Müstəntiqə rüşvət təklif edən şirkət rəhbərinin qəribə hərəkətləri - qəfildən huşu gedir və...

Vətəndaşlara ipoteka ilə ev almağa kömək edəcəyini vəd edib, daha sonra onları aldatmaqda ittiham edilən şirkət rəhbəri növbəti dəfə hakim qarşısına çıxarılıb.
Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən 1984-cü il təvəllüdlü İsmayılov Aydın Cəlal oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, təqsirləndirilən Aydın İsmayılov aclıq aksiyası keçirir.
Amma məhkəmə buna inanmayıb. Belə ki, Aydın İsmayılov səhhətinin yaxşı olmadığını deyərək məhkəməyə gəlmək istəməyib. Hakim bildirib ki, müayinə edilən zaman onun səhhətində heç bir problem olmadığı məlum olub. Məhkəməyə gətirilən Aydın İsmayılov daha sonra da məhkəmə zalına gəlmək istəməyib. Konvoy əməkdaşlarına bildirib ki, əgər onu zala aparmaq istəyirlərsə, qollarında aparmalıdırlar. Konvoy əməkdaşları onun qollarından tutaraq məhkəmə zalına gətirib.
Maraqlıdır ki, Aydın İsmayılov özünü tam halsız şəkildə aparıb və başını çiyninə doğru əyərək stulda oturub. Stuldan aşmasın deyə konvoy əməkdaşları onu saxlayıb. Guya huşunu itirib sonradan yenidən özünə gəlir.
Amma bir neçə dəqiqə sonra Aydın İsmayılov özünə "gəlib" və danışıb.
Hakim Aydın İsmayılova xəbərdarlıq edib ki, bu hərəkətlər çıxış yolu deyil. Hakim təqsirləndirilən şəxsdən ifadə verməyi, doğruları məhkəməyə danışmağı təklif edib.
Bu zaman Aydın İsmayılov ayağa qalxaraq danışmağa başlayıb. O, işi araşdıran müstəntiqin dindirilməsini istəyib.
Hakim isə müstəntiqin dindirilməsi üçün heç bir əsas olmadığını deyib.
Sərbəst ifadə vermək təklif olunan Aydın İsmayılov danışmaq istədiyini deyib, amma məhkəmədən vaxt istəyib.
Məhkəmə zalında olan zərərçəkmişlər isə Aydın İsmayılova "artist" deyərək ona etiraz ediblər. Onlar bildiriblər ki, A.İsmayılov məhkəmə prosesinin uzanması üçün hər şey edir.
Hakim ifadə verməyə hazırlaşmaq üçün A.İsmayılova vaxt verib.
Prosesin davamında şahid qismində Elgün Əliyev ifadə verib.
O, "Bank Respublika"nın əməkdaşı olduğunu deyib, bildirib ki, Aydın Ismayılov banka gələn müştəri kimi tanıyıb. Onun dediyinə görə, Aydın Ismayılov banka depozit yerləşdirmək üçün müraciət edib.
Zərərçəkmiş Xanlar Əliyev də 10 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyini söyləyib:
"Ev almaq üçün verdik. Amma başımıza oyun açdı. İndi tələb edirəm ki, pulu ödəsin. Bizi elə ədəb-ərkanla qarşılayıb, etibarımızı qazandı ki, biz də inandıq".
Aydın İsmayılov məhkəmə iclasında bildirib ki, istintaq dövründə heç bir yerə qaçmayıb:
"Mən korrupsiya idarəsinə görüşə getmişəm. Müstəntiqlə də görüşmüşəm. Videogörüntülərlə tələb edirəm, amma vermirlər. Həmçinin polis müstəntiqi ilə də görüşdüm. Özüm polisə rüşvət təklif elədim ki, pul alıb, bu işi bağlasın. Amma bunu sübut edə bilmirəm. Lakin videogörüntülər var. Mən necə axtarışa verilmişəm, hara qaçmışam?".
Bildirək ki, A.İsmayılov sonuncu dəfə həbs edilənə qədər "SN qrup" MMC-nin direktoru olub.
İttihama görə, Aydın İsmayılov öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə 2018-ci ilin iyul-avqust aylarında feysbuk sosial şəbəkəsində elan verməklə ev və torpaq sahəsi almaq istəyən şəxslərə rəhbəri olduğu MMC tərəfindən güzəştli kredit veriləcəyini bildirib.
Həmin elanla əlaqədar ona müraciət edən ayrı-ayrı şəxsləri cəmiyyətin ofisinə dəvət edərək, onlara şəxsiyyət vəsiqəsi ilə az miqdarda ödəniş qarşılığında sərfəli faizlə ipoteka krediti verəcəyini yalandan bildirib. Bu yolla həmin şəxsləri aldadaraq, bankda yerləşən şəxsi hesabına ümumilikdə 97 min manat məbləğində pulun köçürülməsinə nail olub. Lakin verdiyi vədə əməl etməyib.
Təqsirləndirilən Aydın İsmayılov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) və 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham edilir.
O daha əvvəl də dələduzluğa görə həbs cəzası alıb. 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Aydın İsmayılov vaxtından əvvəl, 2017-ci ildə azadlığa çıxıb.
Rubrika.Az
Facebook-da paylaş













