Oğurladığı qızılları satıb əyləncəyə xərclədi - MƏHKƏMƏ
![]()
Zaqatalada oğurluqda təqsirləndirilən Əhməd Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Rubrika.Az-ın Report-a istinadən xəbərinə görə, iş baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilib.
Hakim Elbrus Məmmədovun icraatında olan cinayət işi üzrə hazırlıq iclası aprelin 22-ə təyin edilib.
Qeyd edək ki, bu ilin yanvar ayında Zaqatala Rayon Polis Şöbəsinə rayonun Yuxarı Tala kəndində yerləşən 3 evdən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib. Zərərçəkmişlərə məxsus evlərdən ümumi dəyəri 8 000 manata yaxın olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş 22 yaşlı Əhməd Məmmədov saxlanılıb.
Araşdırma zamanı Ə.Məmmədovun həmin qızıl-zinət əşyalarını oğurladıqdan sonra dəyərindən ucuz qiymətə Zaqatalada qızıl alqı-satqı yerlərinə satdığ məlum olub.
O, əldə etdiyi gəliri isə özünün əyləncəsi üçün xərclədiyini deyib.
Saxlanılan şəxsin yaşadığı evdən isə oğurladığı qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.
Ə.Məmmədova Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq) maddəsi ilə itiham verilib.
Rubrika.Az
Facebook-da paylaş











