Dəm qazı can almaqda davam edir: nə edək?

Bir daha faciələrdən qaçmağın yolları barədə; mütəxəssisdən xəbərdarlıq: “Gecə qaz qızdırıcıları mütləq söndürülməlidir...”
2019-cu il başlayandan, demək olar ki, hər gün dəm qazından zəhərlənmə ilə bağlı xəbərlər alırıq. Ekspertlər və müvafiq qurumlar mətbuat, televiziya vasitəsilə ictimaiyyəti məlumatlandırsa da, insanlar qazla davranışlarında yenə də ehtiyatsızlığa yol verirlər.
Yanvarın 26-da Suraxanı rayonunda bir ana, üç övladının yaşadıqları mənzildə cansız bədənləri tapılıb. Məlum olub ki, 1990-ci il təvəllüdlü Cəfərova Elmira Fərhad qızı və üç övladı - 2015-ci il Əsgərli Əli, Əsgərli Fatimə və Əsgərli Zəhra dəm qazından boğulublar. Eyni gündə Xətai rayonunda da dəm qazından zəhərlənmə hadisəsi baş verib. Belə ki, 2-ci Zeytun küçəsi 285 nömrəli evdə yaşayan 1980-ci il təvəllüdlü Sadıqov Emin vanna otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Yanvarın 25-də Samux sakini dəm qazından zəhərlənib. Rayonun Alıuşağı kənd sakini, 1994-cü il təvəllüdlü Mehdiyeva Nuranə Müzadil qızı yaşadığı evin vanna otağında olan zaman dəm qazından zəhərlənib. O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir. Bakıda güclü küləyin müşahidə edildiyi 2 gün ərzində 16 nəfər dəm qazı zəhərlənməsi ilə bağlı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Şöbədən bildirib ki, onlardan 6 nəfəri hospilitizasiya olunub. Ümumilikdə yanvarın 1-dən 18-nə qədər 32 nəfər dəm qazı zəhərlənməsi ilə qeyd etdiyimiz şöbəyə müraciət edib. Küləkli keçən iki gün ərzində Sumqayıt şəhərində isə 11 nəfər dəm qazından zəhərlənib.
Göründüyü kimi, insanlar daha çox havaların küləkli keçdiyi günlərdə dəm qazından zəhərlənirlər. Ekspertlər tövsiyə edirlər ki, dəm qazından zəhərlənmənin qarşısını almaq üçün gecə saatlarında qazı söndürmək lazımdır. Çünki əksər hallarda tüstü bacaları lazımı səviyyədə təmizlənmir. Yaxud da vətəndaşlar tərəfindən qurulan qaz sobalarının tüstü bacaları standartlara uyğun şəkildə hazırlanmır.
Bu barədə “Yeni Müsavat”a danışan ekspert Nüsrət Qasımov bildirib ki, rezin, plastik borularla qaz çəkmək olmaz: “Havalandırma sisteminə də diqqət etmək lazımdır. Dəm qazının iyi var. Bu, sarımsaq iyinə oxşayır. Həmçinin dəm qazı gözü acışdırır. Hamam otağında digər təsirlərdən bunu hiss etməyə bilərsiniz. Ona görə də hamam otağının ölçülərinə də diqqət etmək lazımdır. Hamamın həcmi 7.5 kubmetr olmalıdır. Hündürlüyü 2.20 sm, qapısı da bayıra açılmalı və aşağısında deşiklər olmalıdır. Səbəb də xaricdən havanın daxil olaraq, yanma prosesinə kömək etməsidir. Havalandırma elə işləməlidir ki, 1 saatda 3 dəfə içərinin havası dəyişsin. Heç kim bu normativlərə fikir vermir. Eyni zamanda vətəndaş özü qaz sobasını qurmalı deyil. Bunu üçün də ustalar var. Qazla məşğul olan ustaların da lisenziyası olmalıdır ki, bu da yoxdur. Vətəndaş müvafiq standartları bilmədiyi üçün yanlışlığa yol verə bilər. Qazla yanlış davranış isə faciə ilə nəticələnir. Bundan əlavə, gecə yatan zaman da qızdırıcını mütləq söndürmək lazımdır. Çünki gecə saatlarında qaz kəsilə, yaxud bacadakı problem səbəbindən dəm qazı formasında evə dola bilər. Bunun da sonu bəllidir. Qazı yandırma qaydasına da diqqət etmək lazımdır. Öncə odu gətirmək lazımdır, sonra qazı açmaq gərəkdir. 1 kubmetr metan qazı yanan zaman 9 kubmetr hava lazım olur. Bu hava çatmayanda və ya çox olanda yanma prosesi pozulur. Bu zaman da karbon 4 oksid əvəzinə, karbon 2 oksid ayrılır və 7 dəqiqə ilə 30 dəqiqə arasında o mühitdə nəfəs alan insan zəhərlənir. Ona görə də, tüstü, boru ilə xaricə ötürülməli və bu boru da damdan 50 sm hündürə qalxmalıdır. Bu da su qızdırıcılarının gücündən asılı olaraq 100 mm-dən, 150 mm-ə qədər dəyişir”.
Bu gün bölgələrdə, Bakının kəndlərində yerləşən həyət evlərinin bir çoxunda “ceyran peçi” deyilən qaz sobalarından istifadə edilir. Mütəxəssislər bildirirlər ki, bu cür sobaları quran zaman mütləq baca da hazırlamaq lazımdır. Onların sözlərinə görə, baca kimi diametri böyük olan borulardan istifadə etmək mümkündür. Bunun üçün boru evdən 50 sm hündürə qalxmalıdır. Ən təhlükəsiz isə kombi sistemi qəbul edilir. Lakin sistemi qurmaq baha başa gəldiyi üçün hər kəsin kombi almağa imkanı çatmır.
Dəm qazından zəhərlənmənin səbəbləri sırasında bir neçə hallar durur. “Yeni Müsavat” olaraq onlardan bəzilərini təqdim edirik:
- suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması (duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtdir);
- soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması;
- standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi;
- sobanın qapağının vaxtında bağlanmaması;
- yanacağa yanma üçün lazımı miqdarda havanın daxil olmaması;
- tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi;
- sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması;
- sobada və borularda çatların və nasazlıqların olması;
- insanların yanğın ocaqlarında olması;
- qarajda avtomobilin işlək vəziyyətdə olması;
Dəm qazından zəhərlənən zaman ilk olaraq küt başağrısı, başgicəllənmə, gicgah nahiyəsində döyüntü hissiyyatı, təngnəfəslik, quru öskürək, gözdən yaş axma və müvazinətin itməsi kimi hallar baş verir ki, bunu da hiss etdiyiniz zaman dərhal otağı və ya olduğunuz yeri tərk etməlisiniz. Təcili olaraq zərərçəkmişə oksigenin verilməsini təmin etmək əsas şərtdir.
Rubrika.az
Facebook-da paylaş












