Milli Məclisin deputatı Etibar Əliyev: ""Zəngi" liseyinə rüşvətxorluqda və intriqabazlıqda ad çıxarmış birini direktor təyin etdilər"
![]()
Zaman dəyişdi. İndi qruplaşmaların təyin etdirdikləri əksəriyyət direktorları yalnız qazanc maraqlandırır. Məktəbin sinifləri, idman zalları arendaya verilir, tədrisin keyfiyyəti heç kimi maraqlandırmır, məktəbin tərbiyə funksiyasından isə söhbət belə gedə bilməz. XXİ əsrin məktəbinin qarşısında daha ciddi vəzifələr qoyulur. Məktəb uşaqları həm də zərərli informasiyalardan qorumalıdır. Uşaqlar zərərli informasiyalarla elə məktəbdə əhatə olunurlar. Məktəbdə tədris mühitini direktorlar korlayır. Bunu bilərəkdən edirlər. İki misal çəkəcəm: məktəblərin birində çalışan elmlər namizədi, "Tərəqqi" medalı ilə təltif olunan, "İlin müəllimi" seçilən direktor müavinini kənara qoyub, başqa məktəbdən bioqrafiyası çirklənmiş direktor müavinini həmin məktəbə direktor təyin ediblər. Nədir ki, bu adam makler Fuad Babayev qruplaşmasına aiddir. Bu nə deməkdir? Məqsəd kollektivdə nifaq və rüşvətxorluq mühiti yaratmaqdır. Azərbaycanın tanınmış məktəb direktoru, "Zəngi" liseyinin qurucusu, elmlə təhsilin vəhdətini yaratmaq işində gecə-gündüz çalışan, sağlamlığını bu işə qurban verən fizika riyaziyyat - elmləri namizədi Bayram Heydərov dünyasını dəyişən kimi rüşvətxorluqda və intriqabazlıqda ad çıxarmış birini bu məktəbə direktor təyin etdilər. Uzun illər təhsildə qabaqcıl mövqe tutmuş bir liseydə tədris mühitini darmadağın etdilər. Yenə də məqsəd bəllidir. Məqsəd Ölkə təhsilini viran qoymaqdır. Digər qabaqcıl məktəb, lisey və gimnaziyaları da bu vəziyyətə salıblar. Yaxud Gəncə, Daşkəsən, Göygöl, Goranboy kimi böyük rayonların təhsilini bir aqronoma tapşırıblar. Məktəb heç bir qruplaşmanın qurbanına çevrilə bilməz. Məktəb dəyərdir. Məktəbi qoruyan cəmiyyət gələcəyini qoruyur.
Facebook-da paylaş











