• 26 yaşlı “üzüb” batmayan manatımız...

    26 yaşlı “üzüb” batmayan manatımız...

    Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasının 26 ili tamam oldu

    Avqustun 15-də Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasının 26 ili tamam olub.

    RUBRİKA.AZ “Yeni Müsavat”a istinadla xatırladır ki, Azərbaycanda milli pul vahidinin yaradılmasının əsası o vaxtkı prezident Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanı ilə qoyulub. Nəticədə 1992-ci il avqustun 15-də 1, 10 və 250 manatlıq əsginaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginaslar, 1993-cü ilin martında isə 50, 100, 500 və 1 000 manatlıq əsginaslar dövriyyəyə buraxılıb.

    Azərbaycanın ilk pulları Fransa Mərkəzi Bankında hazırlanıb.1992-ci ilin avqustundan 1994-cü ilin yanvarına qədər Azərbaycan ərazisində 1 manat 10 rubla bərabər olub, yəni hər iki valyutadan istifadə edilib. Prezident Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” fərmanından sonra Azərbaycan rubl zonasından çıxıb. Bununla da Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb.

    Uzun illər Cənubi Qafqazın ən güclü və sabit valyutası olan Azərbaycan manatı 2015-ci il fevralın 21-də, 20 illik fasilədən sonra ilk kəskin məzənnə dəyişikliyinə məruz qalıb. Azərbaycan Mərkəzi Bankı milli valyutanın 34 faiz ucuzlaşdırılmasına qərar verib. Buna səbəb isə 1990-cı illərin sonundan manata dəyər qazandıran neftin dünya bazarında kəskin ucuzlaşması olub. Son nəticədə dolların rəsmi məzənnəsi 0,78 AZN-dən 1,05 AZN-ə qədər artırılıb.

    2015-ci il dekabrın 21-də isə Mərkəzi Bank vəziyyətdən çıxış yolu kimi manatı “üzən məzənnə” rejiminə keçirib. Bundan sonra ölkədə bir dolların rəsmi məzənnəsi 1,55 AZN-ə bərabər olub. Qısa zaman kəsiyində dollar bahalaşaraq 1,92 manata bərabər olsa da, sonradan azalaraq 1,7 AZN həddində qərarlaşıb.

    Sabiq baş nazir əvəzi, hazırda Milli Məclisin üzvü olan Əli Məsimlinin “Yeni Müsavat”a dediyinə görə, Azərbaycan hökuməti ciddi təhlildən sonra milli valyutasının hazırlanması işini Böyük Britaniya, Fransa və İran kimi 3 dövlət arasında seçim edib, Fransaya üstünlük verib: “Nəticədə Azərbaycan Respublikasının birinci pul vahidi- manatlar 1992-ci ildə Fransada çap edildi. Qəpiklər isə Azərbaycanın özündə istehsal olundu. Manatın dövriyyəyə buraxılması yeni müstəqil dövlətin əsas simvollarından biri olaraq ölkənin iqtisadi sərhədlərinin formalaşmasında və rubl məkanının inteqral tərkib hissəsi olmaqdan çıxmasında mühüm rol oynadı. Rusiya yetərincə rubl vermədiyindən, əhali aylarla maaş, pensiya və digər ödənişlərini ala bilmirdi... Rusiyanın xəbərdarlıq etmədən sovet rublundan rus rubluna keçməsi isə vəziyyəti daha da qəlizləşdirmişdi...Belə şəraitdə milli valyutanı sürətlə dövriyyəyə buraxıb, vəziyyti sahmanlamaq lazım idi. Manat dövriyyəyə buraxıldıqdan sonra maaş, pensiya və sairin vaxtında verilməsi işi sahmana salındı”.

    Deputatın sözlərinə görə, manat dövriyyəyə 1 manat: 10 rubl nisbətində buraxılsa da, ilk vaxtlar özünü bir müddət regional valyuta kimi göstərə bildi və xüsusən də sərhədyanı ticarət proseslərində alış-veriş zamanı hətta 1 manat: 17 rubl nisbətində dəyişdirilirdi: “Lakin manatın rublla paralel dövriyyədə olma müddəti nəzərdə tutulduğu müddətdən çox uzadıldığından rubl ətrafında gedən mənfi tendensiyalar avtomatik olaraq manata da keçməyə başladı. Dövriyyəyə buraxıldıqdan bir müddət sonra, xüsusən də hiperinflyasiya dövrünün 1994-cü illərdəki ən yüksək səviyyəsi zamanı manat xarici valyutalara nisbətdə sürətlə dəyər itirdi. Manat 1994-cü ildən yeganə ödəniş vasitəsi kimi fəaliyyət göstərməyə başladı. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən geri yığıldı”.

    Ə.Məsimli bildirir ki, denominasiyadan sonrakı illər neftin yenidən bahalaşması manatın məzənnəsinə də təsir edib və uzun müddət dollar 78 qəpik səviyyəsində qalıb: “Ancaq 2015-ci ildə baş verən iki devalvasiya manatı xeyli dəyərdən saldı. Son vaxtlar Azərbaycanın ticarət-iqtisadi əlaqələrində öndə gedən Türkiyənin və Rusiyanın milli valyutaları sürətlə dəyər itirməyə başlayıb. Dollara nisbətdə əksər milli valyutaların dəyər itirməyə başlaması manata da təzyiqi artırıb. Bununla belə, Azərbaycanın tədiyyə və xarici ticarət balansının müsbət saldolu olması və ölkəmizin yetərincə valyuta ehtiyatının olması manevr etmək və bu təzyiqləri azaltmaq imkanındadır. Amma nə qədər və hansı müddətə qədər?.. Mərkəzi Bank və digər aidiyyəti qurumlar bu sualın ətrafında ciddi araşdırmalar aparmalı, yaranmış vəziyyətdən sui-istifadə edilməsinin və süni ajotajlar yaradılmasının qarşısı operativ şəkildə və ən səmərəli üsullara alınmalı və beynəlxalq praktikada məlum olan iqtisadi qanunauyğunluqlara uyğun çevik siyasət həyata keçirilməlidir”.

    RUBRİKA.AZ


    Facebook-da paylaş