QALİBİYYƏTİN RAUF ARİFOĞLU MODELİ

Bu dəfə də Ümüd axırda və axırıncı dəfə öləcək
Bacarmadılar. Etdikləri bütün siyasi oyunbazlıqlara rəğmən seçkinin nəticələrinə təsir edə bilmədilər.Rəqibinin adaşını namizəd etməklə ən aşağı siyasi texnologiyaya əl atsalar belə Rauf Arifoğlunun möhtəşəm qələbəsinə mane ola bilmədilər. Çünki böyük bir komandanın apardığı uğurlu bir seçki marafonunun sonucu da məhz belə qələbə olmalı idi. Əslində Rauf Arifoğlu ölkədə uzun illər hökm sürən sakit seçki mühitinə yeni bir ab-hava gətirdi. Az qala hər bir seçicinin görüşünə gedərək qayğıları ilə maraqlandı,səsini eşitdi. Azərbaycanın ən uğurlu media kapitanı başqaları üçün təcrübə ola biləcək bir seçki marafonu keçirtdi. Görüşlərinə qaragüruhçu dəstə də göndərdilər,hər türlü təxribata əl atdılar. Amma,heç nə alınmadı.
Məğlubiyyət acı bir meyvəyə bənzəyir. Öz məğlubiyyətini kişi kimi qəbul edib nəticə çıxaranlar da olur, ən aşağı üsullarla müqavimət göstərənlər, qəbullanmayanlar da. Ümüdsüzlüyün yaratdığı psixoloji gərginlikdən çığır-bağır salan, iftira atan rəqiblə üz-üzə qaldı Rauf Arifoğlu. Haqqı olan böyük qələbəsinə kölgə salanlara qarşı təmkinini də itirmədi. Baxmayaraq zamanında belə bir “qələbəni” bəzəkli sinidə alan birisi üçün bu uğur ancaq xəyal ola bilərdi. Hər türlü iftiralarla qələbəsinə kölgə salanlara Rauf Arifoğlu bu dəfə də kişilik dərsi keçdi. “Hodri meydan” dedi. "Gəl bir daha yarışaq, mübarizəyə yenidən start verək", dedi. Azərbaycanın siyasi tarixində daha bir ilkə imza atdı. Təmiz mübarizənin,rəqabətin həm də bir xarakter olduğunu göstərdi.
Rauf Arifoğlu mübarizə adamıdır. Zatən onun bütün ömrü gərgin mübarizələrdə keçib. Meydanlarda mətinləşən bir insan üçün növbəti bir seçki marafonuna qatılmaq problem deyil. Hamı inanır ki, o, daha möhtəşəm bir qələbəyə imza atacaq. Ortada böyük bir təcrübə və monolit komanda var. Bu dəfə artıq ümidlərin qırılmasının son akkordları yaşanacaq. Ümüd axırda və axırıncı dəfə öləcək!
T.Ömərov
Rubrika.az
Facebook-da paylaş













