“Nə maşın, nə ev, nə də vəzifəyə görə...” – Zümrüd Qasımova sirləri açdı

Tanınmış aktrisa-aparıcı Zümrüd Qasımova musavat.com saytının suallarını cavablayıb. Aktrisa ilə yeni açdığı incəsənət mərkəzindən, “Maşın” şoudakı iştirakından və aparıcılıq fəaliyyətindən danışdıq:
- Zümrüd xanım, yeni incəsənət mərkəzi açmısınız. Biznes fəaliyyətiniz necə gedir?
- Bəli, modelyer-dizayner Elnarə Bəkirova ilə birlikdə yeni məkan açmışıq. Oraya xalq artistləri də cəlb edilib. “Şərifzadə Art Center” adlı incəsənət mərkəzində bir çox sahələrdə dərslər keçilir. 20 müəllimimiz var.
- ARB kanalında yayımlanan “Gəlin danışaq” verilişiniz çox maraqlı idi. Yenidən aparıcı kimi fəaliyyətə başlamaq fikriniz varmı?
- Sizcə hazırda elə verilişlər lazımdır? Yəqin ki, lazım olsaydı, efirdə olardı.
- Verilişdə məşhurların səmimi etirafları diqqət çəkirdi. Xəbər portallarında və sosial şəbəkələrdə həmin etiraflar günlərlə müzakirə olunurdu .
- Sevinirəm ki, onları edə bilmişəm. O veriliş kanala lazım olsaydı, davam edərdi. Deməli lazım olmadı ki, veriliş bağlandı. Yəqin, belə məsləhətdir. Mən heç vaxt heç kimin qapısını döyüb, “mənə iş ver” deyən deyiləm. Bu hazırda məni maraqlandırmır. Daha böyük işlər görmək istəyirəm, məqsədlərim böyükdür. Hazırda ən önəmli məqsədim teatrdır. Orada çox gözəl işlərim var. Yeni tamaşalarım var.
- “Maşın” şouda tanış olduğunuz Suna Kasımoğlu ilə birlikdə veriliş aparacağınızı demişdiniz.
- Suna xanımla “Maşın” şouda dost münasibətimiz yarandı. Mənə sosial şəbəkədə deyirdilər ki, “Suna xanım “Maşın” şoudan çıxdıqdan sonra sizi heç yada da salmayacaq”. Amma Suna xanım şou bitər-bitməz bizim mərkəzimizə gəldi. Bizimlə bərabər oldu. Çox mərd xanımdır.
- Sizi evinə qonaq dəvət edib?
- Bir neçə dəfə məni evinə dəvət edib. Amma dedim ki, hələ ki, “Maşın şou”ya görə yorulub. Bir az istirahət etsin, mütləq evinə gedəcəyəm. Oyuna gedəndə fikirləşirik ki, oyun həyatdır. Oyundan sonra həyat yoxdur. Amma mən də Suna xanım da dedik ki, oyundan başqa həyatımız var. İnanırsınız ki, şouya avtomobil üçün getməmişdim. Sadəcə oyunda iştirak etmək istəyirdim. Sunanı qazandığıma görə çox sevinirəm. Heç kim ilə qruplaşmada olmadan heç kimə söz aparıb-gətirmədən alın təri ilə maşını qazandı. Halal xoşu olsun.
- Siz finala kiminlə qalmaq istəyərdiniz?
- Suna xanım ilə qalmaq istəyərdim. Ona uduzardım, amma bilərdim ki, dost əli ilə oyundan çıxdım. Əslində, mən finala qala bilməzdim. Çünki mənim bədənimdə, sümüklərimdə problem var. Sümüklərim çox zəifdir. Hətta orada saatlarla əlllərimizi maşının üstünə qoyub dayanandan sonra iki həftə özümə gələ bilmədim. Çox zəif idim. Bədənim yorğun idi. Bilirdim ki, üçlüyə qala bilməyəcəyəm. Ona görə də oyuna gözəl getdim, gözəl də gəldim.
- Oyunda Fatma Mahmudova ilə problem yaşadınız. Oyundan sonra münasibətiniz düzəldi?
- Mən onunla sənətkarımız kimi salamlaşırdım. Amma heç vaxt yaxın münasibətimiz olmayıb. Şoudan sonra da düşünmürəm ki, Fatma xanımla hansısa münasibətim ola bilər. Heç vaxt. Allah canını sağ eləsin. Mən elə bir insanam ki, dostluqda canımı verə bilərəm.
-Fatma xanımın şouda xoşa gəlməz ifadələr işlətdiyi deyildi. Bu nə dərəcədə doğru idi?
- Eşitdiyimə görə, mən verilişdən uduzub çıxanda Fatma xanım hamıya zəng edib ki, deyirmiş ki, “Allah böyükdür, gördünüz uduzdu”. Onun məni bu dərəcədə sevmədiyini bilmirdim. Yenə də sağ olsun. Zümrüdü hər kəs sevdi.
- Tanınmışlara qarşı bir aqressiya var. Amma siz şouda olanda sosial şəbəkədə sizə böyük dəstək var idi.
- Çox sağ olsunlar. Məni tamaşaçılarıma televiziya sevdirdi. Bəlkə də çox adam məni aktrisa kimi tanımır. Halbuki 19 ildir ki, teatrda işləyirəm. Əsl iş yerim teatrdır. Ona görə minnətdaram ki, məni sevirlər. Çünki bu günə qədər insanları qıcıqlandıra biləcək heç nə etməmişəm, etmərəm də. Bu sevgini qazanmışamsa çox xoşbəxtəm. Nə maşın, nə ev, nə də vəzifəyə görə mən onu itirmək istəmərəm.
- Adətən yaşlı nəslin nümayəndəsi gənclə mübahisə edəndə həmişə gəncin üzərinə düşürlər.
- Şouda Fatma xanım yalnız mənə qarşı deyildi. Orada hər kəsə qarşı elə münasibət göstərirdi. Ona görə sonunda maşından əlini götürüb getdi. Ona qarşı hamı aqressiv idi. Türkan Vəlizadə ilə də çox pis davaları oldu. Türkan üçün təcili yardım gəldi. Şouda ona görə gərgin anlar çox idi. Mən xoşbəxtəm ki, hər kəslə gözəl münasibətim var. Mən 16 nəfər dost qazandım.
- “Maşın şou”dan bir daha təklif gəlsə, gedərsinizmi?
- Bilımirəm. Bəlkə də, dəvət etməzlər. Çünki çox da maraqlı oyunçu deyiləm. Halbuki Murad Dadaşov dedi ki, “oyunun boz kardinalı mənəm”. Fikirlərinə görə çox sağ olsun. Mən idarə etməyi sevirəm, amma düzgün idarə etməyi.
- Amma bunu oyunda göstərmirdiniz?
- Arif insanlar görürlər. Bunu Murad Dadaşov hiss edib.
Rubrika.Az
Facebook-da paylaş











