Füzuli şəhəri işğaldan öncə - VİDEO

Işğaldan azad edilən torpaqlarımız Ermənistan tərəfindən vəhşicəsinə darmadağın edilmişdir. Evlər, mədəniyyət ocaqları, qədim abidələr, dini obyektlər məhv edilmiş, meşələr qırılmış, torpaqlar eroziyaya uğramış, ətraf mühitə böyük zərər dəymişdir.
Dövlət başçısı İlham Əliyev bu vandalizm aktlarını beynəlxalq aləmə nümayiş etdirməyin vacibliyini öz çıxışlarında dönə-dönə vurğulayır. Prezident Administrasiyasının təşkilatçılığı, şəxsən prezidentin köməkçisi Hikmət Hacıyevin başçılığı altında yerli və xarici jurnalistlərdən, diplomatik korpusun əməkdaşlarından ibarət böyük qrup Füzuli şəhərinə, rayonun kəndlərinə səfər edib, işğalın ağır nəticələriylə yerində tanış olmaq imkanı qazanıblar. Belə səfərlər Ağdama və başqa azad edilən ərazilərimizə də gözlənilir.
Təbii ki, bütün dünya bu erməni vəhşiliyinə şahid olur, ancaq bizim üçün vacib detallardan biri həmin ərazilərin işğaldan öncəki vəziyətini də nümayiş etdirməkdir. Təəssüf ki, bu zaman biz müəyyən çətinliklə üzləşirik. İlk növbədə, rayonlar 1993-cü ildə itirildiyi üçün. Həmin dövrdə əhalinin, müstəqil media quruluşlarının foto və xüsusilə video çəkilişlər etmək, ərazilərimizi lentin yaddaşına həkk etmək imkanı çox məhdud idi. Biz sonradan başa düşdük: vətənin hər daşını, ağacını, quşunu, çiçəyini sənədləşdirmək, arxivləşdirmək, göz bəbəyi kimi diqqətdə saxlamaq lazım imiş. İndi “Filan rayon, şəhər, kənd işğaldan öncə və sonra” müqayisə-kadrlarını hazırlamaqda buna görə müəyyən çətinlik çəkirik.
Belə nadir kadrlardan biri Füzuli şəhərinə aiddir. 1993-cü il mayın 8-də - işğaldan 3 ay qabaq “215 KL” studiyasının əməkdaşı Ədil Arifoğlu-nun çəkdiyi 10 dədiqəlik süjet Füzuli şəhərini heç vaxt canlı görməmiş adamlarda şəhər haqda az da olsa təəssürat yarada bilər.
Süjet yağışlı havada və avtomobildə gedərək, şüşə arxasından çəkildiyi üçün kadrlar bir qədər yayğındır. Ancaq hətta bu vəziyyət belə Füzuli şəhərinin abadlığını, gözəlliyini gizlədə bilmir. İlk kadrlarda şəhərin mərkəzi küçələrindən biri əks olunub. Orada şəhər rəhbərliyinin binası (raykom), mədəniyyət idarəsi ötəri görünür. Daha sonra beşmərtəbəli yaşayış binası, şəhərin içindən keçən çayın üzərindəki körpülər, avtobus dayanacağında gözləyən çətirli qadınlar və kişilər gözə dəyir. Durmadan yağan yağışa baxmayaraq küçələrdə adamların və avtomobillərin sıxlığı diqqəti çəkir. Hər kəs öz işində-gücündədir, müharibəni yalnız bəzi kadrlarda hərbi avtomobillərin keçməsi yada salır. 27 ildən sonra o abad şəhər erməni barbarlarının əlində “Kabuslar şəhərinə” döndərilib. Biz bunu heç vaxt unutmayacağıq.
Son olaraq dəyərli həmkarımız Ədil bəyə vaxtında bu kadrları çəkdiyinə görə təşəkkürümüzü bildiririk. Videoda görüntülər hansısa müğənninin yanıqlı ifasıyla müşayiət olunur, kimə xoş olmasa kadrları səssiz də dinləyə bilər.
Sonda dağıdılmış Füzuli şəhərinin işğaldan azad edildikdən sora görüntülərini təqdim edirik:
Rubrika.Az
Facebook-da paylaş










