• Xarici dairələrdən maliyyələşən, satıldığı dairələrin maraqlarını müdafiə edənlər bu gün Ə. Nağıyev barəsində hədyanlar yağdırırlar — Ona zamanında ən böyük etimadı Ümummilli lider Heydər Əliyev göstərib

    Xarici dairələrdən maliyyələşən, satıldığı dairələrin maraqlarını müdafiə edənlər bu gün Ə. Nağıyev barəsində hədyanlar yağdırırlar — Ona zamanında ən böyük etimadı Ümummilli lider Heydər Əliyev göstərib

    Əli Nağıyev müstəqil dövlətçiliyimiz tarixində yetişən, öz sədaqəti, dəmir iradəsi ilə seçilən, özünəməxsus yeri olan bir şəxsiyyətdir
     


    Elə insanlar var ki, bütün həyatları Vətənə xidmət, dövlətə sədaqət üzərində köklənib. Onların ömür yolu elə dövlətçilik yoludur. Belələri üçün hər yeni gün xalqa,dövlətə xidmət üçün yeni bir fürsətdir.

    Haqqında söhbət açacağımız şəxsin dediyimiz təmtəraqlı sözlərə qətiyyən ehtiyacı yoxdur. O, heç hər hansı işi görərkən də bunun təriflənəcəyini düşünmür və yaxud buna imkan vermir. Amma, bəzilərinin yaydığı saxta, yalan məlumatları oxuyandan sonra buna reaksiya vermək qərarına gəldik. Ən azından həqiqətin gözünə dik baxmaq üçün… 

    Əli Nağıyev müstəqil dövlətçiliyimiz tarixində yetişən, öz sədaqəti, dəmir iradəsi ilə seçilən, özünəməxsus yeri olan bir şəxsiyyətdir. Ona zamanında ən böyük etimadı Ümummilli lider Heydər Əliyev göstərib. Bu etimad ən yüksək səviyyədə doğruldulub.  Ə.Nağıyev Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarında müxtəlif yüksək vəzifələrdə çoxillik fəaliyyəti dövründə daim Vətənə, dövlətə, xalqa sədaqətlə və peşəkarlıqla xidmət edib. Məhz bu uğurları və təhlükəsizlik orqanlarının inkişafında xidmətləri nəzərə alınaraq, Vətən üçün taleyüklü bir dövrdə cənab Prezident onu  Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin etdi. Etimad bu dəfə də ən yüksək səviyyədə doğruldulur!

    Bu mühüm vəzifədə işlədiyi  qısa  müddətdə Ə.Nağıyev  Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətinin Heydər Əliyev peşəkarlıq məktəbi ənənələrinə uyğun qurulmasına, bu orqanların inkişafında sözün tam mənasında yeni bir mərhələnin başladılmasına nail olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  ölkənin bütün dövlət orqanlarında başlatdığı hərtərəfli islahatların təhlükəsizlik orqanlarında geniş tətbiqi istiqamətində onun yorulmaz və səmərəli fəaliyyəti xüsusi qeyd edilməlidir. Məhz bu yorulmaz fəaliyyətin  nəticəsində Azərbaycan təhlükəsizlik orqanları bu gün dünyanın ən inkişaf etmiş xüsusi xidmətləri arasında öz layiqli yerini tutmuşdur.

    44 günlük Vətən müharibəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun Ermənistan silahlı qüvvələrinin işğalından qurtarması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması sahəsində təhlükəsizlik orqanlarının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə və yüksək səviyyədə gəlməsi Ə.Nağıyevin yalnız peşəkarlıq deyil, həmçinin rəhbərlik və təşkilatçılıq fəaliyyətinin  yeni nümunəsi sayıla bilər.

    Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, korrupsiya ölkəmiz üçün böyük təhlükədir. Bu həm də milli təhlükəsizliyimiz üçün böyük təhdiddir. Ona görə də korrupsioner məmurlara qarşı əsas mübarizəni məhz Dövlət Təhlükəsizlik Xidməti aparır. Son zamanlar bu mübarizənin hansı səviyyədə aparılması, hansı dairələri əhatə etməsini bütün xalqımız görür. Qısa müddət ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ağstafa, Yevlax, Neftçala, Biləsuvar, İmişli rayon icra hakimiyyətlərində əməliyyatlar keçiriblər, qanun pozuntularına yol verən vəzifəli şəxslər məsuliyyətə cəlb ediliblər. DTX-nin keçirdiyi digər əməliyyatlarda da məmurlar cəzalandırılıb. Bundan əlavə, terrorçuluğa qarşı çox ciddi mübarizə aparılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət və dövlətçiliyə olan təhdidlərin qarşısının alınması istiqmətində həyata keçirdiyi əməliyyatları xüsusi qeyd etmək lazımdır. Azərbaycanın mövcud geosiyasi vəziyyəti, əhalinin inkişaf səviyyəsi, keçdiyimiz tarixi yol, üzləşdiyimiz ciddi problemlər bir çox sahələrdən fərqli olaraq təhlükəsizlik xidmətinə rəhbərlik edən şəxsdən daha çox peşəkarlıq, təcrübə, çeviklik tələb edir. Bu baxımdan  Əli Nağıyev tələb olunan meyarlara tam uyğun gəlir və ötən müddət ərzində dövlət təhlükəsizliyi, ictimai-siyasi sabitliyin təmin olunması, cinayətkarlıqla qarşı mübarizə sahəsində görülən işlər bunun təsdiqidir. 

    Əli Nağıyev neqativ halların aradan qaldırılması istiqamətində mühüm addımlar atdı və buna nail oldu. Nəticədə insanların ən çox qorxduğu bir qurum ən çox inanılan, etibar edilən, sevilən bir quruma çevrildi


    Ə.Nağıyev bu vəzifəyə təyin olunmamışdan öncə kifayət qədər uğurlu həyat yolu keçən bir məmurdur. Onun yüksək peşəkarlığı, eyni zamanda təmiz imicə sahib olan, dövlətə, dövlətçiliyə, ulu öndərin ideyalarına sadiqliyi ilə fərqlənən yüksək səviyyəli bir general olması rəhbərlik etdiyi xidmətin bu gün öz işinin öhdəsindən peşəkarlıqla gəlməsinə şərait yaradıb. Sirr deyil ki, Əli Nağıyevə qədər Dövlət Təhlükəsizliyi Xidməti ilə bağlı cəmiyyətdə xoşagəlməz fikirlər mövcud idi. Ciddi problemlər var idi. Əli Nağıyev neqativ halların aradan qaldırılması istiqamətində mühüm addımlar atdı və buna nail oldu. Nəticədə insanların ən çox qorxduğu bir qurum ən çox inanılan, etibar edilən, sevilən bir quruma çevrildi. Daha bundan böyük nə xidmət ola bilər ki.. Artıq korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə Dövlət Təhlükəsizliyi Xidməti xüsusi peşəkarlıq nümayiş etdirməkdə, dövlətə sədaqətini ortaya qoymaqdadır.

    Xarici dairələrdən maliyyələşən, satıldığı dairələrin maraqlarını müdafiə edənlər bu gün Ə. Nağıyev barəsində hədyanlar yağdırırlar. Onsuz da bu yalanlar insanlarda yalnız ikrah hissi doğurur, onu uyduranlara nifrət yaradır. Çünki xalq ağı qaradan seçməyi yaxşı bacarır. Yalanın qırx günlük ömrünə isə bir şey qalmayıb…

    NİCAT MAHMUDOV
    Rubrika.Az




    Facebook-da paylaş