Prezidentin pul ayırdığı stadion sökülür - Yerində bunlar inşa olunacaq - Foto
![]()
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun təmirinə başlanılıb.
Rubrika.Az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqının İcraiyyə Komitəsinin üzvü, idman jurnalisti Anar Xanlarov məlumat yayıb. O, bildirib ki, stadion üstü örtülü olacaq və ot örtüyü Hollandiyadan gətiriləcək:
"Ögey ana" filmində kolxoz sədri Hüseyn dayı ağacların kəsilib kəndə yol çəkiliyi epizodda deyir ki, həm heyfim gəlir, həm də sevinirəm. Heyfim gəlir ona görə ki uşaqlıqdan bu ağaclara öyrənmişəm. Sevinirəm ona görə ki, yol adamı aydınlığa çıxardır. İndi biz də “Mehdi Hüseynzadə”nin bu durumuna ona görə heyifsilənirik ki, uşaqlığımız burada keçib, sökülən bu tribunalar, bu qaçış zolağı, bu qazon bizə çox doğmadır, burada gözəl günlərimiz olub. Sevinirik ona görə ki, sökülən bu məkanda 1 ildən sonra möhtəşəm bir stadion olacaq. Sumqayıtlılar üçün bundan gözəl futbol bayramı ola bilməz”.
O stadionun necə olacağı ilə bağlı əldə etdiyi bilgiləri də paylaşıb:
“Bu arada layihə haqda bəzi məlumatları da verim ki, yeni stadion üstü örtülü olacaq. Ot örtüyü bildiyim qədəri ilə Hollandiyadan sifariş olunacaq ən mükəmməl örtük olacaq. Qaçış zolağı ləğv olunacaq və genişlənmiş ərazidə üstü örtülü iki ehtiyat meydança da tikiləcək. Həmçinin, otelin tikintisi də nəzərdə tutulub. Stadionun tutumuna gəlincə, ilkin olaraq 16 min deyilir, amma mən bu gün öyrəndim ki, inşaatın gedişindən asılı olaraq ola bilsin ki, tutum 18 minə yaxın olsun".
Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 21-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalamışdı. Sərəncamla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılmışdı.
Rubrika.Az
Facebook-da paylaş












