Təhsil Nazirliyi müəllimləri üz-üzə qoydu - NƏ BAŞ VERİR?

Bu günlərdə dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır.
Sertifikatlaşdırma ilə bağlı proses yaxınlaşdıqca müəllimlər bu mövzuya daha geniş müzakirə edərək öz problemlərinə də toxunurlar. Həmin müəllimlərdən biri, Elnaz Eyvazlı “Facebook” səhifəsində sertifikasiya ilə bağlı bir məqama diqqət çəkib. O yazıb ki, müəllimlərin sertifikasiyası ilə bağlı qaranlıq qalan və bir çox müəllimin haqlı olaraq razılaşmadığı məqamla bağlı nazirliyin saytına müraciət ünvanlamışam. Sual qoymuşam ki, imtahandan azad olunanların sırasında "uşağını təkbaşına böyüdən kişilər" bəndi var. Azərbaycanda uşağını təkbaşına böyüdən nə qədər kişi var və bunların neçəsi müəllimdir ki? Amma kifayət qədər tənha ana var. Niyə belə ayrı-seçkilik edilir, bu nə cinsi ayrı-seçkilikdir. Sağ olsunlar, gecikdirmədən məsələni çözüb müraciətimə cavab veriblər: "Hörmətli vətəndaş, sertifikatlaşdırma prosesində hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində, azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər iştirak etməyəcək. Nəzərə almağınız xahiş olunur”.
Müəllim sonra yazır ki, sualından sual işarəsini götürüb nəqli cümləyə çevirib özünə qaytarıblar:
“Elə bil, həkimə gedib deyirəm, dişim ağrıyır, deyir, yox, sənin dişin ağrıyır. Niyə təhsil sahəsində az-çox sözü keçən şəxslər bu məsələni qabartmır? Hanı gender bərabərliyi? Niyə qadın, xüsusən, tənha analar hər addımda dışlanıb əzilir? İmtahandan keçməmək hələ savadsız olmaq deyil. Bəs o məqamda dərs deməkdən başqa işi olmayan qadın neyləyəcək, hansı qapıları döyəcək, hansı "təkliflərlə" üzləşəcək? Uşağının taleyi necə olacaq, necə böyüdəcək, necə oxudacaq? Hansı faciələr yaşanacaq, təsəvvür etmək o qədərmi çətindir?”
Doğrudanmı, qaydalara əsasən, sertikatlaşdırma uşağını təkbaşına böyüdən qadınlara şamil olunmur? Rubrika.Az-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov “Cümhuriyət”ə bildirib ki, sertifikasiyanın keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı var:
“Eyni zamanda, sertifikasiyanın keçirilməsi ilə bağlı “Təhsil haqqında” və “Ümumtəhsil haqqında” qanunla hüquqi əsas yaranır. “Təhsil haqqında” Qanunun 36-2 maddəsində və o cümlədən, “Ümumtəhsil haqqında”qanunun 28-ci maddəsində açıq şəkildə yazılır ki, kimlər sertifikasiyadan keçmirlər. Orada göstərilir ki, hamilə qadınlar, qismən ödənişli sosial məzuniyyətdə olan, yəni sosial məzuniyyəti bitdikdən sonra uşağa əlavə qulluqla bağlı 3 yaşı tamam olana qədər məzuniyyət götürmüş şəxslər işə qayıtdıqdan sonra 1 il müddətində sertifikasiyadan keçmirlər.
Eyni zamanda ilk dəfə işə qəbul olunanlar və sertifikasiyadan 3 dəfə uğurla keçən şəxslər çalışma yaş həddinə qədər sertifikasiyadan keçmirlər.
“Sertifikasiya haqqında” qaydalarda, o cümlədən, “Təhsil haqqında” və “Ümumtəhsil haqqında”Qanunda uşaqları 3 yaşına qədər təkbaşına böyüdən kişi və qadınların sertifikasiyadan keçməməsi ilə bağlı heç bir müddəa yoxdur. Burada 4 müddəa tam aydındır. Ancaq bir məsələ tam aydın deyil. Qanunvericilikdə tam açılmayıb ki, ilk dəfə işə qəbul olunanlar kimlərdir? Sertifikasiya keçirilən ili ilk dəfə işə qəbul olunanlar, yoxsa sertifikasiya keçirilənədək 5 il müddətində keçənlər, yaxud sertifikasiya keçirildikdən sonra yeni işə qəbul olunanlar 5 il müddətində sertifikasiya olunmayacaqlar? Bu məsələyə aydınlıq gətirilməyib. Bununla bağlı nazirliyin ayrı-ayrı rəsmilərinin açıqlamalarında ziddiyyətlər var”.
Ekspert bildirib ki, “Azərbaycanda müəllimlərin işə qəbulu qaydaları” 2020-ci ildə dəyişilib:
“Nazirliyin insan resurslarından bildirilib ki, 2017-ci ildən işə qəbul olunanlar sertifikasiyadan keçməyənlərdir. Bu da heç bir məntiqə uyğun deyil. Əslində, sertifikasiya tamamilə bitdikdən sonra yeni işə gələnlər 5 il müddətinə sertifikasiyadan keçməməlidirlər”.
Ekspertin sözlərinə görə, qanunvericilikdə yoxdur ki, tək uşaq böyüdən şəxs sertifikasiyadan keçmir: “Çox heyf ki, bizim nazirlikdə, hətta yüksək vəzifəli şəxslər təhsil qanunvericiliyini açıb baxmırlar. Hələ də bir-birindən xəbərsiz izah edirlər. İnsan resursları şöbəsinin müdiri əgər sertifikasiya haqqında hüquqi cəhətdən tam məlumatlı deyilsə digər şöbələr, vəzifəli şəxslərdən başqa cavab gözləmək mənasızdır”.
Rubrika.az
Facebook-da paylaş













