• “Qum uşaqları” ilə kərimovçu qaragüruh Rauf Arifoğludan nə istəyir - İran agenturası və Kərimli cəbhəsi təşvişdə...

    “Qum uşaqları” ilə kərimovçu qaragüruh Rauf Arifoğludan nə istəyir - İran agenturası və Kərimli cəbhəsi təşvişdə...

    Sanki seçkilər təkcə 35 saylı Xətai 3-cü Seçki Dairəsində keçirilir. Bütün diqqətlər bu dairəyə yönəlib. Daha doğrusu, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun namizədliyinə. Əksəriyyət kimi, mən də o qənaətdəyəm ki, R.Arifoğlu deputatlığa namizədliyini, məsələn, Daşkəsəndən də versəydi, qaragüruh onu yenə hədəf seçəcəkdi.

    Məqsəd aydındı: ölkə daxilindən və xaricindən idarə olunan qaragüruh vasitəsilə Rauf Arifoğlunu yıpratmağa çalışmaq, seçki kampaniyasına mane olmaq, diqqətini əsas hədəfdən yayındırmaq, enerjisini tükətmək, hətta bacararlarsa, onu bu niyyətindən döndərmək. Bəs qaragüruh nədən buna çalışır? Burdaca qeyd edək ki, R.Arifoğlunu təkcə siyasi qaragüruh deyil, həm də dini qaragüruh hədəf alıb. Hələlik siyasi qaragüruhun məqsədləri barədə bəzi qeydlərimizi yazaq.

    Başında əsasən Əli Kərimlinin dayandığı və onun yönəltdiyi siyasi qaragüruh R.Arifoğlunun növbəti mərhələdə güclənməsindən narahatdır. Onlara elə gəlir ki, Rauf Arifoğlu qəzetçi kimliyini siyasi kimliklə əvəz edə, bununla da qərarlaşdıqları yeri onlara dar edə bilər. Bu narahatlığın əsası varmı? Müəyyən qədər var, təbii. Əli Kərimli Rauf bəyi yaxşı tanıdığından, onun necə bir güclü potensiala malik şəxs olduğunu bildiyindən illərdir ki, qara PR-dan əl çəkmir. Bu, indinin işi deyil, 10 il öncənin də məsələsi deyil. Rauf Arifoğluna qarşı Əli Kərimlinin başlatdığı gizli-aşkar “müharibənin” az qalsın 25 ilə yaxın tarixçəsi var. Və bu gün də davam edir. R.Arifoğlu Müsavat Partiyasında, daha dəqiq desək, İsa Qəmbərin yanında olanda AXCP sədri düşünürdü ki, (bunu ikili görüşlərdə dilə də gətirib) Rauf Arifoğlu və onun media gücü imkan vermir, İsa Qəmbəri üstələsin, sıradan çıxarsın. Sonra Rauf bəy Müsavat Partiyasından getdi. Zatən orda qalmanın bir anlamı yoxuydu, çünki İsa Qəmbər başqanlıqdan və həm də müəyyən mənada siyasətdən getdikdən sonra Müsavat həddən artıq zəiflədi, partiyadan qopmalar oldu, ölkənin ən nüfuzlu, tanınan siyasətçiləri, ziyalıları ordan uzaqlaşdı və xaos dövrü başladı. Bu səbəbdən Müsavat Partiyasında qalıb, intriqalarla uğraşdığına, qəzetini, kollektivini daha uyğun müstəviyə çəkərək, media işi ilə məşğul olmağa üstünlük verdi. Çox qısa zamanda bu addımın nə qədər doğru olduğu isbatlandı.

    Əli Kərimli yenə rahat dayanmadı. Yenə qaralama, çirkab, şər, pislik yağdırdı R.Arifoğluna. Bu dəfə də düşünürdü ki, birdən Rauf Arifoğlu müstəqil şəkildə siyasətə girər. Partiya yaradar, əski elektoratı başına yığar. Bu düşüncələr onun gözünü elə qorxudub ki, sağa-sola pislik yağdırır.

    “Yeni Müsavat”ın baş redaktoru parlament seçkisinə qatılıb. Start uğurlu alındı. Seçki komandası və namizədimizin özü yüksək performans sərgilədi. Və bütün bunlar siyasi və dini qaragüruhu rahatsız etməyə başlayıb. Onlar paralel şəkildə Rauf Arifoğluna qarşı təşkilatlanıblar. Məlumatlar alırıq ki, 35 saylı seçki dairəsinin ərazisində Əli Kərimli öz trollarına göstəriş verib ki, Rauf Arifoğlunun əleyhinə təbliğat aparsınlar. Bu adamlar ərazidə seçicilərlə təmaslara keçiblər, Rauf Arifoğlunu dəstəkləməmək barədə sakinlərlə iş aparırlar.

    Bir yandan da İranın Qum şəhərində qərargahlaşan Nur-az.com saytı seçkiyə start veriləndən Rauf Arifoğluna qarşı ucuz əks-təbliğat aparmağa başlayıb. Heç təsadüfə oxşamır. Ən müxtəlif dönəmlərdə Milli Şura ilə Qumdakı bəzi dairələr, əsasən də Nur-az.com saytı R.Arifoğlunu eyni vaxtda hədəf alırlar. “Yeni Müsavat”ın baş redaktoru seçkiyə qatıldığını elan edəndən “Qum uşaqları” daha da aktivləşiblər. Sanki hardansa, kimlərdənsə komanda alıblar...

    Biz zamanında bu sayt və onun başında dayanan adam haqda məqalələr yazmışıq. Həmin yazıdan bir sitatı oxusunun diqqətinə çatdırırq: “Hüseynzadə İsgəndər Hüseynəli oğlu 27 yanvar, 1966-cı ildə Cəlilabad rayonunda anadan olub. 1996-cı ildən ailəsi ilə birgə İran İslam Respublikasının Qum şəhərinə köçüb.

    2008-ci ildə barəsində “Dövlətə xəyanət” və “Terrorçuluq” maddələri ilə cinayət işi başlanıb. Elə həmin il MDB üzrə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib. İ.Hüseynzadə Qum şəhərində fəaliyyət göstərən “Nur” elmi-mədəni müəssisəsinin (nur-az.com) rəhbəridir. Onun saytında ölkəmiz əleyhinə qərəzli yazılar verilir. Bir sözlə, adamın rəhbərlik etdiyi sayt tam anti-Azərbaycan mövqelidi”.

    Barəsində “Dövlətə xəyanət” və “Terrorçuluq” maddələri ilə cinayət işi qaldırılmış, Azərbaycan əleyhinə açıq düşmənçilik edən bir adamın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü, həmçinin söz-mətbuat azadlığı uğrunda 30 ildir dayanmadan, yorulmadan fəaliyyət göstərən Rauf Arifoğlu haqda bu cür çirkin məqalələr yazıb, dərc etməsi xüsusi bir həyasızlıqdır.

    Rauf Arifoğlu haqda qara PR aparan bir başqa dəstə də şərti olaraq “talış separatçıları” adlandırılan qrupdur. Onların əksəriyyəti hazırda Avropada məskunlaşıb. Ölkəmiz və xalqımız əleyhinə açıq əks-təbliğat aparan, Azərbaycana düşmənçilik edən bu qruplaşma da R.Arifoğlunun Milli Məclisə deputat seçilməsindən yana çox rahatsız olublar. Səbəbi məlumdur: “Yeni Müsavat” və onun baş redaktoru bütün növ separatçılığın əleyhinədir, Azərbaycana qarşı olan qüvvələrə güzəştsiz mövqedədir. Zaman-zaman rəhbəri olduğu qəzetdə və saytlarda onların ifşasına yönəlmiş araşdırma məqalələr dərc edir.

    İstər İranda gizlənən, istərsə də Avropada məskunlaşan bu çetenin əsas müttəfiqlərindən biri də AXCP sədri Ə.Kərimlidir. Bu gün onun çevrəsində “talış separatizmi”ni açıq şəkildə müdafiə, həmçinin təbliğ edən, Azərbaycanın müstəqilliyinə dil və əl uzadan xeyli dönüklər var. Hakimiyyət uğrunda mübarizədə ölkəsinə, dövlətinə düşmən mövqedə olan qüvvələrlə ittifaq yaratmaq hansı əxlaqa sığır?!

    Ə.Kərimli bu adamların Azərbaycanın müstəqilliyinə qarşı olduqlarını, hər addımda dövlət əleyhinə açıq çıxışlar etdiklərini, gerçək bir vətən xaini olduqlarını detallarına qədər bilir. Fəqət, Azərbaycana qarşı xain və düşmən mövqedə dayanan bu çete ilə müttəfiqliyinə son qoymur.

    İndi bunlar Rauf Arifoğluna qarşı birləşiblər. Bir-birinə pas verərək, bir söz adamına, müasir Azərbaycan mətbuatının banilərindən birinə qarşı cəbhə yaradıblar. Əli Kərimli Azərbaycana qarşı Azərbaycanın düşmənləri ilə ittifaq yaradırsa, bunu hər addımda büruzə verirsə, bu pis əməli tarix və xalq ona bağışlamayacaq. Tarixin və millətin lənəti hər zaman onun və müttəfiqlərinin üzərində olacaq.

    Ölkəsinə, dövlətinə qarşı düşmənlərlə ittifaq quran bir siyasətçi göstərin ki, tarixin və Allahın lənətindən yayına bilsin. Yoxdur, ola da bilməz!
    Azər Ayxan,
    “Yeni Müsavat” qəzeti baş redaktorunun 1-ci müavini


    Facebook-da paylaş