• "Bank Standart"ın işçisi açıqladı- "Çudo Peçka"ya milyonları kim verib?

    "Bank Standart"ın işçisi açıqladı- "Çudo Peçka"ya milyonları kim verib?

    "Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb.

    Məhkəmə prosesində şahid qismində "Bank Standart"ın kredit departamentinin müdir müavini vəzifəsində çalışmış Cahangir Axundov dindirilib.

    O söyləyib ki, 2004- cü ildə formal olaraq bankın kredit departamentində çalışıb: "Orda adım gedib. 2005-ci ildə müştəri xidmələrinə direktor təyin edilmişəm. Uzun müddət həmin vəzifədə çalışmışam".

    Təqsirləndirilən şəxsin vəkili Janna Bağırova bildirib ki, şahid bankın İdarə Heyətinin üzvü olub.

    Şahid bildirib ki, "Çudo Peçka" MMC-yə kredit ayrılan zaman onların pulu qaytarmaq imkanı olmayıb.

    "2011-ci ildə pullar o qədər şişdi ki, artıq onlar krediti ödəmirdi. Bankın idarə heyətinin sabiq sədri olmuş Səlim Kirmanın kimlərləsə cinayət əlaqəsini girməsindən xəbərim yox idi. "Çudo Peçka"ya 21 milyon kredit verilib. Həmin pulların hamısı Səlim Krimanın qərarı əsasında verilib. İdarə heyətinin üzvü olsam da, bu qərara qarışmaq imkanım olmayıb".

    Şahid Cahangir Hacıyev bildirib ki, 2014-cü ildə Səlim Kriman işdən uzaqlaşdırıb.

    O ifafəsinin davamında qeyd edib ki, 2015-ci ildə yenidən "Çudo Peçka"ya 6 milyon ayrılıb. Həmin kredit isə Səlim Krimanın yerinə təyin edilən yeni sədr tərəfindən verilib.

    "Yəqin ki, yeni sədr təsisçilərlə məsləhətləşəndən sonra bu pul ayrılıb. Çox məsələrdən bizim xəbərimiz olmurdu. "Çudo Peçka" bank rəhbərliyinin nəzarətində idi. Şirkət təsisçi və Səlim Krimanın əlində olub. Ona görə ayrılan pullardan xəbərsiz olurduq".

    "Çudo Peçka"nın 3 mkr. ərazisində yerləşən mağazasında işləmiş Ələkbər Həşimov da şahid qismində məhkəmədə ifadə verib.

    O qeyd edib ki, bankdan onların adına kreditlər götürülüb və bunu onlardan Pərviz Cəlilov xahiş edib.

    "İşçiləri götürüb banka getmişəm. Müqavilələrə qol çəkmişik. Pul götürməmişik. Pərviz demişdi bu kreditlərin bizə işçilərə adiyyatı olmayacaq"- deyə şahid bildirib.

    Xatırladaq ki, Baş Prokurorluq iş adamın həbsi ilə bağlı rəsmi açıqlama yayıb.

    Məlumatda bildirilir ki, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

    Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

    Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Rubrika.az


    Facebook-da paylaş