Muxtar Babayev nazirlikdə kadr islahatlarına start verdi - “Buranı sanki qocalar evinə çeviriblər”
![]()
Seçkilərdən sonra Prezidentin formalaşdırdığı yeni hökumət kabinetində portfelsiz qalan nazirlərdən biri də Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov oldu. Yeni təyin olunan Muxtar Babayevin qarşısında çox mühüm vəzifə və tapşırıqlar durur. Təbii ki, bütün bu vəzifələri həyata keçirmək üçün çevik və operativ işləyən komandaya ehtiyac var. Yeni nazir isə nazirliyi özünün təbii sərvəti sayan “köhnə qvardiya”dan can qurtarmazsa yeni ideyaları gerçəkləşdirmək heç də asan olmayacaq.
Muxtar müəllim artıq bu sahədə ilk addımlarını atmağa başlayıb. Toplantıların birində nazirliyin durumunu analiz edən M. Babayev “buranı sanki qocalar evinə çeviriblər” deyərək vəziyyəti kifayət qədər açıq və net şəkildə göstərib. Qocalara hörmət etmək hər kəsin borcudur, başımız, gözümüz üstə yerləri var. Amma, vəzifə kürsüsündə qocalanlar da gəncləri nəzərə almalıdırlar.
İllərlə eyni kürsünü zəbt edən, özünü toxunulmaz sanan məmurlar çox zaman yeniliyin, müasirliyin əleyhinə gedir, stereotiplərə daha çox üstünlük verirlər.
Rubrika.az xəbər verir ki, Muxtar Babayev artıq ciddi kadr islahatlarına start verib. İlk addım olaraq nazirliyin aparat rəhbəri, keçmiş nazirin ən yaxın adamı hesab olunan Rövşən Cəlilov öz vəzifəsini itirib. Yəqin ki, yaxın zamanlarda “qocalar evi”nin digər sakinləri üçün də yolun sonu görünəcək.
İnanırıq ki, aparılan islahatlar ümumi işin xeyrinə olacaq, illərlə yığılıb qalan problemlərin həllinə kömək edəcək. Bu çətin və məsuliyyətli işində Muxtar müəllimə uğurlar arzulayırıq !
Nicat Mahmudov
Rubrika.Az
Facebook-da paylaş









