Prokuror dələduzluqda ittiham edilən sabiq məmura ağır cəza istədi..

Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən sabiq məmur növbəti dəfə hakim qarşısına çıxarılıb.
Rubrika.Az Musavat.com-a istinad edərək xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Fərid Cəlilovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror çıxış edib. Dövlət ittihamçısı törətdiyi əmələ görə Fərid Cəlilova 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası istəyib.
Xatırladaq ki, Fərid Cəlilov Xətai rayonu İcra və probasiya şöbəsinin icra məmuru işləyib.
Qeyd edək ki, Türkiyə vətəndaşı Eleman Necati Sultanalı oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Ceyhun Qəmbərov və Fərid Cəlilov onun etibarından sui-istifadə edərək 123 min manatını dələduzluq yolu ilə ələ keçiriblər.
Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilirlər.
Məlumata görə, zərərçəkmiş Eleman Necati Sultanali oğlu Emin Cəfərov adlı şəxslə tanış olub.
Bu tanışlıqdan yaranan münasibətlərdən istifadə edən Emin Cəfərov, Eleman Necatiyə Fərid Cəlilov adlı şəxslə birlikdə avtomobil satışı həyata keçirə biləcəklərini və bu satışdan yaxşı gəlir götürəcəklərini bildirib.
Sonra onlar birlikdə Fərid Cəlilovla görüşüb və söhbət əsnasında Fərid Cəlilov pul müqabilində, hərraclar vasitəsi ilə avtomobilləri ucuz qiymətə alıb baha sata biləcəklərini bildirib.
Necati Eleman ilk öncə, hissə-hissə olmaqla 32 min manat pulu Fərid Cəlilova verib və həmin pulların müqabilində 4 ədəd müxtəlif markalı avtomobillər alıb.
Həmin ərəfədə Fərid Cəlilov Necati Elemana zəng vuraraq bildirib ki, hərraca daha yeddi avtomabil cıxarılır və çox sərfəli qiymətə təklif olunur. Bu zaman Necati Eleman Türkiyədəki mənzilini təcili sataraq Fərid Cəlilova ümumilikdə 123 min manat verib.
Fərid Cəlilovun həmin ərəfədə şəxsiyyət vəsiqəsinin vaxtı keçdiyindən, pulları bank vasitəsilə öz köməkşisi Qənbərov Ceyhunun adına göndərməsini istəyib. Onlar pulu alsa da Necati Elemana heç bir qazanc verməyiblər.
Necati Eleman Bakı şəhəri Xətai rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Fərid Cəlilovun dələduzluq əməllərindən Ədliyyə Nazirliyinə şikayət ünvanlayıb. Nazirlik şikayət əsasında araşdırmaya başlayıb. İşində yol verdiyi qanun pozuntusuna görə Fərid Cəlilov ədliyyə sistemindən qovulub.
Bu işə görə Ceyhun Qəmbərov da həbs edilib. Onun barəsində cinayət işi də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Rubrika.Az
Facebook-da paylaş













