Nazirlər Kabinetindən mühüm qərar

Rəşad Həsənov: “Büdcə vəsaitlərinin xərclənməsi sahəsində hesabatlıq arta bilər”
Nazirlər Kabineti “Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması Qaydası”nı təsdiq edib.
Qaydaya əsasən büdcə təşkilatları özlərinin illik maliyyə fəaliyyəti haqqında, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyalardan birja, qeyri-birja və sair əməliyyatlarından əldə etdikləri gəlirləri açıqlamalıdılar. Onlar həmçinin əməkhaqqı xərcləri və dövlət sosial sığorta ayırmaları, maliyyə yardımları və sair transfer ödənişləri, sərf edilmiş materialların dəyəri, amortizasiya xərcləri, sair əməliyyat xərcləri, o cümlədən, əmlakın ləğv edilməsi və əvəzsiz verilməsi üzrə xərclərini də ictimailəşdirməlidilər. Dövlət adından yaradılan publik hüquqi şəxslər və büdcədənkənar dövlət fondları illik maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən tərtib etdikləri halda, onlar tərəfindən maliyyə fəaliyyəti haqqında məlumatlar, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyalar eyni qaydada açıqlanmalıdır.
Səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətləri illik maliyyə fəaliyyəti haqqında məlumatlar, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyalar qismində əsas əməliyyat gəlirləri - o cümlədən, dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirlər, sair əməliyyat gəlirləri - o cümlədən, dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirlər, fəaliyyətin dayandırılmasından yaranan gəlirlər, fövqəladə gəlirlər, maliyyə gəlirləri, bitməmiş istehsalat və hazır məhsul ehtiyatlarındakı artımlar (azalmalar), təşkilat tərəfindən yerinə yetirilmiş və kapitallaşdırılmış işlər barədə məlumatları açıqlamalıdırlar. Onlar eyni zamanda istifadə edilmiş material ehtiyatlar, işçi heyəti üzrə xərclərini, amortizasiya və digər əməliyyat xərclərini, sair əməliyyat xərclərini, fəaliyyətin dayandırılmasından yaranan xərclərini, maliyyə xərclərini, fövqəladə xərclərini, həmçinin asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) paya dair məlumatları ictimaiyyətə təqdim etməlidilər. Dövlət adından yaradılan publik hüquqi şəxslər və büdcədənkənar dövlət fondları illik maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib etdikləri halda, onlar da eyni məlumatları açıqlamalıdılar. Təşkilatlar illik maliyyə fəaliyyətləri, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyaları özlərinin internet informasiya ehtiyatlarında hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan gec olmayaraq açıqlamalıdırlar. Bu informasiyaya çıxış sərbəst və ödənişsiz olmalıdır. Açıqlanmış informasiyaya müraciət edilməsi zamanı istifadəçinin qeydiyyatdan keçməsi, istifadəçi barədə fərdi və digər məlumatların daxil edilməsi tələb edilməməlidir. Eyni zamanda internet informasiya ehtiyatlarında açıqlanan informasiya standart proqram təminatları vasitəsilə oxuna bilən, həmçinin mətnin istənilən fraqmentinin köçürülməsinə və axtarışına imkan verən fayl formatında olmalıdır.![]()
İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, Nazirlər Kabinetinin bu qərarı dövlət təşkilatlarının maliyyə fəaliyyətinə dair şəffaflığın yaradılması sahəsində müsbət addımdır: “Bu gün əsas problemlərdən biri ondan ibarətdir ki, Azərbaycanda dövlət vəsaitlərindən istifadə edilməsində və maliyyə-təsərrüfat fəaliyyətinin ictimailəşdirilməsində çox ciddi çətinliklər var. Məlumat əlçatanlığı xüsusilə region ölkələri ilə müqayisədə çox aşağı səviyyədədir. Baxmayaraq ki, qanunvericlik büdcə təşkilatları, dövlət qurumları qarşısında müəyyən öhdəliklər qoyur, bir çox hallarda bu öhdəliklərə əməl olunmur. Yəni qanunvericilik olsa da, onun icrasına nəzarət zəif olur. Bu baxımdan, dövlət vəsaitlərindən istifadə sahəsində şəffaflıq və hesabatlığın olması, maliyyə proseslərinə dair məlumatların açıqlığı kimi məsələlərdə Azərbaycan dünya ölkələri arasında kifayət qədər aşağı yerlərdə gəlir. Məsələn, Beynəlxalq Büdcə Əməkdaşlığı Təşkilatının hazırladığı Açıq Büdcə İndeksində Azərbaycan büdcə prosesində ictimai iştirakçılığa görə 100 baldan 11 balı ancaq toplaya bilib. Burada da rolu büdcə hesabatlığının zəifliyi, maliyyə hesabatlarının əlçatan olmaması kimi amillər mühüm rol oynayır. Düşünürəm ki, Nazirlər Kabinetinin son qərarı bu sahədə şəffaflığın yaradılması üçün konkret öhdəliklər müəyyənləşdirir.”
Ekspertin sözlərinə görə, maliyyə-təsərrüfat fəaliyyətinin şəffaflaşması, korrupsiya risklərinin azaldılması hesabatlılıqla sıx bağlıdır: “Burada söhbət dövlət vəsaitlərinin xərclənməsindən, idarə olunmasından gedir. Bu qərar gəlir və xərcləmələrə dair hansı məlumatların, hansı müddətdə və hansı formada açıqlanacağını dəqiq müəyyənləşdirir. Yəni məlumatlar bütün proqramlarda oxunması mümkün olan formada, kopyalamaq və yaddaşa köçürmək imkanı yaradılmaqla açıqlanmalıdır. Onlara giriş üçün istifadəçilərdən əlavə qeydiyyat tələb olunmamalıdır. Bu, çox vacib məqamdır. Çünki bir çox dövlət qurumları qanunmvericiliyin tələb etdiyi məlumatları məhdud və ikstifadəsi mümkün olmayan formada açıqlayırlar. Məsələn, tenderlərə dair məlumatların açıqlandığı İnternet resursunda yalnız tenderi keçirən, qalib gələn tərəflərin adları və məbləğ qeyd olunur. Elə bir formada ki, bir təşkilatın adını tapmaq üçün PDF formatında olan bütün siyahını bir-bir axtarmaq lazım gəlir. Bu baxımdan, Nazirlər Kabinetinin qərarı yaxın illərdə dövlət təşkilatlarının maliyyə fəaliyyətinin şəffaflaşması sahəsində müsbət dəyişikliyə gətirə bilər. Lakin bunun üçün həmin qərarın icrasına effektiv nəzarət təmin olunmalıdır. Çünki Azərbaycanda əsas problemlərdən biri də qanunvericiliyə əməl olunması sahəsindədir. Bir çox sahələrdə qanunvericilik təkmil olsa da, onun icrasının zəif olması ciddi problemlər yaradır. Buna görə də düşünürəm ki, yeni qərarın icrasına nəzarət də edilməlidir ki, real nəticələr əldə olunsun”.
Rubrika.Az
Facebook-da paylaş











