Yunus Abdulovun optimizmini tam bölüşmürəm - Bank eksperti
![]()
"2020-ci illə müqayisədə, keçən il bankların maliyyə vəziyyəti sözsüz ki, daha yaxşı olub. Amma bununla belə, bu məsələdə səslənən optimizmi tam bölüşmürəm. Verilən kreditlərin sağlam olması məsələsi də problemlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov "Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Yunus Abdulovun ölkənin bank sektorunun 2021-ci ili olduqca müsbət nəticələrlə başa vurması barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib:
"Hər bir halda güman edirəm ki, 2020-ci illə müqayisədə keçən il bankların maliyyə vəziyyəti daha yaxşı olub. Çünki 2020-ci il pandemiyanın ilk ili idi və daha çox tüğyan edirdi. Həmin ildə bankların problemli kreditləri də kəskin artdı, əmanətlər azaldı. Həmin il 4 bank bağlandı. Bankların keçən il üçün aktivlərinin artması o deməkdir ki, kreditləri artıb. Yəni keçən il daha çox kredit veriblər”.
Ekspert qeyd edir ki, 2021-ci ildə bankların verdiyi kreditlərin həcmində yenə də vətəndaşlara verilən istehlak kreditləri üstünlük təşkil edib:
"Amma məsələ ondadır ki, verilən bu kreditlər nə dərəcədə sağlam olacaq? Bax, budur sual. Son 5-6 altı ildə problemli kreditlərin mühüm hissəsinin məhz istehlak kreditləri olduğunu görürük. Ölkədə qiymət artımları müşahidə olunur. Bu fonda kredit götürən zaman maliyyə vəziyyətləri yaxşı olan bir çox şəxslərin, daha çox xərcə düşdüyünün şahidi ola bilərik. Deməli, daha çox xərc çıxır. Xərc çoxalırsa, deməli, bank borcunun ödənilməsində problemlərin çıxması ehtimalı da ciddidir. Bu baxımdan "Azərbaycan Banklar Assosiasiyası” rəhbərinin optimist fikrini tam olaraq bölüşmürəm”.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov 2021-ci ilin əvvəlindən bank aktivlərin həcminin 11,1 faiz artaraq, keçən ilin noyabrın sonuna 35,6 milyard manat təşkil etdiyini bildirib.
RUBRIKA.AZ
Facebook-da paylaş











