Sərhədçilərin qətli ilə bağlı cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb - Yenilənib
![]()
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının qətli ilə bağlı cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Qeyd edək ki, yanvarın 2-i saat 18 radələrində DSX-nin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Əvəzli 03 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq şübhəli şəxs qismində saxlanılıb.
Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.
02.01.2022
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının öldürülməsi ilə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 3 nəfər hərbi qulluqçunun öldürülməsi ilə bağlı məlumat daxil olub.
Məlumat əsasında Hərbi Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, o cümlədən digər zəruri prosessual istintaq hərəkətləri həyata keçirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb. Hazırda E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.
Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaqın gedişatı barədə əlavə məlumat veriləcək.
RUBRİKA.AZ
Facebook-da paylaş
















