Bakıda məşhur ticarət mərkəzi yanır

10.33
Əməkdaşımız hadisə yerindən xəbər verir ki, “Diqlas” Ticarət Mərkəzində baş vermiş və hazırda davam edən güclü yanğınla bağlı bütün perimetr boyu təhlükəsizlik tədbirləri görülüb. Hadisə səbəbindən Qara Qarayev prospektinin metronun “Neftçilər” stansiyasından üzü “Xalqlar dostluğu” stansiyasına qədər olan hissəsi bağlıdır.
Həmin yoldan keçən marştut avtobuslarının istiqaməti dəyişdirilib, avtobuslar B.Çobanzadə küçəsinə yönəldilib. Hazırda FHN-nin vertolyotları da cəlb olunmaqla yanğınsöndürənlər güclü alovla mübarizə aparmaqdadır.
***
Bakının Nizami rayonu ərazisində yanğın hadisəsi baş verib.
Virtualaz.org bildirir ki, yanğın paytaxtın 8-ci kilometr adlanan ərazisindəki "Diqlas" Ticarət Mərkəzində qeydə alınıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri və Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub.
Virtualaz.org-un hadisə yerində olan əməkdaşları xəbər verirlər ki, alov şiddətlənərək 8-ci kilometr bazarındakı bir neçə obyekti də bürüyüb.
Bazara gedən yollar hər tərəfdən bağlanıb.
Polis əməkdaşları ticarət mərkəzini mühasirəyə alıblar və ticarətçilərə öz obyektlərinə yaxınlaşmağa icazə vermirlər.
Ticarətçilər ümidsizlik içərisindədirlər, onlardan bir çoxu bütün olub-qalanlarını itiriblər.
"Mənim 400 min manatlıq malım yanıb, amma məni də öz obyektimə yaxın buraxmırlar. Hətta bilmirəm, sonrası necə olacaq. Mən hər şeyi itirdim", - deyə virtualaz.org-un müxbirləri ilə söhbətdə ticarətçilərdən biri deyib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Rubrika.az
Facebook-da paylaş
















