmək istəmədilər. Bu baxımdan etirazlar azalmağa başlayıb. Lakin bu prosesi birmənalı şəkildəbitmiş hesab etmək olmaz. Bu gün İranın PKK-nın İran qolu olan “Pejak” terror təşkilatının meydana sürülmək təhlükəsi hələ də mövcuddur. Çünki PKK istər Suriya, İraq, istərsə də İranda ABŞ və İsrailin bilvasitə alətidir. Və bu alət aktivdirsə, yararlanmaq üçün hələ də dövriyyədə olacaq. Bu baxımdan İranın təhlükəni atlatmasına ehtiyac var.

    Natiq Miri: “Azərbaycan türkləri bu etirazların hakimiyyət içərisində olan savaşların təzahürü olaraq ortaya çıxdığını hiss edib və prosesdə bir alət olmaq istəmədilər”.

    Nəzərə alaq ki, İranda baş verən etiraz aksiyalarına ABŞ və İsrail səviyyəsində dəstək təsadüf deyil. ABŞ İranda daxili çatışma yaratmaqla, ölkənin Suriya və İraqda mövcud olan inqilab mühafiz qüvvələrinin etirazları söndürmək üçün tədricən İrana çəkilməsini istəyir. Belə olan təqdirdə quru cəhətdən Rusiya və Suriya rejiminə dəstək olan İran qüvvələrinin geri çəkilməsi ABŞ və onun dəstəklədiyi terrorçu təşkilatların işini yüngülləşdirəcək.

    Əslində məqsəd elə budur. Hesab edirəm ki, İran daha operativ hərəkət edərək prosesin qarşısını ala bilər. Görünən odur ki, etiraz aksiyaları getdikcə sakitləşir. Əgər İranda etiraz aksiyalarının konkret hədəfi olan siyasi rejimdə dəyişiklik olarsa, regionda çox böyük fəsadlar yarana bilər. Çünki bugün regionda pis və ya yaxşı müəyyən bir nizam var. İranda vəziyyət qarışarsa, Suriyada bu gün davam edən münaqişə və İraqın da hələlik özünə gəlməməsi konstektində bütövlükdə Yaxın Şərqin nizamını dəyişə, bölgədə ABŞ-ın istədiyi yeni terror dövlətləri yarana bilər.

    Təbii ki, bu addım İran, Türkiyə və regionda olan bütün İslam dövlətləri üçün böyük təhlükə vəd edir. Fikrimcə, İran müsəlman dövləti olmaqla yanaşı, həm də region və Yaxın Şərqdə bir balanslaşdırıcı güc mərkəzi olaraq fəaliyyət göstərir. Ona görə də İrandakı prosesi gözardı etmək qətiyyən doğru deyil”.

    Rubrika.Az


    Facebook-da paylaş