• Mikayıl Cabbarovun təmiz əlləri...

    Mikayıl Cabbarovun təmiz əlləri...


    Əgər iddia olunduğu kimi koronavirusu düşünüb planlı şəkildə hazırlayan güclər həqiqətən də mövcuddursa, onlar təkcə qınağa yox, həm də hörmətə layiqdirlər. Başa düşürəm, yaşlılar da daxil, yazın çiçəyinin çırtladığı vaxtda çölə çıxmaq yasağı var, yüz milyonlarla insan kimi Azərbaycanda da işdən- gücdə olub divana möhtac qalmışıq və sair və ilaxır... Elə həm də o səbəbdən hələ ən müxtəlif proqnozlara, rəylərə hazır olmaq lazımdır.

    İndi gəlin, düşünək: virusa qarşı mübarizədə ən vacib şərt kimi nə deyilir? Əlləri təmiz saxla, «pis adamdan »(indilikdə xəstəlik daşıyacası ola bilən şəxs ) uzaq olun. Hazırda yüz minlərlə insan haradadır? Bəli, karantində. Karantin həm də nədir? Özü-özüylə tənhalıqda, bir az vicdanı, bir az Allahı ilə təmasda. Hər 2 gündə təkrarlanan qan testindən sonra şübhəsiz, hərə öz dilində Allaha dua edir ki, bu bəla ondan, ailəsindən uzaq olsun...

    Katoliklərin dini mərkəzi-İtaliyada baş verənlər əlbəttə ki, hər şeydən öncə bir insanlıq faciəsidir. Amma bunu da artıq müxtəlif səbəblərlə (məsələn, Vatikanda uşaqbazlıq kimi iyrənc hadisələrin tez-tez baş verdiyini yada salaraq) izah edənlər var. Eləcə də müsəlman müqəddəslərinin ziyarətgahların bağlanmasını, hətta ətrafının tarixdə ilk dəfə məcburən etil tərkibli məhlulla yuyulmasını da ta bizim bəzi hacıların restoranda araq hortlatmalarına qədər, ən çeşidli səbəblərlə izahını eşidirik. Yalanmı? Yalan deyil- dünyanın bəzi dindarı da, ateistlər də, məmuru da, hətta ona tapşırılan işi «yola verən» fəhləsi də bir az çaşmışdı deyəsən...

    Bu dünyaya koronavirus adlı racon kəsən bir ağsaqqal, fikir babası, sirli masası varsa, bu yazıda onun «təmiz əllər» mesajına diqqət edək.

    Bütün dünyada hamı əllərini sanki indi görürmüş kimi tez-tez yuyur, hətta pulu da indi «quyruğundan» götürüb cibinə atır, amma virus hələ ki getmir...

    Gəzməmişəm deyə bilmirəm, deyilənə görə, qərb mədəniyyətində əlləri hər zaman yumaq deyə bir qayda yoxdur. Amma başqa yandan «təmiz əl»ə, yəni rüşvət kimi ciddi bəlaya böyük planda çoxdan qalib gəliblər. Bizim tərəflərdə- keçmiş SSRİ-də «əlləri təmizdir» deyəndə, vicdanlı və rüşvət almayan şəxsi (məmuru) nəzərdə tutublar həmişə. Əlləri sovet adamları da bərk-bərk yuyurdu, hətta rüşvət alandan sonra daha da təmiz-təmiz yuyurdular ki, izi qalmasın.

    Amma dünya hansı yönə gedir getsin, bizim «əli çirklilər» hələ də qalır. Prezident İlham Əliyev bu koronavirus bəlası gəlməzdən çox öncə az qala hər müşavirədə «əllərinizi və vicdanınızı təmiz saxlayın» çağırışı edirdi. Təəssüf ki, bu bəlanın ilk üzə çıxdığı Uhanı Çin hökuməti bağlı şəhər elan edəndə, pulun işə yaramadığı, adamların evdən çıxa bilmədiyi bir vaxtda, Neftçalanın icra başçısı otağında rüşvət yığmaqda davam edirdi. Ondan bir az əvvəl Ağstafanın icra başçısını da «qara maskalılar» tutmuşdular. Hələ qara maska Bakıda həyatımızın bir elementinə çevrilməmişdi, amma işarələri vardı... İndi Kürdəxanı təcridxanasında Ağstafanın özü kimi natəmiz sabiq başçısı ilə əllərini yumağa da yəqin müəyyən saatlarda aparılır. Çünki virus onları çoxdan yaxalanmışdı və rüşvət yaxşı ki, hava-damcı yolu ilə yayılmır...

    Dünyanın ən korrupsiyaya uğramış təşkilatları sırasında FİFA və UEFA da var. Hər iki qurumun sabiq prezidentləri hələ də istintaq altındadır. Bəla başlayanda, «təmiz əllər» kampaniyasına ilk qoşulanlardan biri də FİFA-nın italiyalı prezidenti oldu. Sonra dünyaca ünlü adamlar, starlar, məmurlar da bu kampaniyaya qoşuldular. Azərbaycandan bir naziri gördüm bu «təmiz əllər» kampaniyasında. İqtisadiyyat naziri Mikayıl Cabbarovu. Bilirəm, müdrik xalqımız kimin kim olduğunu yaxşı bilir. Amma niyə Cabbarov, bu barədə düşündünüzmü? Cabbarovun niyə efirdən bunu yayımlandığının mütləq psixoloji məqamları var. Kimdənsə rüşvət almış adam bunu edə bilməz, deyirəm. Siqaret çəkən adam axı, necə bu bəlaya qarşı danışa bilər? Prezident Əliyev Cabbarovun fəaliyyətindən, razıdır, bu səbəbdən də geniş
    səlahiyyətli bir nazirliyə rəhbər qoyub. Əgər Cabbarov özünə psixoloji baxımdan arxayın olmasaydı, yüz minlərin baxacağı videoda əllərin yuyulması kimi sadə, amma dərin psixoloji anlamı olan bir proseduru etməzdi. Mikayıl Cabbarov təmiz əllərinə arxayındır ki, bunu etdi. Mənim qiymətləndirməm, budur, kimsə razılaşmaya bilər, kiməsə adi, hətta şübhəli görünə bilər. Amma fürsətdir, qoy cəmiyyəti, ölkəni, insanları zəhərləyən rüşvət kimi bəladan uzaq olsunlar. Əmin olun ki, bəzi kampaniyaçı məmurlar da bunu təkrar etmək istəyərdi, amma etmədi, çünki sonrası da var axı...//Musavat.com





    Rubrika.Az


    Facebook-da paylaş