Vətəndaş Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədova məxsus “AZ İmport” MMC-dən ŞİKAYƏTÇİDİR — «Mülkiyyətçiyə xəbər vermədən,kompensasiya ödəmədən əmlakı sökürlər»

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsində deyilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyasının 29-cu maddəsinin I-ci hissəsində deyilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin II-ci hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin IV-cü hissəsində göstərilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə istinad edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyaclar üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Göründüyü kimi dövlətin əsas qanununda mülkiyyət hüququnun toxunulmazlığı barəsində kifayət qədər maddələr əks olunub. Təbii ki, ali qanunda təsbit edilən bu hüquqların qorunmasına dövlət orqanları təminat verirlər. Lakin bir çox hallarda qanunlar onları qorumalı olanlar tərəfindən pozulur ki, bunun da zərbəsi sadə vətəndaşlara dəyir.
Bakı sakini Elmir Novruzova məxsus qeyri-yaşayış sahəsi Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədova məxsus “AZ İmport” MMC tərəfindən sökülüb və vətəndaşa bununla bağlı təzminat verilməyib. Şikayətçi E. Novruzovun oğlu Faiq Novruzov bildirir ki, Səbayel rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanında yerləşən 925,0 kv.m-lik qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə atası Elmir Qaçay oğlu Novruzova məxsus olub. Günlərin birində isə həmin mülkiyyət yerlə bir edilib və onlara bu günə qədər hər hansı bir kompensasiya ödənməyib: “Həmin qeyri-yaşayış sahəsinin bizə aid olması haqda Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 01.12.2004-cü il tarixli, 003962 saylı ”Mülkiyyət hüququ haqqında şəhadətnamə" var və 6 saylı reyestr kitabının 41-ci səhifəsində müvafiq qeydiyyat aparılıb. 2014-cü ildə bizə xəbər verdilər ki, həmin obyekti sökürlər. Doğrusu, əvvəlcə buna inanmadıq. Necə ola bilər ki, hüquqi dövlətdə mülkiyyətçiyə xəbər vermədən, bizdən razılıq almadan, kompensasiya ödəmədən əmlakı sökürlər?"
Şikayətçi bildirir ki, tərəfimizdən aparılan araşdırma zamanı və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdikdən sonra Bakı şəhər İcra Hakimiyyətinin həmin məhkəmə orqanına ünvanladığı məktubundan məlum oldu ki, Birinci Avropa Oyunları ərəfəsində həmin qeyri-yaşayış sahəsi sökülüb və yerində park salınıb.
Vətəndaşlara dəyən zərəri ödəməyən ”AZ İmport" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Mülk sahibi zərərin ödənilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət etsə də məhkəmə cavabdeh şəxsin tapılmadığını "əsas" gətirərək iddianı rədd edib. Hazırda iş Bakı Apellyasiya Məhkəməsindədir. Həmin mülk 3 milyon manat qiymətində dəyərləndirilir. . Şikayətçilər 2014-cü ildən başlayaraq bu işin qanuni araşdırılması və kompensasiyanın ödənilməsi
üçün müxtəlif aidiyyəti qurumlara, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə, Səbayel Rayon Məhkəməsinə müraciət etsələr də, hələ heç bir nəticə hasil olmayıb.
“Bu isə bizim konstitusion hüquqlarımın kobud surətdə, qəsdən pozulması deməkdir" deyə F.Novruzov bildirir.
Azərbaycan Konstitusiyasının 29-cu maddəsinin IV-cü hissəsində göstərilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Dövlət ehtiyacı”nın mahiyyətini və sərhədlərini isə Mülki Məcəllənin 157.9-cu maddəsi müəyyən edir. Park-bağ kompleksinin-istirahət zonasının yaradılması dövlət ehtiyacları kateqoriyasına aid edilmir və istənilən halda qanunvericiliklə dövlət ehtiyaclarının müəyyən edilməsi və həmin ehtiyaclara görə mülkiyyətdən məhrum edilməyə yönələn səlahiyyətlər Bakı şəhər İH Başçısına verilməyib. Mülki Məcəlləsinin 157.9.-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli Fərmanına əsasən, Mülki Məcəllənin 157.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
Sökülməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinin əvəzləşdirilməsi ilə bağlı mövcud qanunvericiliyin tələblərinə görə hətta dövlət ehtiyacları üçün alınan əmlaka dair fərdi qaydada araşdırma aparılmalı və bazar qiymətləri müəyyən edilməlidir.
Beləcə heç bir qanuni əsas olmadan 7 ildir ki, mülkiyyət hüquqları pozulan F.Novruzov məhkəmələrdə süründürülür, döymədiyi qapı qalmayıb. Amma vətəndaşın halal mülkiyyətini yerlə bir edənlər hələ də cəzasız qalmaqdadır. Bu isə hüquqi dövlətdə qətiyyən yolverilməzdir.
NİŞAD MEHDİYEV
Facebook-da paylaş














