• Milyonlar onların ciblərinə necə axdı? – Siyahı..

    Milyonlar onların ciblərinə necə axdı? – Siyahı..


    Xəbər verdiyimiz kimi, AFFA-nın icraçı vite-prezidenti və baş katibi Elxan Məmmədov ötən həftə verdiyi açıqlamada bildirmişdi ki, millinin boş qalan baş məşqçi postuna gətirilməsi düşünülən bütün namizədlər əcnəbidir. Yəni, Məmmədovun siyahısına bir nəfər də olsun azərbaycanlı məşqçi düşə bilməyib.


    Yenisabah.az xatırladır ki, saytımıza açıqlamasında həm keçmiş futbolçu Nazim Süleymanov, həm də hazırda işsiz olan məşqçi Samir Abasov yerli çalışdırıcılara inam olmadığına görə belə addımın atıldığını söyləmişdi.

    Azərbaycan müstəqlliyini əldə etdikdən sonra, ilk illərdə millini yerli məşqçilər çalışdırıb. Məsələn, Ələkbər Məmmədov, Ağasəlim Mircavadov, Kazbek Tuayev, Əsgər Abdullayev.

    Bizim futbol federasiyamızın "əcnəbi baş məşqçisi sevgisi" isə gedir dayanır ta 2004-cü ilə.

    Yenisabah.az indiyə qədər yığmamızı çalışdıran əcnəbi baş məşqçilərin siyahısını təqdim edir:

    Karlos Alberto Torres

    Brazilyalı mütəxəssis bizim millini çalışdıran ilk əcnəbi baş məşqçi olub. 2004-cü ilin fevralında yığmamıza gətirilib. Ümumilikdə Karlos Albertonun rəhbərliyi altında komandamız 18 oyunda meydana çıxıb. 18 oyunda 2 qələbə (bu Özbəkistan və Qazaxıstanla yoldaşlıq görüşləri olub), 6 heç-heçə, 10 məğlubiyyət alıb. Yığmamız bu görüşlərdə 12 qol vurub, 36-nı buraxıb. İsrailə 6-0, Polşaya 8:0-lıq məğlubiyyətlə isə "yaddaşlara həkk olub".

    Goko Hacıyevksi

    Makedoniyalı sabiq baş məşqçi 2007-ci il oktyabrın 31-də millimizə gətirilib və bir müddət yığmaya rəhbərlik edib. Millimiz onun rəhbərliyi altında 2 rəsmi 1 yoldaşlıq oyununa çıxıb. Matçların heç birində qələbə qeydə alınmayıb.

    Berti Foqts

    Almaniyalı çalışdırıcı 2008-ci ilin martında AFFA İcraiyyə Komitəsinin qərarı ilə milliyə baş məşqçi təyin olunub. Foqtsun rəhbərliyi altında İspaniyaya 0-6 hesabı ilə uduzaraq Azərbaycan millisi ev oyunlarında ən böyük hesablı məğlubiyyətlə üzləşib. Azərbaycan milli komandası Avro 2016-nın seçmə mərhələsində onun başçılığı altında ardıcıl məğlubiyyətlər aldığı üçün (məsələn, Xorvatiyaya 6-0 hesablı məğlubiyyət) sonra komandadan göndərilib. O, ilk gəldiyi vaxtlarda müqaviləyə əsasən, ayda 95 min avro qazanıb. Sonra bu qazanc getdikcə artıb. Qeyd edək ki, Berti Foqts Azərbaycan yığmasını ən çox oyuna çıxaran baş məşqçidir.

    Robert Prosineçki

    Xorvatiyalı mütəxəssis 2014-cü ilin 1 dekabrında milli komandamıza gətirilib. DÇ-2018-in seçmə mərhələsində Azərbaycan ilk dəfə bir tsikldə səfərdə 10 xal toplayıb və tarixində görünməmiş nailiyyətə imza atıb. 51 yaşlı mütəxəssis 2017-ci il oktyabrın 26-da millidən gedib. Prosineçki millimizdə illik təxminən 1 milyon avro qazanırdı. O, hər zaman futbolçulardan narazılığı ilə diqqət çəkib.

    Nikola Yurçeviç

    Xorvatiyalı baş məşqçi 2019-cu ilin fevralın 11-də milliyə gətirilib. AVRO-2020-nin seçmə mərhələsində yığmamız onun rəhbərliyi altında 1 xal toplayıb. 2019-cu il dekabrın 13-də yığmanın AVRO-2020-nin seçmə mərhələsindəki çıxışını uğursuz hesab edən AFFA müqavilə müddəti fevrala qədər olan xorvatiyalı mütəxəssisi istefaya göndərib. Yurçeviç ilinə 300 min avro alıb.

    Azərbaycanlı baş məşqçilər (Qurban Qurbanov, Şahin Diniyev, Əsgər Abdullayev və.s) millinin baş məşqçi postunda zaman-zaman əcnəbi baş məşqçilərdən sayca çox olsa da, onlara çox vaxt imkanı tanınmayıb. Əcnəbilərə isə həm zaman verilib, həm azərbaycanlı məşqçilərə verilən puldan qat-qat artığı.

    Bu isə bəlkə, pul yumaq üçün edilib, bəlkə, bizim məşqçilərə olan inamsızlıqdan, bəlkə də AFFA-da çalışanların futbol biliyinin "aşıb-daşmasından". Hər halda, milli üçün təyin edilən çalışdırıcının kimliyi haqqında futbol ictimaiyyətinin fikri nəzərə alınmırsa, o zaman çox dəyişiklik gözləməyə də dəyməz. Əgər ki, futbolçuların qıtlığından şikayətləniriksə, elə isə əlində olanlardan düzgün istifadə edə bilən baş məşqçini milliyə gətirmək lazımdır. AFFA-nın çaldığı havaya oynayan, tapşırılan futbolçuları meydana çıxaran xarici yox. Rəqibdən asılı olmayaraq, hücum futbolu oynadan, nə özü qorxmayan, nə də futbolçuları qorxutmayan, motivasiya etməyi bacaran, millinin geyinib-dəyişmə otağında dava olanda əlini qolunu sallayıb davaya seyr etməyən, pula görə aləmi qatan, nəticəsi 0 olan məşqçi yox. Bir az reallıqdan uzaqdır, amma kasıbın qəlbində ümidi tükənməz!



    Rubrika.Az


    Facebook-da paylaş