Azərbaycanın təşəbbüsü 130-dan çox ölkə tərəfindən dəstəklənir
![]()
Azərbaycan BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsinin əsas təşəbbüskarı olmuşdur. BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir.
BMT tarixində 31 Xüsusi Sessiya keçirilmişdir. Bunlardan yalnız üçü dövlətlərin təşəbbüsü nəticəsində çağırılmışdır, lakin Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olmuşdur. Prezident cənab İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır. Bu, dövlətimiz üçün böyük qürurverici nailiyyətdir.
BMT Baş Assambleyası artıq mart ayından etibarən pandemiya ilə əlaqədar öz fəaliyyətini dayandırmışdır, nə zaman bərpa edəcəyi də hələ məlum deyildir. Payızda pandemiyanın ikinci dalğasının olacağı gözlənilir. Bu isə o deməkdir ki, BMT bu il ərzində toplaşmaya bilər.
Məlumdur ki,BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platformadır. Bəşəriyyətin BMT-dən gözləntiləri mövcuddur. Bəs dünyada baş verən çoxsaylı problemlərin müzakirəsi və həlli ilə kim məşğul olmalıdır? Pandemiya kimi mühim qlobal problemin həlli ilə kim məşğul olmalı və qlobal liderliyi öz üzərinə götürməlidir?
Bu gün yalnız BMT-nin Ümum Dünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğul olur və müvafiq açıqlamalar verir. Lakin bu təşkilat məsələnin yalnız səhiyyə aspekti ilə məşğuldur. Məsələnin siyasi, iqtisadi, sosial və digər aspektləri ilə də məşğul olmaq lazımdır.
Hazırda bəşəriyyət İkinci Dünya müharibəsindən sonra ən böyük təhlükə ilə üz-üzə qalmışdır. Bəşəriyyətin ən çox ehtiyacı olduğu zamanda BMT-nin susması ona olan inamın və etibarlılığın itməsi təhlükəsi ilə qarşı-qarşıyadır.
BMT çərçivəsində virtual formatda tədbirin keçirilməsi yenilikdir, tənzimləyici qaydaların olmaması prosesi dayandırmamalı və ya ləngitməməlidir. Baş verməsi mümkün olan hər bir situasiyaya qarşı BMT hazır olmalı, tez bir zamanda uyğunlaşmalı və çevik reaksiya göstərməlidir. BMT özünün prosedur qaydalarının girovuna çevrilməməli və bu qlobal miqyasda baş verən problemə cavabsız qalmamalıdır.
Artıq virtual formatda yüksək səviyyəli tədbirlərin keçirilmə təcrübəsi formalaşıb. Belə ki, Böyük Yeddilik və Böyük İyirmilik kimi nüfuzlu təsisatların görüşləri məhz bu formatda keçirilib. Bu isə o deməkdir ki, texniki imkanlar mövcuddur, sadəcə olaraq siyasi istək, iradə olmalı, dövlətlər bir-birləri ilə əməkdaşlıq etməlidirlər.
Pandemiya dövründə artıq Azərbaycan bir sıra önəmli tədbirlərin virtual formatda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Belə ki, cənab Prezidentin təşəbbüsü və sədrliyi ilə aprel və may aylarında Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında, dövlət və hökumət başçıları səviyyəsində sammitləri keçirilmişdir.
Pandemiyanın yaratdığı maneələrə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın təşəbbüskarı olmuşdur. Azərbaycan BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması üçün BMT-yə texniki sahədə dəstək verməyə hazırdır.
Ümid edirik ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü nəticəsində BMT-də pandemiya ilə mübarizə kimi önəmli məsələ müzakirə ediləcək və pandemiyaya qalib gəlmək uğrunda önəmli və xilasedici qərarlar veriləcəkdir.
Əhmədzadə Leyla
Nəsimi rayon gənci, Azərbaycan Dillər Universitetinin tələbəsi
Facebook-da paylaş










