Orqan alverində suçlanan Xudadatovun işi yekunlaşır - prokuror cəza istəyəcək

Orqan alveri ilə məşğul olmaq da ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.
Rubrika.Az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında məhkəmə istintaqının başa çatdığı elan edilib.
Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib. Noyabrın 22-də prokuror təqsirləndirilən şəxsə cəza istəyəcək.
Xudadatov məhkəmədəki ifadəsində övladının böyrək əməliyyatından sonra bu problemdən əziyyət çəkən şəxslərə vasitəçilik etdiyini deyib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.
Ona qarşı Cinayət Məcəlləsinin 137-ci (insan orqanları və ya toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1-ci (insan alveri), 178 (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittihamlar verilib.
Rubrika.Az
Facebook-da paylaş










