• 100 il öncə Bakı quduz yadellilərdən xilas edilməsəydi…


    100-110 il əvvəlin Bakısına dair tarixi, bədii, publisistik əsərlər oxuyanda adamı soyuq tər basır.

    Nə gündəymişik? Necə sahibsizmişik... Yiyəsiz, başıpozuq, əlacsız, Allah umuduna...

    Bir tərəfdə fəvvarə vuran neft quyularının hesabına əli milyonlarla oynayan bir dəstə harın neftxuda, o biri yanda quru çörək və suyla dolanan ac-yalavac insanlar...

    Bir tərəfdə Bakının ən yaxşı yerlərini zəbt etmiş, ən gəlirli iş sahələrini götürmüş, milyonlar qazanan, özlərini Bakının əsl sahibi kimi aparan erməni sahibkarlar, o tərəfdə onların saxladıqları “mauzerçilər” dəstəsi...

    Bu yanda öz başlarını, məhəllələrini birtəhər qoruyan bakılı qoçular, o yanda İrandan iş dalınca gəlmiş yazıq həmşərilər...
    Yuxarıda dövlət idarəçiliyində çalışan, bəy kefində yaşayan, pula pul deməyən ruslar, gürcülər, ermənilər, aşağıda onları yemləyən, aybaay xərac verən azərbaycanlılar...

    Gününü Peterburqda, Parisdə, Berlində eyş-işrətdə keçirən bakılı varlılar, neft quyularına düşən və iyli mayenin sorub dibə apardığı bərbəxt dartayçılar...

    Təmtəraqlı imarətlərdə yüngül əxlaqlı qadınları şampan şərabı doldurulmuş vannada çimizdirən varlı balaları, kasıb komalarda aclıqdan, səfalətdən xəstəliyə düçar olub can verən kasıb balaları...

    Bakıda dolanan milyardların cəzbedici iyinə Avropanın hər tərəfindən daraşıb gələn, burada hərəsi bir mövqeyə qonub kübar həyatı yaşayan əcnəbilər, onlara faytonçu, qarson, xidmətçi kimi qulluq göstərən yerlilər...

    Peterburq və Moskvadan sonra imperiyanın əsas inqilab ocağı kimi məşhur olan Bakıdakı inqilabçı təşkilatlarda fəallıq göstərən ruslar, yəhudilər, ermənilər, gürcülər, heç bir inqilabi təşkilata kütləvi şəkildə qoşulmayan, öz taleyinə sahib çıxa bilməyən müsəlman-türk fəhlələr, zəif müsəlman firqələri...

    Vəziyyətin tam olaraq bu cür olduğunu bilmək üçün Abdulla Şaiqin “Araz” romanını, Aleksandr Şirvanzadənin “Xaos”unu, Boris Akuninin “Qara Şəhər”ini, Manaf Süleymanovun “Eşitdiklərim, gördüklərim, oxuduqlarım”ını, Ordubadinin “Gizli Bakı”sını və onlarca başqa yazı və məqalələri oxumaq lazımdır.

    Bütün bunlara görəydi ki, yüz il əvvəl Bakının rəhbəri Stepan Şaumyanın başçılıq etdiyi kommunaydı. Bakının komendatı erməni Bağdasar Avakyan idi, hərbi süvari dəstəsinin komandiri Tatevos Əmiryan idi.

    Image result for 100 il öncə Bakı

    Azərbaycan türkləri parakəndə, erməniləri mütəşəkkil idilər. Bakı ikincilərin əlindəydi. Azlıq çoxluğun üzərində hakim idi və bu hakimiyyətin daimi olmayacağından qorxaraq çoxluğu qıra-qıra, varlı Bakıdan kasıb əyalətlərə qova-qova azlığa çevirmək istəyirdilər.

    Ona görə də çar mütləqiyyəti devrilən kimi Bakı daha mütəşəkkil qüvvələrin – ermənilərin və rusların əlinə keçmişdi.

    Azərbaycan türkləri öz vətənlərində hüquqsuz, məzlum duruma düşmüşdülər və kütləvi qətliamlara məruz qalırdılar.

    Sahibsiz millət yalnız parakəndə şəkildə, mərkəzdən uzaq kəndlərdə, İçərişəhərdə erməni birləşmələrinə müqavimət göstərə bilirdilər.

    1918-ci ildə Bakıda baş verənləri, törədilən qırğınları tam təfsilatı ilə incələsək, məlum olacaq ki, toqquşmalarda ölən ermənilərlə azərbaycanlıların sayı arasında azı on dəfə fərq var. Qırılanlar, evi yandırılanlar, küncə qısılmağa məcbur olanlar bizimkilər olub.

    Image result for nuru paşa

    Bax, Qafqaz İslam Ordusu, Nuri paşa belə bir gündə azərbaycanlıların imdadına yetişib.

    Gerisi təfərrüatdır. İndi sovet dövrünün iddia-ittihamlarını təkrar edənlər var: Türkiyədən gələn ordu işğalçı orduydu, gəlib ölkənin sərvətini yağmalayıblar, filan-bəsməkan.

    Boş-boş, cəfəng-cəfəng söhbətlərdir. Zatən, ölkənin, Bakının sərvəti rusların və ermənilərin əlindəydi, Osmanlı ordusu isə 5-6 azərbaycanlı milyonçuya gözün üstə qaşın var deməyib, əksinə minnətdar olublar ki, bu ordu onların həyatını, əmlakını xilas edib. Ən ümdəsi, qəhrəman türk əsgərləri yerli əhalini qətliamdan, labüd ölümdən, qırğından qurtarıblar, xeyli şəhid veriblər.

    Bizim 1-ci dünya müharibəsindən millət olaraq salamat çıxmağımız, o ağır dönəmdə dövlət qurmağımız türk əsgərlərinin tarixi xidməti hesabına olub. Yoxsa biz “dayan-doldurum” tipli tüfənglərlə, yaba ilə mütəşəkkil, tam silahlı ermənilərin qarşısında tab gətirə bilməyəcəkdik.

    Ona görə də o şanlı əsgərlərə əbədi minnət borcumuz var.

    Rubrika.Az


    Facebook-da paylaş