Məhkəmə qərarı 5 ildir icra olunmur

Vətəndaş icra məmurunu ittiham edir, qarşı tərəf isə şikayətçini günahlandırır
Qaradağ rayon sakini Şəlalə Əliyeva redaksiyamıza müraciət edərək, şikayətlənib. Şikayətçi qeyd edib ki, 2014-cü ildə Qaradağ Rayon Məhkəməsi onun xeyrinə qərar qəbul etsə də, artıq 5 ildir ki, icra nümayəndəsi bu qərarı icra etməkdən yayınır:
“2014-cü ildə Elton Əliyev adlı tanıdığım şəxs məndən 1500 manat borc pul götürmüşdü. Qısa zamanda borcunu qaytaracağını desə də, vədini yerinə yetirmədi. Dəfələrlə pulun geri qaytarılmasını tələb etsəm də bunun heç bir əhəmiyyəti olmadı və mən məcburən hüquq mühafizə orqanlarına müraciət etdim. Məsələ ilə bağlı 29 avqust 2014-cü il tarixində Qaradağ Rayon Məhkəməsində işə baxıldı və məhkəmənin qərarı ilə qarşı tərəf tez bir zamanda 1500 manat borcu mənə qaytarmalı idi.
Artıq məhkəmə qərarından 5 il ötməsinə baxmayaraq Qaradağ rayon İcra və probasiya şöbəsinin əməkdaşı, icraçı Nazim Qasımov məsələyə biganə yanaşır. Borcun ödənilməsi ilə bağlı həm quruma, həm də icraçının özünə müraciət etsəm də, mənə ya sərt cavab verilib, ya da ki, “hara istəyirsən müraciət et” cavabı verilib. Bu günə qədər mənə olan borcdan bir qərik də olsun ala bilməmişəm".
Şikayətçi qeyd edib ki, 5 ildir ala bilmədiyi borcu ilə bağlı bir neçə aidiyyəti qurumlara da müraciət etsə də, nəticə olmayıb: “Bundan əvvəl Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə və digər qurumlara müraciət etsəm də, sonda şikayətim yenidən Qaradağ rayon İcra və probasiya İdarəsinə yönləndirilib. Yenidən mənə verilən cavab eyni olub. Aidiyyəti qurumlardan, hüquq mühafizə orqanlarından xahiş edirəm, dövlətimizin məhkəməsinin çıxardığı qərara əməl olunması üçün mənə köməklik göstərilsin. Mən yalnız qərarın yerinə yetirilməsini istəyirəm. İcraçı Nazim Qafarovun məhkəmə qərarının icrasından hansı səbəbdən yayındığını hələ də anlaya bilmirəm”.
Məsələyə aydınlıq gətirmək üçün “Yeni Müsavat”ın əməkdaşı kimi Qaradağ rayon İcra və Probasiya Şöbəsinin əməkdaşı, icraçı Nazim Qafarovla əlaqə saxladıq. Qarşı tərəfin ünvanladığımız sualı sona qədər dinləmədən, aqressiv şəkildə verdiyi cavab bu cür oldu:
“Siz birbaşa mənə zəng edə bilməzsiniz. Bunun üçün mətbuat xidmətimiz və nazirliyimiz var. İkinci bir tərəfdən Şəlalə Hacıyevanın işi məndə yoxdur. Üçüncü də məndə olan son məlumata görə qarşı tərəf qəşəng şəkildə axtarışdadır. Şəlalə Hacıyeva ora-bura, redaksiyaya şikayət etməkdənsə, zəhmət çəksin polisə desin, polis həmin şəxsi tutub bura gətirsin, icraçı da işi ilə məşğul olsun”.
Rubrika.Az
Facebook-da paylaş











