"Ermənistan ordumuza qarşı dayana bilməz..." - Erkin Qədirli Tovuz səfərindən yazdı

Milli Məclisin deputatı Erkin Qədirli Tovuz səfərindən yazıb.
Rubrika.Az xəbər verir ki, o, son iki gündə (15-16 iyul) Bakıda olmadığını qeyd edib: "Cəbhə bölgəsinə getmişdim. Doğrusu, gizli getmək istədim, ona görə də səhifəmdə heç nə yazmadım. Yalnız Qənirə Paşayevaya zəng edib gələcəyimi demişdim. Qənirə xanım Tovuzun deputatı, özü də oralı olduğundan insanları yaxşı tanıyır. Qənirə xanımla Tovuzda görüşüb şəhid ailələrinə baş çəkmək istəyirdim. Qayıdandan sonra da bu haqda heç nə yazası deyildim. Təəssüf ki, səfərim gizli qala bilmədi. Mən Tovuza gələndə gördüm ki, Milli Məclisin sədr müavini Adil Əliyev, İnsan Haqları üzrə Müvəkkil Səbinə Əliyeva, Prezident Administrasiyasının hərbi şöbəsinin əməkdaşları da oraya gəliblər. Rayon rəhbərliyi də, təbii ki, orada idi. Onlara müsahibə üçün yaxınlaşan jurnalistlər məni də gördülər. Mən də bir neçə müsahibə verməli oldum".
E.Qədirli bildirib ki, Adil Əliyev onu görüb hər yerə birlikdə getməyi təklif edib: "Onun bu təklifini qəbul etdim. Tovuzda və Qazaxda şəhid ailələrinə baş çəkdik, Ağdam kəndinin yaxınlığındakı yüksəkliyi gördük, uzaqdan da olsa, ordumuzun oradakı mövqelərinə baxdıq, kənd sakinləri ilə danışdıq. Ertəsi gün Şəmkirdə və Gəncədə hərbi hospitallara getdik, yaralılara baş çəkdik. Şəmkirdəki hospitalda yaralılarla görüşə icazə verilmədi, çünki onlar əməliyyatdan sonra reanimasiyada idilər. Bizə deyildi ki, onların həyatları üçün təhlükə yoxdur. Gəncədəki hospitalda isə görüşə bildik. Gəncədəki yaralıların durumu yaxşı idi, heç kəsin ağır yarası yox idi, hamısı ya qoldan, ya da ayaqdan qəlpə yarası alıblar. Tovuzda və Qazaxda insanların ruh yüksəkliyini gördüm. Şəhid ailələri də, itkilərinin ağır olmasına baxmayaraq, qürurlu idilər. Yaralı əsgərlər tezliklə sağalıb yenidən döyüşə getmək istədiklərini deyirdilər".
E.Qədirli sonda onu da vurğulayıb ki, ordumuza inam çox güclüdür: "Hamı hər şeyi yaxşı anlayır - Ermənistan ordumuza qarşı dayana bilməz, ona yardım edən Rusiya olmasa".//musavat.com
Rubrika.Az
Facebook-da paylaş












