Prezidentin etimadını qazandı, indi Quba camaatının sevgisini qazanacaq - Dövlətimiz, Xalqımız üçün xeyirli olsun
![]()
Bir məmur vəzifəyə yeni təyin ediləndə ənənəvi qayda və eləcə də elementar nəzakət-etika düsturudur ki, onun fəaliyyətinə 100 gün sonra qiymət verəsən. Yəni üç ay, on gün sonra müəyyən təsəvvürlər formalaşır ki, həmin vəzifəli şəxs necə işləyir, etimadı necə doğruldur, müsbət hallar nədən ibarətdir, mənfi cəhətləri nədir...Bu, dünyanın dörd bir bucağında oturuşmuş mədəniyyətdir ki, yalnız bizdə aşağı səviyyədə riayət olunur. Hər işdə "seçildiyimiz" üçün bu məsələdə də "qabağa düşüb" türklər demiş ön yarğılı davranırıq, yəni öncədən mühakimə edirik, sorğu-sualsız hökm çıxarırıq. Ancaq kənardan heç yaxşı görünmür və xüsusən də gənc, reputasiyası təmiz, dosyesində qüsur olmayan bir kadr yüksək vəzifəyə təyin olunubsa, ona informasiya resurslarının hücum etməsi xoşagələn mənzərə deyil. Çünki dərhal qərəz, ilk gündən gözdənsalma, qaralama, ləkələmə kampaniyası aparıldığı məlum olur. Axı bir məmur hələ işinə başlamamış, kollektivə təqdimatı yenicə olmuş biri kimi fəaliyyəti necə tənqid oluna bilər? O hansı addımı atıb ki, hələ bir media onu təftiş etsin? Deməli, qara piarın ən ucuz, ən yüngül və ən çirkin forması istfadə edilib. Rubrika.Az-ın siyasət şöbəsi xəbər verir ki, söhbət ötən həftə Prezident İlham Əliyev tərəfindən Quba rayonuna icra hakimiyyəti başçısı təyin edilmiş İlqar Mahmudova bəzi media resurslarının, müxtəlif informasiya qruplarının əsassız yerə böhtan yağdırmasından gedir. Həmin xəbər portalları yumub gözünü, açıb ağzını və heç bir dəlil-sübuta söykənmədən Qubanın yeni icra başçısı İlqar Mahmudova olmazın qara yaxıblar. Halbuki hələ bir neçə gün əvvəl onun Quba İH-də kollektivə təqdimatı olub. Axı hansı məntiqlə kollektivlə, rayonla yeni tanış olmağa başlayan bir icra başçısını tənqid etmək olar? Ən azı 100 gün möhləti olmalıdır ki, müəyyən nəticələr çıxarmaq olsun.
İkincisi, İlqar Mahmudovu bu vəzifəyə dövlət başçısı cənab İlham Əliyev təyin edib. Prezident onun əvvəlki fəaliyyətini araşdırıb, təqdimatı ilə tanış olub, dərindən məlumatlandırılıb, bilik və bacarıqları haqda öyrənib, Quba rayonu üçün nə dərəcədə layiqli bir kadr olub-olmadığını analiz edərək qərar verib. Deməli, Prezident İlqar Mahmudova böyük etimad göstərib və ondan gözləntiləri var. O zaman Prezidentin Quba rayonuna təyin etdiyi nümayəndəsinin yanlış seçim olduğunu necə sübut edə bilərsiniz? Həmin xəbər portalları adlanan qruplar doğurdanmı dövlət başçısının seçiminə və təyinatına şübhə ilə yanaşır? Görünən budur ki, qarayaxma məqsədi daşıyan dezinformasiyaları yaymaqla Qubanın yeni icra başçısı İlqar Mahmudov barəsində cəmiyyətdə, qubalılar arasında mənfi ictimai rəy yaratmağa çalışılır. Lakin İlqar Mahmudova atılan bu çirkab və çamur heç bir halda yapışa bilməz. Əvvəla, onun dosyesinə diqqət yetirəndə məlum olur ki, xeyli müddət təhsil sektorunda mühüm bir fəaliyyət göstərib. İlqar Mahmudov bu təyinatadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri işləyib. Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecin direktoru vəzifəsində çalışıb. Onun Qubaya başçı təyin olunması təqdimatı da tutarlı arqumentlərə əsaslanıb. Digər tərəfdən, İlqar Mahmudov yüksək mədəniyyəti, müsbət şəxsi keyfiyyətləri olan, insanlarla işləməyi bacaran, ünsiyyətcil, xalqla danışa bilən bir məmurdur. Eyni zamanda, yüksək erudiksiyası, milli-mənəvi dəyərlərə bağlılığı, onları özündə daşıyan bir insandır. İlqar Mahmudov vətənsevər, xalqa bağlı, dövlətinə sadiq, əhalinin hər hansı problemi olarsa, ona şərik çıxacaq bir qayğıkeşliyə malik üstünlükləri olan məmurdur. Elə məhz bu keyfiyyətlərini, göstəricilərini, bilik və bacarıqlarını, təcrübəsini əsas götürərək Qubaya icra hakimi təyin olunması qərarına gəlinib. Nəzərə alaq ki, Quba camaatı indiyə qədər icra başçısı sarıdan o qədər də bəxti gətirməyib, o baxımdan tez-tez dəyişikliklər edilib, amma bu dəfə həqiqətən də xalq adamı başçı gətirilib. Əfsuslar olsun ki, işinə başlamamış, hələ "bismillah" deməmiş bəzi saytcığazlar, ağzı köpüklənən portallar Prezidentin Qubaya təyin etdiyi məmura güvənsizlik, etimadsızlıq fikri yaradır, insanları çaşdırmaq məqsədilə yalan və şər yazırlar. Prezident həmişə tapşırıb ki, məmurlar, icra başçıları xalqla işləməlidir. İlqar Mahmudov da məhz Quba əhli ilə işləməyə göndərilib. Amma qara piarın ən uğursuz variantını seçənlərin yazılarından belə nəticə hasil olur ki, işinə başlamadan biz onun fəaliyyətini görürük. Belə çıxır ki, onlar Nostradamus, ya da Vanqadırlar. Hətta şərləmə o həddə çatıb ki, guya onun milyonluq malikanələri, villaları var. Halbuki yuxarıda bioqrafiyasına baxanda aydın olur ki, saytlar cəfəngiyyatı cızma-qara edib. Təhsil sektorunda çalışan biri necə milyonçu oliqarxa çevrilə bilər? Bir sözlə, İlqar Mahmudov Prezidentin etimadını qazanıb və indi növbə Quba camaatının sevgisini qazanmaqdır. Kimin nə böhtan atmasından asəlı olmayaraq, o öz işi və əməlləri, fəaliyyəti ilə onlara cavab vermiş olacaq. Və sübut edəcək ki, Quba necə dəyişir, insanların hansı problemləri yoluna qoyulur... Baxarıq görərik ki, onda hansı yalanlar uydurmaq üçün olmayan fantaziyalarını işə salacaqlar.
Həmidə Vəliyeva
Rubrika.Az
Facebook-da paylaş












