Ermənistan: İrəvan meriyasında qarşıdurma - Hakim partiyaya sərt etiraz

Bu gün İrəvan meriyasının toplantısında qarşıdurma yaşanıb.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, insidentə səbəb hakim Respublikaçılar Partiyası üzvlərinin 2008-ci il martın 1-də Serj Sərkisyanın saxtakarlıqla prezident seçilməsinə etiraz etdiyi üçün öldürülənlərin xatirəsini anmaqdan imtinası olub. “Çıxış” fraksiyasının üzvü Alen Simonyan 1 mart qurbanlarının xatirəsinə abidə qoyulması məsələsinin gündəliyə daxil edilməsini istəyib. Bundan sonra o, 10 il əvvəl qətlə yetirilənlərin xatirəsini anmaq üçün sayğı duruşu təklif edib. Lakin ancaq “Çıxış” və “Əriklər ölkəsi” fraksiyasının üzvləri ayağa qalxıb. Mer Taron Markaryan başda olmaqla hakim partiyanın fraksiyası isə ayağa qalxmaqdan imtina edib. “Mən çox təəssüf edirəm ki, onlar həlak olanların xatirəsini qeyd etmədilər”-A.Simonyan deyib. Fraksiya üzvləri 1 martda baş verənlərə görə Robert Köçəryan və Serj Sərkisyanı ittiham ediblər.
Bundan sonra fraksiya üzvləri iclas zalını tərk ediblər. Erməni mediası yazır ki, hazırda onlar toplantını digər zaldan, monitordan izləyirlər.
Qeyd edək ki, 2008-ci ilin 1 martında S.Sərkisyanın hakimiyyəti zəbt etməsinə etiraz olaraq keçirilən aksiyalar zamanı 10 nümayişçi güllələnərək öldürülmüşdü.
Rubrika.Az
Facebook-da paylaş











