Bakıda parklanma problemi və BNA-nın mətbuat katibi...
![]()
Yeni inşa edilən yaşayış, ictimai iaşə və xidmət obyektlərində parklanma yerlərinə dair yeni normaların müəyyən edilməsi ilə bağlı təkliflər hazırlanıb. Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. O deyib ki, dünya təcrübəsinə əsasən hazırlanan təkliflər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də təqdim edilib.
Vüsal Kərimlinin sözlərinə görə, inşa edilən binalarda parklanma yerlərinin olmaması şəhərdə xüsusən də, nəqliyyat axınında ciddi problemlər yaradır. Bu səbəbdən həm mərkəzi, həm də əsas yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranır.
BNA rəsmisinin bu açıqlamaları qarşıda bizi yaxşı işlər görüləcəyinə ümidləndirir. Əslində adıçəkilən qurumun hansı tədbirləri, addımları atacağı ilə bağlı planlarını elə özlərindən öyrənəcəkdik. Əgər BNA-nın mətbuat katibi Mais Ağayev zəngimizə cavab versəydi…
Təəssüf ki, dəfələrlə zəng etməyimizə baxmayaraq, mətbuatla işləməli olan Mais müəllim zəngimizi cavablandırmaq lütfündə bulunmadı. Bu isə məndə Vüsal Kərimlinin parklanma yerlərinə dair ciddi işlər görə biləcəyinə dair verdiyi vədlərə artıq indidən şübhə yaratdı.
Bir qurumun mətbuat katibi ki, medianın, jurnalistin dəfələrlə olan zənginə cavab vermirsə, o təşkilatın sədrinin verdiyi vədlərin icrasına dair mətbuat qarşısına çıxıb hesabat verəcəyi nə qədər inandırıcı ola bilər?
Bu suala cavab tapmaq o qədər də çətin deyil. Mətbuat katibi çalışdığı qurumu layiqincə təmsil edə bilmirsə ya həmin təşkilatda haradasa boşluqlar var, ya da sadəcə "Allah ümidinə” deyib işləyirlər. Fikrimiz hansısa quruma işini göstərmək, ona loru dildə desək, badalaq vurmaq deyil. Allah hər kəsin işini avand eləsin! Amma işi görəndə layiqincə işləməli və aldığın pulun haqqını verməlisən.
Hörmətli mətbuat katibi dəfələrlə etdiyimiz zənglərə cavab versəydi, indi bu cür tənqid yerinə, bəlkə də BNA ilə bağlı maraqlı informasiya və açıqlamalar olacaqdı.
Oxucularımıza Bakı şəhər İcra Hakimiyyətinin illərdir qaydaya sala bilmədiyi parklanma ilə bağlı BNA-nın qarşıya qoyduğu məqsədi və görəcəyi işlərlə bağlı maraqlı məlumatlar veriləcəkdi. Amma olmadı…
Bütün bunlara baxmayaraq, biz media olaraq Bakıda parklanma problemi ilə bağlı BNA-nın görəcəyi işləri, qarşıdakı planlarını dərc etməyə hazırıq. Cebhe.info
Rubrika.az
Facebook-da paylaş











