Rövşən Rüstəmovun "korrupsiya qatarı" - dəmiryolları məhkəmə, yeyinti və skandal stansiyalarına çevrilib...
![]()
Artıq bizdə heç bir dayanacaq qalmayıb, yalnız "yeyinti stansiyası" mövcuddur. Məsələn, bundan sonra gərək belə deyilsin - Bakıdan Astaraya, yaxud Bakıdan Böyük Kəsik istiqamətinə gedən vaqonlarının içi maxinasiya ilə doludur. Ya da Gəncədən gəlirəm, yüküm korrupsiyadır. Çünki Azərbaycan Dəmir Yolları dəmirdən yox, yeyintidən ibarətdir. Sanki bu relslər talandan, rüşvətdən, maliyyə mənimsəmələrindən yoğrulub. Bu gedişlə dəmir yolları yox, korrupsiya yolları adlanmağa başlayacaq. Amma necə deyərlər, bu yol bizi çoox uzaqlara apara bilər. Sadəcə, sonuncu dayanacağı ilə minmə stansiyası arasında böyük bir korrupsiya körpüsü mövcuddur.
Gözlənilirdi ki, Cavid Qurbanovun vəzifədən gedişi Azərbaycan Dəmir Yollarının "dəmir əl" kimi idarə olunmasına səbəb olacaq. Amma yeni gələn rəhbər Rövşən Rüstəmov sözün həqiqi mənasında özünü onun davamçısı kimi apardı.
Sanki Kərbəlayı İsmayıl yerini Qəmloya təhvil verdi. İntəhası, ADY faktiki fəaliyyətsizdir. Paytaxtdan ətraf qəsəbələrə və Sumqayıta elektrik qatarları, bir də Qəbələ və Gəncəyə Allah qoymasa guya sürət qatarları olmasa, demək olar ki, pandemiya başlayandan ölkənin dəmiryolları hərəkətsizdir. Bəs, ADY rəhbərliyi nə işlə məşğuldur? Axı şəhərlərarası qatarlar işləmir, bu qədər maşinist, bələdçi işsizdir, qəpik-quruş bəlkə maaş ala, ya almayalar...Həmçinin, vaqonlar təzələnməyib, dəmiryol infrastrukturu yenilənməyib, dünya artıq belə problemləri arxaik hesab etdiyi vaxtda, bizdə hələ sovetdənqalma, iylənmiş vaqonlar pas atıb işləyəcəyi günü gözləyir və belə bir halda, ADY rəhbəri Rövşən Rüstəmovun fəaliyyəti nədən ibarətdir? Bir hesabatlılıq varmı? Bəs, büdcədən ayrılan vəsaitlərin xərclənməsi haqda maliyyə hesabatı varmı? Axı hələ də köhnə-küşkül, Brejnev dövrünə aid vaqonların ümidinə qalmışıq?!
Yeni vaqonlar isə daha çox rənglənib təzə adı ilə sırınmış kimi görünür. Hələ üstəlik, gediş haqları əlverişli deyil. 17 manat bir gedişə verməkdənsə, 20 manata maşınla elə 3 saata Gəncəyə çatmaq olar. Yəni dəmiryol parklanmasında kosmetik və primitiv dəyişikliklər olub.
Azərbaycanda sürət qatarı 85 km saatla hərəkət edir və Azərbaycan Dəmir Yolları bunu bizə sürət qatarı kimi təqdim edir. Avropada sürət qatarının sürəti 800 km-dir. Bizdə də heç olmasa 150-200-ə çatmalıdır axı. İlk illərdə sürətin aşağı olması anlaşılan idi. Bizim ölkə üçün ilk təcrübə idi. Ancaq indi sürət qatarlarının istifadəyə verilməsindən illər keçib. Bu müddət ərzində sürət də artmalı idi, istiqamətlər də.
İnsanların yollara sərf etdiyi vaxtı minimuma endirmək lazımdır. Bölgələrə getmək üçün pandemiyadan bura insanlar necə əziyyət çəkir. Ancaq Azərbaycan Dəmir Yolları qatar səfərlərini bərpa etmək istəmir. Bu qədər müddət ərzində Bakının hər istiqamətinə sürətli qatar səfərləri olmalı idi, bölgələrə sürətli qatar yolları çəkilməli idi. Sərhədlərin açıq olmaması anlaşılır, amma Azərbaycan Dəmir Yolları niyə səfərləri bərpa etmir?. Bərpa bir yana, niyə yeniliklər etmir?. Yəqin ki, Azərbaycan Dəmir Yolları ehtiyac duymur fəaliyyətini tam bərpa edib xalqa xidmət göstərməyə. Bu bir az da xidmət anlayışının zəifliyindən irəli gəlir.
Rubrika.Az bildirir ki, keyfiyyətsizlik və geriləmə ilə yanaşı Rövşən Rüstəmov sədr gəldiyi vaxtdan ADY barədə ittihamlar, məhkəmə prosesləri və korrupsiya şübhələri haqda xəbərlər səngimək bilmir. ADY rəhbəri dəmir yollarını, yeyinti üçün xəmir yollarına döndərib.
Misal üçün təxminən bir il öncə "Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus "ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov vəzifələrindən azad edilmişdi. Daxil olan məlumata görə bu qurumda korupsiya faktı ilə əlaqədar hüquqi araşdırma aparılır. Söhbət 10 milyon manatdan çox (təqribən 11 milyon) məbləğdən gedir. Mənbənin söylədiyinə görə ADY özünün tabeliyində olan müəssənin keçmiş direktoru haqqında işi baş prokurorluğa göndərib. Müəssisə yük daşımalarla məşğul olur. Günahlandırılan baş direktor indiki sədrin dövründə də işləyib və bu səbəbdən küllü miqdarda yeyintidə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun da iştiraşı şübhə doğurur.
Amma ADY-də dərd bununla da bitmir. Məsələ odur ki, bu qurum qanunvericiliyin pozulması hallarına görə də, xeyli “irəli” gedib. Hələ bu ilin əvvəlində İqtsiadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ADY ilə bağlı araşdırmalara başlamışdı. Rəsmi məlumata görə, ekspeditor (özəl nəqliyyat) şirkətləri ADY-dən şikayətçi düşüblər. Onlar bildiriblər ki, ADY şirkətlərə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verir. Eləcə də bazar subyektləri ilə əməkdaşlıqdan əsassız olaraq imtina edildiyi bildirilir.
Dövlət Xidməti müəyyən edib ki, ADY rəhbərliyi rəqabəti məhdudlaşdırır, rəqibin işgüzar münasibətləri qanunsuz vasitələrlə qəsdən pozur və dayandırır, kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirir və təsərrüfat qərarlarının icrasına qanunsuz vasitələrlə təsir göstərir.
Azərpoçt”da işləyən zaman da sərişətiszlik səbəbindən xeyli söz eşidib. Hətta onun “Azərpoçt”da şöbə müdiri olan zaman bir neçə dəfə töhmət aldığı iddia olunur. Bəzi məlumatlara görə, bu töhmətlərdən biri dövlət qurumlarından birinə çatmalı olan bandrolun səhv ünvana göndərilməsi olub. İddialara görə, həmin bandrol isə kifayət qədər ciddi qurumlardan birinə məxsus olub. Nəticədə, qalmaqal yaranıb. Həmin hadisədən Rövşən Rüstəmov güclə sıyrıla bilib. Həmin dönəmdə onun yaxınlarının yuxarı instansiyalardan xahişlərindən sonra məsələ qapadılıb.
Hətta o da iddia olunur ki, həmin vaxt Rüstəmov bir xeyli xərcə düşmək məcburiyyətində də qalıb. Lakin bu xərcin konkret olaraq nədən ibarət olması məlum deyil.
Həmçinin, qurumun məhkəmələrdən başı açılmır. Məsələn, QSC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Oil Supply” MMC edib. Bundan başqa, Azərbaycan Dəmir Yolları” ASC "Arena Lyusk" MMC-ni məhkəməyə verib.
Eyni zamanda, Azərbaycanda reklam və dizayn şirkəti "Azərbaycan Dəmir Yolları" QSC-ni məhkəməyə verib.
"Fatiyev Company" MMC Bakı Kommersiya Məhkəməsində dövlət şirkətinə qarşı iddia qaldırıb. Məlumata görə, ADY müqavilələrdən əmələ gələn öhdəlikləri icra etməyib.
Yeri gəlmişkən, bir müddət əvvəl "Azərbaycan Dəmir Yolları" QSC qanunsuz əldə edilmiş mənfəəti dövlət büdcəsinə qaytarmalıdır.
"Alliance Logistics" MMC və "Caspian Rail" MMC "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərən ekspeditor şirkətlərinə qarşı haqsız rəqabətə və ayrı seçkiliyə yol verilməsi, habelə əməkdaşlıqdan əsassız olaraq imtina edilməsi ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ediblər. Konteyner daşımaları bazarında özəl şirkətlərlə yanaşı "Azərbaycan Dəmir Yolları" QSC özünün törəmə şirkətləri olan "ADY Ekspress" MMC və "ADY Konteyner" MMC fəaliyyət göstərir və "Azərbaycan Dəmir Yolları" QSC bu törəmə şirkətlərə tətbiq olunan güzəştli və xüsusi tarifləri digər özəl ekspeditorlara tətbiq etməkdən imtina edir.
Ancaq bunlarla bitmir və dəmiryol sahəsində məhkəmə qalmaqalları, yeyinti iddiaları və tənqidlər tükənmir. Bu haqda yeni araşdırmamızda tanış olacaqsınız.
Rubrika.az
Facebook-da paylaş








