Fazil Talıbovdan Fəzail Ağamalıya SƏRT SÖZLƏR: Məsuliyyətsiz...
![]()
Son zamanlar fəaliyyəti cəmiyyətdə birmənalı qarşılanmayan, daha çox əhalinin həssas təbəqələri tərəfindən gündəmə gətirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu dəfə Milli Məclisdə sərt şəkildə tənqid olunub.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin buradakı nümayəndəsinindən xahiş edirəm ki, çıxsın televiziyaya və insanların pensiyasının onlar tərəfindən kəsildiyini bildirsin” deyən millət vəkili Fəzail Ağamalı cəmiyyətdə qurumun fəaliyyətindən ciddi narazılıqlar olduğuna diqqət çəkib: “Xalq buna görə bizi təhqir edir. 60-65 yaş arası insanların pensiyaları kəsilib. Onları bu müavinətə hansı formada salmaq olar ki, heç olmasa xəstəliyin pulunu ala bilsinlər”.
Bir daha xatırlatmaq istərdik ki, son zamanlar ƏƏSMN fəaliyyəti heç də birmənalı olaraq qarşılanmayıb. KİV-lərdə təqaüdlərin, eləcə də əlillik dərəcələrinin təyin olunması zamanı yaranan narazılıqlarla bağlı çoxsaylı şikayətlərə rast gəlmək mümkündür. Xüsusilə əlilliyə görə təqaüdlərin təyin olunması zamanı süründürməçilik hallarının olması barədə ittihamlara daha çox rast gəlmək mümkündür. Vətən müharibəsindən sonra qazilərə əllilik dərəcələrinin təyin olunması zamanı yol verilən qanunsuzluqlar barəsində də sosial şəbəkələrdə və KİV-lərdə xeyli tənqidlərə yer verilib. Hətta yanvar ayında Sahil Babayevin fəaliyyəti ilə bağlı 1000 nəfərin imzasıyla Prezidentə, Baş Prokurora və DTX rəisinə rəsmi şikayət göndərildiyi barədə xəbər verilirdi.
Ümumiyyətlə son zamanlar nazirlik tərəfindən aparılan yoxlamalar zamanı çoxsaylı insanların təqaüdləri dayandırılıb, əlillik dərəcələri ləğv olunub. Bu isə təbii ki, cəmiyyətin həssas və aztəminatlı kəsimi tərəfindən birmənalı qarşılanmayıb. Bir çox insanlar təqaüdlərinin və əlillik dərəcələrinin qanunsuz olaraq ləğv edildiyini bildirirlər.
Xatırladaq ki, nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov millət vəkili Fəzail Ağamalının fikirləri ilə bağlı açıqlama yayıb.
“Millət vəkili Fəzail Ağamalının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən guya pensiyaların kəsilməsi barədə parlamentdə səsləndirdiyi iddia məsuliyyətsiz yanaşmadır.
Millət vəkilinin diqqətinə bir daha qanunvericiliyi çatdıraraq bildiririk ki, əlilik müddətli və ya geridönməz hallarda (əzaların amputasiyası, sağalmaz xəstəliklər və s.) müddətsiz, yəni ömürlük təyin olunur.
Əlilliyə görə pensiya və ya müavinət əlillik müddəti ərzində verilir. Həmin müddət bitmədiyi halda sosial ödənişin dayanması halı baş vermir.
Əlillik müddəti bitdiyi halda isə həmin müddətin uzadılması üçün yenidən qiymətləndirmə aparılmalı, bu məqsədlə yeni göndəriş daxil edilməsi üçün səhiyyə müəssisələrinə müraciət edilməlidir.
Bu barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, bir millət vəkilinin populizmə hesablanan qeyri-ciddi fikir sərgiləməsi sadəcə təəssüf doğurur”.
Nişad Mehdiyev
Facebook-da paylaş













