• Rəsmi Bakı İranın işğalçıya dəstəyinə dözmək fikrində deyil - yeni gəlişmə

    Rəsmi Bakı İranın işğalçıya dəstəyinə dözmək fikrində deyil - yeni gəlişmə

    İranın yük maşınlarının Xankəndində peyda olması Azərbaycan XİN-in səbrini daşırdı, Tehran rəsmiləri ilə “açıq söhbət”...

    Rubrika.az musavat.com-a iatinadən bildirir ki, İrana məxsus TIR-ların işğal altındakı ərazilərimizdə yanacaq daşıması barədə videomateriallar Azərbaycanda kəskin etirazlara səbəb olub. Bundan əvvəl də vaxtaşırı müsəlman qonşumuzun işğalçı Ermənistana, həmçinin zəbt olunmuş Qarabağ torpaqlarında mövcud olan separatçılara dəstək verməsi haqda məlumatlar yayılıb, İrana ünvanlı etirazlar sərgilənib, lakin hər dəfə Tehran Azərbaycanın ərazi bütövlüyünü tanıdığı haqda şablon cavab verməklə kifayətlənib.

    Bu dəfə isə faktı təsdiqləyən həm də Qarabağ ermənisi oldu. Belə ki, Xankəndi ərazisindəki İran TIR-larını çəkib yayan erməni blogger İranın onlara yardımına deyil, bu ölkənin Dağlıq Qarabağa koronavirus yaymasına etiraz etdi. Təsəvvür edin ki, bundan sonra da İranın Azərbaycandakı səfirliyi faktı təkzib etməyə çalışdı. Ancaq rəsmi Bakı “qaradan artıq rəng yoxdur” deyiminə istinad edərək bu dəfə İranın cavabı ilə kifayətlənmədi.

    Rəsmi məlumatda bildirildi ki, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun İran xarici işlər nazirinin müavini Abbas Əraqçı və səfir Cavad Cahangirzadə ilə telefon danışıqları baş tutub. Danışıq zamanı X.Xələfov Azərbaycanın tərəfinin yüksək səviyyədə olan əlaqələrin qoruması üçün səylərini əsirgəmədiyini bildirərək, pandemiya dövründə sərhədlərimizin bağlı olmasına baxmayaraq, ölkələrimiz arasında tranzit daşımalarını və ticarət əlaqələrini qoruduğunu bildirib. Nazir müavini eyni zamanda son günlər Ermənistan mətbuatında İran dövlət nömrə nişanlı yük avtomobillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə yanacaq, xammal və ərzaq daşımaları barədə məlumat və videogörüntülərin Azərbaycan hökumətinin ciddi narahatlığına və ictimaiyyətin dərin narazılığına səbəb olduğunu vurğulayıb. Belə halların baş verməsinin işğalçı Ermənistana dəstəyə və münaqişənin şiddətlənməsinə xidmət etdiyini qeyd edib.

    Xəzərin hüquqi statusu ilə bağlı iclas keçiriləcək

    X.Xələfov İran tərəfinin yayılan məlumatı və videogörüntüləri araşdıraraq Azərbaycan tərəfinə aydınlıq gətirəcəyinə ümidvar olduğunu bildirib.

    İran xarici işlər nazirinin müavini İranın Azərbaycan ilə münasibətlərinə önəm verdiyini bildirərək dost və qardaş münasibətlərin davam etdiriləcəyini qeyd edib. O, İran-Azərbaycan mehriban dost münasibətlərinin düşmənlərinin mövcudluğunu qeyd edərək həmin qüvvələrin mütəmadi olaraq bu cür məlumatları ortaya ataraq iki tərəfli münasibətlərimizə xələl gətirməyə çalışdıqlarını vurğulayıb. A.Əraqçı videogörüntülərin ortaya çıxmasından dərhal sonra Bakıdakı səfirliyə məlumatın yalan olduğuna və təkzib olunmasına dair təlimatın verildiyini söyləyib. Nazir müavini, həmçinin pandemiya ilə mübarizəyə Azərbaycan hökumətinin etdiyi yardıma və pandemiya dövründə ölkə sərhədlərinin tranzit və yük daşımalar üçün açıq saxladığına görə təşəkkürünü bildirib. Öz növbəsində, səfir Cavad Cahangirzadə Azərbaycan və İran prezidentlərinin dostluq münasibətlərini qeyd edərək ikitərəfli münasibətlərə önəm verdiklərini qeyd edib. Səfir eyni zamanda prezident İlham Əliyevin Azərbaycan-İran münasibətlərinə daim qayğı göstərdiyinə və pandemiya ilə əlaqədar göstərilən köməyə, tranzit daşımalarına imkan yaradılmasına görə dərin minnətdarlığını ifadə edib.

    Yenə də ənənəvi cavab, ənənəvi fikirlər. Azərbaycanın işğalçı Ermənistan xaric, qonşu ölkələrlə, o cümlədən İranla normal münasibətlər qurulması və inkişafında daim maraqlı olduğu faktdır. Amma müsəlman qonşumuzun münasibəti adekvat deyil. Ermənistan rəhbərliyi İranı “nəfəslik” hesab edir, amma müsəlman qonşumuz artıq məscidləri donuz fermasına çevirmiş ermənilərə qucaq açaraq, Qarabağ separatçıları üçün də “nəfəslik” rolunu oynamağa başlayıb, çox təəssüf ki...

    Lakin görünən budur ki, rəsmi Bakı artıq İranın izahatları il kifayətlənmək fikrində deyil. Elə X.Xələfovun İran XİN müavini və Bakıdakı səfirə zəngi də bunu təsdiqləyir. Adətən, Bakı bu cür məsələlərdə daha səbirli mövqe nümayiş etdirirdi. İndi isə daha açıq danışmaq xətti tutub, bu isə münasibətlərdə yeni nüansdır.

    Ankara çətin durumdadır” - Ekspert ŞƏRH EDİR

    “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a dedi ki, İrana aid yük maşınlarının işğal altındakı Dağlıq Qarabağ ərazisinə yük daşıması haqqında məlumatlar keçmiş illərdə də var idi: “Ancaq bu dəfə ermənilərdən biri özü görüntü yaydı. Doğrudur, həmin şəxs bu görüntünü hadisəni ifşa etmək üçün yayımırdı. Həmin erməninin görüntünü yaymaqla məqsədi İrandan koronavirusun Dağlıq Qarabağa yayılmasını göstərmək idi ki, separatçıların lideri bunun qarşısını alsın. Bu görüntülər Azərbaycan mediasında geniş yayıldı və mənfi reaksiyalar doğurdu. Bundan sonra İran səfirliyi məlumatları təkzib etdi. Səfirlik İranla Dağlıq Qarabağ separatçıları arasında heç bir əlaqənin olmadığını və bu bölgəyə də yük daşınmadığınmı vurğuladı. Ancaq hadisələrin inkişafı göstərdi ki, səfirliyin bu açıqlaması rəsmi Bakını narahatlığına son qoymayıb. Buna görə də aprelin 15-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun İran diplomatları ilə telefon danışıqları oldu. Diplomatik etiketə uyğun olaraq telefon danışığının birinci hissəsində iki ölkə arasındakı əlaqələrin inkişafından danışıldı. Xələf Xələfov ölkəmizin yüksək səviyyədə olan Azərbaycan İran əlaqələrini qorumaq üçün səylərini əsirgəmədiyini bildirərək, pandemiya dövründə sərhədlərimizin bağlı olmasına baxmayaraq, ölkələrimiz arasında tranzit daşımalarını və ticarət əlaqələrini qoruduğunu bildirdi. Nazir müavini eyni zamanda, son günlər Ermənistan mətbuatında İran dövlət nömrə nişanlı yük avtomobillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə yanacaq, xammal və ərzaq daşımaları barədə məlumat və videogörüntülərin Azərbaycan hökumətinin ciddi narahatlığına və ictimaiyyətin dərin narazılığına səbəb olduğunu vurğuladı. Həmçinin belə halların baş verməsinin işğalçı Ermənistana dəstəyə və münaqişənin şiddətlənməsinə xidmət etdiyini qeyd etdi. Eyni zamanda iranlı nazir müavini də Azərbaycan ilə münasibətlərə önəm verildiyini bildirərək, dost və qardaş münasibətlərin davam etdiriləcəyini qeyd etdi. O, pandemiya ilə mübarizədə Azərbaycan hökumətinin etdiyi yardıma və pandemiya dövründə ölkə sərhədlərinin tranzit və yük daşımalar üçün açıq saxladığına görə təşəkkürünü bildirdi. Eyni sözləri səfir Cavad Cahangirzadə təkrarladı. Səfir prezident İlham Əliyevin Azərbaycan-İran münasibətlərinə daim qayğı göstərdiyinə və İrana pandemiya ilə əlaqədar göstərilən köməyə, tranzit daşımalarına imkan yaradılmasına görə İran tərəfinin dərin minnətdarlığını ifadə etdi”.

    Politoloq dedi ki, rəqəm deyilməsə də, Azərbaycan İrana bu, ağır günündə 5 milyon dollar vəsait yardım edib: “Kimsə İranın koronavirusla mübarizədə Ermənistanın İrana yardım etdiyini eşidibmi? Belə bir fakt yoxdur. Ona görə də bu ərəfədə İrandan Dağlıq Qarabağa yük daşınması xəbərinin yayılması istər-istəməz Bakıda ciddi reaksiya doğurmalı idi. Əlbəttə, Cavad Cahangirzadənin Azərbaycanda səfir olaraq çalışdığı müddətdə ikitərəfli əlaqələr xeyli inkişaf edib. Səfir əməkdaşlığın inkişafı üçün əlindən gələni edir. Ona görə də İrandan işğal altındakı torpaqlara yük daşınması Cavad Cahangirzadənin fəaliyyətinə yönəlmiş əməldir. Səfirin özü də separatçılarla hər hansı təmasın əleyhinədir. Telefon danışığının ikinci hissəsində isə Xələf Xələfov rəsmi Bakının narahatlığını bu sözlərlə ortaya qoydu və dedi ki, İran tərəfinin Azərbaycan-İran ikitərəfli münasibətlərinin prinsiplərinə uyğun olaraq yayılan məlumatı və videogörüntüləri araşdıraraq Azərbaycan tərəfinə aydınlıq gətirəcəyinə ümidvardır. Buna cavab olaraq da Xələf Xələfovun iranlı həmkarı İran-Azərbaycan mehriban dost münasibətlərinə düşməncə yanaşanların mövcudluğunu qeyd edərək, həmin qüvvələrin mütəmadi olaraq bu cür məlumatları ortaya ataraq ikitərəfli münasibətlərimizə xələl gətirməyə çalışdıqlarını vurğuladı. Abbas Əraqçi, videogörüntələrin ortaya çıxmasından dərhal sonra Bakıdakı səfirliyə məlumatın yalan olduğuna və təkzib olunmasına dair təlimatın verildiyini söylədi”.

    E.Şahinoğlu bildirdi ki, İran tərəfinin yayılan məlumatların və videgörüntülərin yalan olmasının müəyyənləşdirməsinin sadə yolu var: “Görüntülərdə həmin yük maşınların nömrələri görünür. İran tərəfi həmin nömrəli yük maşınlarının hara yük daşıdğını araşdıra bilər və bununla da məsələyə nöqtə qoymaq olar. Azərbaycan İranla münasibətlərini inkişaf etdirməkdə maraqlıdır. Bu İranın da maraqlarına uyğundur. Ancaq eşidəndə ki, İranın yük maşınları Dağlıq Qarabağa mal daşıyır, İran vətəndaşları işğal altındakı torpaqlara səfər edirlər və ya hansısa İran şirkəti Şuşadakı məscidin təmirində iştirak edir, bu, bizdə ciddi suallar yaradır”.

    E.Şahinoğlu bir faktı da xatırlatdı: “Sonuncu məsələni mən oktyabr ayında Bakıda İranın xarici işlrə naziri Məhəmməd Zərif qarşısında qaldırdım. O, Qoşulmayanlar Hərəkatının toplantısı məqsədilə keçən ilin oktyabr ayında Bakıya gəlmişdi. Məhəmməd Zərif Bakıda bir neçə ekspertlə görüşmüşdü, məni də görüşə dəvət etmişdilər, ilk iki sualı İran şirkətinin Şuşadakı “əməlləriylə” bağlı mən verdim. İranın xarici işlər naziri əlinə qələm alaraq kitabçasına nəsə yazaraq mənim qaldırdığım məsələni araşdıracağını və həmin şirkəti olub-olmadığını müəyyənləşdirəcəyini vəd etdi. Araşdırmanın nə ilə nəticələndiyindən xəbərim yoxdur. Biz bu kimi araşdırmaların nəticəsini gözləyirik. Çünki əgər İranda erməni separatçıları ilə əməkdaşlıq fonunda Azərbaycanla əməkdaşlığa kölgə salmaq istəyənlər varsa, Tehran onlara “dur” deməlidir, əks halda, problemlər həll olunmamış qalacaq”.

    Hər halda nə rəsmi Bakı, nə də Azərbaycan ictimaiyyəti İranın izahatı ilə qane olmayıb. Odur ki, İran işğalçı və separatçıya münasibətdə konkret mövqeyini ortaya qoymalıdır. Şübhə etmirik, İran Ermənistanla sərhədini bir ay bağlasa, Ermənistan danışıqlar masasında konstruktiv mövqe sərgiləyər. Tehran buna inanmırsa, sınaqdan keçirsin. Bir də zəruri xatırlatma, Azərbaycanın Xocalı şəhəri və Şuşa şəhəri məhz İranın Qarabağ vasitəçiliyinə “cavab” olaraq işğal edilib, əsrin soyqırımı törədilib. Bütün bunlardan sonra müsəlman qonşumuz yenə də İrana dəstək verirsə, cavabı mütləq olmalıdır...

    Rubrika.Az


    Facebook-da paylaş