Türkiyə ilə ABŞ arasında S-400 “savaşı” - GƏLİŞMƏ

“Əgər Türkiyə Rusiyadan S-400 ”Triumf" zenit-raket komplekslərini alsa, Amerika qanunlarının tələb etdiyi kimi sanksiyalara məruz qalacaq, nəticədə türk iqtisadiyyatı çökəcək".
Rubrika.az Virtualaz.org-a istinadla xəbər verir ki, belə xəbərdarlıq ABŞ senatorları Ceyms İnhofun (respublikaçı, Senatın silahlı qüvvələr üzrə Komitəsinin sədri), Cek Ridin (demokrat, həmin komitənin yüksək rütbəli üzvü), Com Rişin (respublikaçı, Senatın beynəlxalq məsələlər Komitəsinin sədri) və Bob Menendesin (həmin komitənin yüksək rütbəli üzvü) “The New York Times” qəzetində dərc edilmiş birgə məqaləsində yer alır. Məqalədə deyilir ki, ilin sonuna qədər Türkiyənin ya 5-ci nəsil F-35 qırıcıları, ya da S-400 Rusiya zenit-raket kompleksləri olacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın edəcəyi bu seçimin Türkiyə üçün, onun dünyadakı yeri və ABŞ-la münasibətləri üçün nəhəng nəticələri olacaq. Senatorlar yazıblar ki, F-35 qırıcılarının yaradılması dünyada beşinci nəsil qırıcılara dair ən iri proqramdır. Türkiyə də daxil olmaqla, ondan artıq xarici tərəfdaş, habelə alıcılar bu proqrama trilyon dollardan çox vəsait qoyublar. ABŞ və müttəfiqlərinin səmada hərbi üstünlüyünü qoruması bu proqramdan asılı olacaq. Məqalədə xatırladıldığı kimi, 2017-ci ilin iyulunda Türkiyə Rusiyadan S-400 komplekslərini alacağını elan edib. Bu, hazırda Rusiyada istehsal olunan ən qabaqcıl sistemdir və “stels” texnologiyasının tətbiq edildiyi təyyarələrə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulub. Ruslar həmin sistemi ona görə yaradıblar ki, F-35 qırıcılarını vursunlar. “Türkiyənin S-400 sistemlərini alması onun NATO qarşısında öhdəlikləri ilə bir araya sığmır.
Bu üzdən Türkiyə hərbi texnikası ilə müttəfiqlərin hərbi texnikası arasında əməliyyat uyğunsuzluğu meydana çıxacaq. S-400 sistemlərinin alınması qəbuledilməz risk yaradır, çünki həmin kompleksin radarları ruslara imkan verəcək ki, F-35 qırıcılarının sirlərini əldə etsinlər. Belə təhdid üzündən ötən həftə Pentaqon F-35 qırıcıları ilə bağlı bəzi işləri dayandırmalı olub” - senatorlar yazıb. Məqalədə deyilir ki, Birləşmiş Ştatlar 2012-ci ildən bəri Türkiyəyə alternativ variant kimi “Petriot” zenit-raket kompleksləri təklif edir. Lakin Türkiyə bu təklifi rədd edir. S-400 kompleksləri bu ilin iyul ayında Türkiyəyə çatdırılmalıdır, F-35 qırıcıları isə noyabrda Türkiyəyə təhvil verilməlidir. Ona görə də ABŞ senatorları Ərdoğanı seçim etməyə çağırır. “Biz hələ də ümid edirik ki, o, Türkiyə səmasını ”Petriot"la müdafiə edəcək və F-35 qırıcıları proqramını xilas edəcək" - məqalə müəllifləri bildirir. Senatorlar daha sonra bildiriblər ki, əgər Ərdoğan belə seçim etməsə və S-400 komplekslərini alsa, Türkiyə sanksiyalara məruz qalacaq. Çünki Amerikanın rəqiblərinə qarşı sanksiyalarla təsir haqda qanun bunu tələb edir. “Sanksiyalar türk iqtisadiyyatına güclü zərbə olacaq və dünya bazarında çaxnaşma yaradacaq, xarici investorlar birbaşa investisiyalarını geri çəkəcəklər və Türkiyənin aviakosmik, müdafiə sənayesi ciddi zərər görəcək” - məqalədə xəbərdarlıq edilir. Senatorlar habelə bildirirlər ki, bundan sonra bir ədəd də olsun F-35 qırıcısı Türkiyə torpaqlarına enməyəcək. Türkiyə habelə bu təyyarələr üçün detalları istehsal edə bilməyəcək, türk şirkətləri F-35 proqramından çıxarılacaq. “Biz belə sanksiyaların tətbiq edilməsi üçün bütün zəruri qanunvericilik addımlarının atılmasında tam qətiyyətliyik. Türkiyə F-35 proqramında mühüm partnyordur, amma əvəzedilməz deyil”, - məqalədə deyilir.
Senatorların fikrincə, F-35 qırıcılarından imtina Ankara üçün acınacaqlı nəticələr doğuracaq. Türkiyə bu proqrama indiyədək 1.25 milyard dollar yatırıb və həmin pullar batacaq. Türkiyə nəzərdə tutduğu 100 ədəd F-35 qırıcısını ala bilməyəcək və daha az müasir və effektivliyi aşağı olan qırıcılarla kifayətlənəcək. Hansı ki, bu qırıcılar ancaq bir neçə il sonra Türkiyənin əlində ola bilər. F-35 qırıcıları üçün detallar hazırlayan türk şirkətləri sifarişlərini itirəcəklər, bu qırıcıların təmiri, texniki xidməti və mühərriklərinin modernizasiyası Avropa ölkələrində həyata keçiriləcək. Ərdoğanın hərbi sənayeni iqtisadi artımın başlıca amilinə çevirmək planları boşa çıxacaq. “Biz türk dostlarımıza ziyan vurmaq istəmirik. Suriyada, Qara dənizdə, terrorçuluqla mübarizədə və digər məsələlərdə Türkiyə-Amerika tərəfdaşlığının möhkəmləndirilməsini istəyirik. Biz, sadəcə olaraq, F-35 qırıcıları proqramını və NATO blokunun potensialını, o cümlədən onun Türkiyə kimi üzvlərini müdafiə etmək istəyirik” - senatorlar yazıb.
Məqalənin dərc olunduğu gün Moskvada danışıqları başa vurub Ankaraya qayıdan Türkiyə prezidenti jurnalistlərə deyib ki, S-400 kompleksləri ilə bağlı məsələ bitib. “Haraya getsək hamı S-400 komplekslərini soruşur. Bizlər də deyirik ki, bu öz işimizdir, hər şey tamamdır və bu iş bitib. S-400 komplekslərinin iyulda təhvil verilməsi nəzərdə tutulurdu, amma ola bilsin daha tez verildi. Amerika tərəfindən davamlı bizi təhrik edirlər, NATO-nun belə yanaşması yoxdur” - Ərdoğan deyib.
Bu arada məlum olub ki, ABŞ prezidenti Donald Tramp Türkiyəyə səfər etməyi planlaşdırır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “NTV” televiziyasına müsahibəsində deyib. O qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı D.Tramp arasında telefon danışqları olur: “Qarşılıqlı səfərlərə gəlincə, Donald Tramp Türkiyəyə səfər etmək istədiyini bildirib. Bununla bağlı ABŞ prezidenti milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona səfərin tarixini müəyyənləşdirməyi tapşırıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-a səfər edə bilər. İki dövlət arasında yanlış anlaşılmaların aradan qaldırılması və müsbət şəraitin yaradılması baxımından belə ziyarətlərin əhəmiyyətli olduğunu düşünürük”.(“Report”)
Türkiyə prezidenti rusiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında “biz heç kimə bizim suverenliyimiz üzərində işləməyə imkan verməyəcəyik, çünki əks halda biz müstəqil dövlət, müstəqil xalq olmazdıq” - deyib.
Rusiya baş nazirinin müavini Yuri Borisov da bu günlərdə bildirib ki, Türkiyə S-400 sazişi ilə bağlı öhdəliklərini yerinə yetirib, müqavilənin pozulma riski yoxdur.
“Yeni Şəfəq” qəzeti isə S-400 zenit raket komplekslərinin bəzi detal və avadanlıqlarının Türkiyəyə artıq təhvil verildiyini yazıb. Amerikalı senatorlar isə iddia edir ki, Türkiyə S-400 Rusiya zenit raket komplekslərini əldə edərsə, onda Ankaraya qarşı sanksiyalar daxil ediləcək.
Aprelin 3-də ABŞ-ın vitse-prezident Maykl Pens Türkiyəni NATO və S-400 arasında seçim etməyə çağırmışdı. Lakin Trampın səfəri ilə bağlı anons yumşalmanın baş verdiyindən xəbər verir. Digər məlumata görə, Rusiyanın S-400 zenit-raket kompleksləri əvvəlcədən planlaşdırılmış vaxtdan daha tez - iyuladək Türkiyəyə gətirilə bilər. Bunu prezident Ərdoğan da Moskvadan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında demişdi. “Türkiyə tam suveren dövlətdir və biz S-400-lərlə bağlı hüququmuzu heç kəslə bölüşməyəcəyik", - deyə Ərdoğan vurğulayıb.
“Ankara dəfələrlə ABŞ-a və digər tərəfdaşlarına Rusiya ilə S-400 zenit-raket sistemlərinin alınmasına dair razılaşmanın ləğv olunmasının mümkün olmadığını bildirib”.
Bunu isə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu qeyd edib ki, Türkiyə artıq S-400 sistemlərini alıb: “Türkiyə S-400 sistemlərini almağa məcbur idi, çünki analoji sistemləri müttəfiqlərindən ala bilməyib”. Çavuşoğlunun fikrincə, ABŞ-ın “Patriot” sistemlərinin tədarükü məsələsində inkişafa nail olmaq üçün ABŞ Konqresinin razılığı olmalıdır.
Prezident Ərdoğan bəyan edib ki, bundan öncə bağlanmış kontraktda nəzərdə tutulduğuna əks olaraq, ABŞ höküməti Türkiyəyə F-35 qırıcı təyyarələrini verməkdən imtina etsə, Ankara beynəlxalq arbitraja şikayət edəcək. “Beynəlxalq məhkəməyə gedərik. Alternativsiz bir dünyada yaşamadığımız unudulmamalıdır”- Ərdoğan deyib.
Qeyd edək ki, Türkiyə 2017-ci ilin sentyabrında Rusiya ilə S-400 raketlərinə dair müqavilə imzalayıb. Türkiyə Rusiyadan bu kompleksləri alan ilk NATO dövləti olacaq.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, onun fikrincə, son anda ABŞ geri addım atacaq: “Çünki nə qədər hədələsələr də ”ya biz, ya Rusiya", yaxud “ya NATO, ya S-400 raketləri”, anlaşılan budur ki, Türkiyə kimi böyük dövləti NATO üzvlüyündən çıxarmaq heç kimin faydasına deyil. Yəqin bunu ABŞ-da da, Avropada da anlayırlar. Avropa Türkiyənin S-400 raketlərini almasına görə çox etiraz bildirmir, əsas Amerikadır. Fikrimcə, bir azdan bu təzyiq səngiyəcək. Çünki S-400 raketləri ABŞ-a heç bir təhlükə yaratmır. Bəlkə də bir müddət keçəcək, hətta F-35 təyyarələri ilə bağlı da anlaşma olacaq".
E.Şahinoğlu qeyd etdi ki, ABŞ-ın indiki prezidenti ticarətçidir, harada gəlir varsa, ora ilə əməkdaşlıq etmək istəyir: “Türkiyə isə F-35-lərin müqabilində ABŞ-a qazanc gətirəcəkdi. Hətta mümkündür ki, ortam yumşalandan, bir müddət keçəndən sonra Trampın Türkiyəyə səfəri də reallaşsın. Necə ki, Obama vaxtilə Türkiyəyə səfər etmişdi. Bu mənada güman edirəm ki, Türkiyə S-400 raketlərini alıb ərazisində yerləşdirəcək, ortam yumşalacaq. Vaxtilə NATO ölkəsi olan Yunanıstan da Rusiyadan S-300 raketləri almışdı. Onu ki, NATO-dan çıxartmadılar, ABŞ Afinaya təzyiq etmir. Düşünürəm ki, eyni proses Türkiyə ilə bağlı da baş verəcək. Digər tərəfdən, NATO baş katibi Yens Stoltenberq də bu yaxınlarda demişdi ki, Türkiyə NATO üçün vacib dövlətdir”.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın “Patriot” sistemlərini verməkdən imtina edəcəyi təqdirdə Ankaranın S-400 raketlərini almaqda davam edəcəyini bildirmişdi.
Rubrika.az
Facebook-da paylaş














