Əməlləri kristal olmayan "Kristal Abşeron" - əlçatmaz qiymətlər, çökən, əyilən binalar və...

İnsan gərək hər işdə kristal olsun. Yəni təmiz, şəffaf, möhkəm. Necə deyərlər, işindən bərk yapışsın. "Kristal" özü də atom və digər maddələri bərk tutan cisimə deyilir. Di gəl, bizdə kristallıq xeyli çətin məsələdir. İstər məmur, istər biznesmen olsun, əməlində kristallıq tapmaq xeyli müşküldür. Amma eləsi də var ki, mümkün deyil. İllah da adında "kristal" sözü ola, əməlində bunun bir faizi olmaya, onda lap qəlizdir. Çox uzağa niyə gedirik, Rubrika. Az yazır ki, götürək "Kristal Abşeron" tikinti şirkətini. Abşeron yarımadasının kristal olduğu bizə çoxdan məlumdur, amma "Kristal Abşeron"un yox. İşə bax, adını kristal qoyasan, fəaliyyətində bundan əsər-əlamət olmasın. Görün nə dərəcədə paradoksal və absurd faktdır: kristal sözü bərk cisimdir amma şirkətin tikdiyi binalardan biri bərk çıxmadı - əyildi. Yaxşı xatirinizdədir, "Qobu park - 2" layihəsini həyata keçirəndən sonra bina əyilmişdi. Yəni heç bir bərklikdən söhbət gedə bilməz. Və ya Yasamalda gölü qurudub buna tikməsi. Bu da ciddi qalmaqal yaratmışdı. Bundan əlavə, "Kristal Abşeron” tikinti şirkəti çəkdirdiyi reklamla özünü biabır etmişdi. Şirkət reklamda yeni tikilməkdə olan evlərdə səs keçirməyən materiallardan istifadə etdiyini bildirirdi. Ancaq həm də bununla etiraf edirdi ki, indiyə qədər tikdiyi binalarda bu qayda qorunmayıb, divarlar səs keçirir, qonşunun adi danışığı da digər evdə aydın duyulur.
Eyni zamanda, şirkətin "City Garden" layihəsini yada salmaq olar: binanın biri tikinti zamanı çökmüşdü. Bu necə şirkətdir, necə keyfiyyətli iş görülməsidir ki, hər dəfə bir layihəsində "brak" çıxır. Sanki "defekt" işlər görülür, nəticəsində "Kristal Abşeron" rəzil-rüsvay olur. Təbii ki, mənzil almaq istəyən vətəndaşlar da hər dəfə bu problemləri görəndə geri çəkilirlər. Axı Nərimanovda binası çökən, Qobuda binası əyilən, Yasamalda göldə qurudulan kimə lazımdır?
Üstəlik, mənzillərin kvadratına görə alınan kommunal ödənişlər absurd məbləğdir. Həmçinin, qarajların qiyməti qaldırılıb. Misal üçün "Kristal Abşeron” şirkəti Xırdalanda yerləşən binalarında avtomobil qarajlarının aylıq icarə haqqını heç bir əsas olmadan 50 manata qaldırıb.
Bildirilir ki, “Kristal Abşeron” şirkətinin qoyduğu qaydalar artıq insan hüquqlarını tapdamaqdır. Yəni əksər şəhərciklərimdə sakinlər idarəçilərin onlardan ancaq pul “qoparmaq” haqda düşündüklərini, əvəzində heç bir şərait yaratmadıqlarını deyirlər. Gah zibil pulunu artırırlar, gah lift pulunu, gah dayanacağın ödənişini artırırlar. Halbuki heç biri üzrə də normal xidmət yoxdur.
Rubrika.Az məlumat verir ki, ən əsası müştərilər üçün hər gün reklam edilən kredit şərtlərinin absurdluğudur. Bəli, şirkət Sumqayıtdan tutmuş Bakının "Neftçilər" metrosu yaxınlığına qədər bir sıra yerlərdə layihələr inşa edir. Sonra sosial şəbəkə səhifələrində bəh-bəhlə tərifləyir, reklam edir. İlk baxışda cəlbedici görünür - 20 illik kredit, tam təmirli mənzil... Amma şərtlərin detallarını öyrənəndə fantastika ortaya çıxır. Belə ki, məsələn, 3 otaqlı, təxminən 96 kv, təmirli mənzil 200 mindən yuxarı başa gəlir. Bu da bir yana, kredit şərtləri əlçatmazdır və Azərbaycanda evsiz-eşiksiz olan, hansı vətəndaş aylıq bu ödənişi edə bilər? Məlum olur ki, ilkin ödəniş 10 faiz, 23 min 755 manat, bu da bir yana, aylıq kredit isə 2354 manatdır. Və bu məbləğ hər ay 20 il verilməlidir. Ölkədə hər ay 2300 manatdan çox kredit ödəyə bilən hansı orta ranqlı vətəndaş var? Ölkədə orta aylıq, əmək haqqı 800-1000 manatdırsa, bu kredit necə verilə bilər? Azərbaycanda evsiz olan və kreditlə mənzil almaq istəyən hər halda oliqarx övladı deyil, ehtiyacı olan insandır. O zaman onun maaşı aylıq 5-6 min manat olmalıdır ki, bu krediti ödəsin. Bu da real deyil və hər kəs bilir ki, gəlirlər nə qədərdir. Üstəlik, kim zəmanət verə bilər ki, 20 il ərzində nələr olacaq, vətəndaş işdən çıxarılacaq, yaxud maaşı kəsiləcək... Deməli, "Kristal Abşeron" həm absurd qiymətlərlə mənzillər təklif edir, həm də aydın olur ki, onu orta statistik azərbaycanlı ala bilməz, yalnız oliqarxlar alıb sonra kirayə verə bilər. Bir sözlə, bizim "Kristal"ın belə kristal işləri var...
Onu da deyək ki, “Kristal Abşeron” şirkəti deputat Ağalar Vəliyevə məxsusdur. Bu iddia indiyə qədər təkzib olunmayıb.
Rubrika.Az
Facebook-da paylaş














