• Zəmanəmizin “ac hərif”ləri – AHİK də islahatlar əleyhinə “qara piar” kampaniyasını kimlər başladıb? ,,Yalan ayaq tutar yeriməz"...  

    Zəmanəmizin “ac hərif”ləri – AHİK də islahatlar əleyhinə “qara piar” kampaniyasını kimlər başladıb? ,,Yalan ayaq tutar yeriməz"...  

    Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” əsərini oxumayan az olar. Oxumayanlar da eyni adlı tamaşaya baxmamış deyillər. Haqverdiyev əsəri yazanda sanki bu günün Azərbaycanın görüb.
    Təsəvvür edin ki, “Ac həriflər” pyesi 1911-ci ildə qələmə alınıb. İndi 2025-ci ildir, yəni 100 ildən çox vaxt keçib. Hətta 114 il demək mümkündür. Di gəl, bir əsrdən çox vaxt ötsə də, dövrümüzün “ac hərif”ləri hələ də var və bu gedişlə də olacaq. Bu da ya Haqverdiyevin uzaqgörənliyidir, yaxud da bizim 114 il ərzində dəyişmədiyimizi gözlər önünə sərir.
    Rubrika.Az yazır ki, hər bir halda, son günlərdə baş verənləri gördükdə bir daha əmin olursan ki, zəmanəmizin “Ac hərif”ləri o dövrdəkilərdən daha miskin, daha meşşan, daha ikrah hissi doğuranlardır. Sadəcə, adamın heyfi gəlir və məyusluq doğurur.
    Söhbət həmin pyesdə Həsən dayının yeməkxanasına gələn mirzə Mahmud obrazından gedir. Mahmud dövrün yazarıdır, məqalələri qəzetlərdə gedir. Amma bir qarın yeməyin pulunu verməmək üçün yeməkxana sahibi Həsən dayıya böhtan atır. Mirzə Mahmud deyir ki, guya kotletə siçan quyruğu vurulub.
    Həsən kişi and-aman etsə də, faydası olmur. Yanaşı masada olanlar isə mirzə Mahmudu yaxşı tanıdığına görə kafe sahibinə tövsiyə edirlər ki, ondan yeməyin pulunu almasın, bu azmış kimi, cibinə də 5-10 manat qoysun, yoxsa gedib qəzetində yazıb rüsvay edəcək, el-aləm xəbər tutub yeməkxanaya gəlməyəcək.
    Yəni o dövrün “ac hərif”lərindən biri olan mirzə Mahmud bir qarın yemək üçün öz qələmindən, qəzetçilik vəzifəsindən sui-istifadə edir. Məgər indi belələri yoxdurmu? Var! Özü də “en” qədər...
    Misal üçün son zamanlar Azərbaycan Həmkarları İttifaqı Konfederasiyası əleyhinə aparılan qarayaxma kampaniyasını götürək. Qurumun yeni rəhbəri Sahib Məmmədov, komandası və bütövlükdə AHİK-in fəaliyyəti, xüsusən də “putyovka”larla bağlı məsələ üzərindən bir həmlə, bir hibrid hücum təşkil olunub.
    Bəli, müasir dönəmdə informasiya ən güclü silahdır və bundan istifadə edənlər, mirzə mahmudlar, “ac hərif”lər AHİK-in üstünə düşüblər, düşmək nədir, tökülüşüblər.
    Onlar AHİK əleyhinə əsl “qara piar” kampaniyası aparırlar və gözdən salmağa çalışırlar. Halbuki Sahib Məmmədov qurumda heç bir il yoxdur ki, sədr vəzifəsindədir. Ötən ilin avqustunda bu posta seçilib. Yəni 1 ilinin tamam olmasına hələ bir ay qalıb.
    Allahnan danışsaq bir vəzifəli şəxsin postunda fəaliyyətinə ən azı 1 il imkan verilməlidir ki, sonra tənqid olunsun. AHİK-də kifayət qədər problemlər olub, əvvəlki rəhbərlik dövründən qalan məsələlər var, illərlə yığılıb qalaqlanan işlərin qısa müddət ərzində həll edilməsi mümkün deyil. Hətta tənqid edənlərin bir çoxu kiçik bir kollektivi idarə edərkən ciddi çətinliklərlə üzləşir.
    O ki qala AHİK kimi nəhəng strukturda baş çıxarmaq, işləri bir-bir yoluna qoymaq. Amma “ac hərif”lər, mirzə mahmudlar AHİK rəhbərliyinə işləməyə, gözünü açmağa aman vermirlər.
    Hərçənd göndərişlərin olması üçün yeni elektron sistem də tətbiq olunub. Artıq onlayn qaydada “putyovka” müraciətlərinə baxılır. Bu da müasir dövrlə ayaqlaşmaq üçün ciddi islahatdır. Eyni zamanda, şəffaflığın təmin olunması baxımdan vacibdir. Amma sanki “informasiya müharibəsi” əmri verilib və onlayn sistemlə bağlı çirkin, gözdənsalma təbliğatı aparılır. Hərçənd heç bir fakt, sübut da ortaya qoyulmur. Sadəcə, bir-iki müraciətdən nəticə çıxarıb qurumu “yıxıb-sürüməyə” çalışmaq ədalətli görünmür.
    Təbii ki, AHİK bu məsələdə daha aktiv, operativ olmalı, ittihamlara, tənqidlərə cavab verməlidir. Çünki qurumun rəhbərliyi barədə sərhasər çeynənmiş fikirlər səsləndirilir, “dezinformasiya maşını” işə salınıb, AHİK də ittihamlara sübutlarla operativ reaksiya verməlidir ki, hansısa “ac hərif”lər haqlı görünməyə çalışmasınlar.
    Ümumiyyətlə, AHİK-in əsas fəaliyyət istiqamətlərindən biri yollayışların verilməsində ədalətliliyin, şəffaflığın və əlçatanlığın təmin edilməsi olmalıdır. Bu məsələ də daha çox yay mövsümündə gündəmə gəlir.
    Rubrika.Az qeyd edir ki, yollayışın təyinatından asılı olmayaraq, hər bir üzv ümumi dəyərin yalnız 15%-i ödəməklə yollayış əldə edirlər. Sadəcə, onlar müəyyən prosedurlara əməl etməlidir. Bu, ilk növbədə, yollayışdan istifadə edəcək ailə üzvləri ilə bağlı olan məsələdir. Ailə üzvləri dedikdə sanator-kurort, yəni, müalicə təyinatlı yollayışlarda yalnız ər və arvad gedə bilər. Uşaqlar, yaxud digər ailə üzvləri bu yollayışdan istifadə edə bilməz.
    İstirahət təyinatlı yollayışda isə ər, arvad və yalnız 18 yaşa qədər olan övladları, 18 yaşından 23 yaşa qədər olan övladlar isə tələbə biletini təqdim edərək xidmətdən yararlana bilər. Bu halda bütün üzvlər yollayışın ümumi dəyərinin 15%-i ödəyir. Müalicə təyinatlı yollayışlarda isə əgər ailə üzvünün biri AHİK-ə üzv deyilsə, bu halda o yollayışının 50% dəyərini ödəyir.
    Hazırda AHİK-in 1 milyon yarıma yaxın üzvü var. Onlar hamısı 11 min təşkilatda cəmlənib. Bu 11 min təşkilatın işini bir mərkəz üzərindən icra etməyə başlanılıb. Müraciət daxil edildikdən sonra 3 mərhələli təsdiqdən keçir. Birinci mərhələdə 5 iş günü ərzində AHİK tərəfindən yoxlanılır. Qurumun əməkdaşları sənədləri, otelin rezervasiyasını, tarixi analiz etdikdən sonra məlumat emal edilir və maksimum 15 iş günü ərzində təsdiq, yaxud imtina verilir. Vətəndaş üçün müəyyən tarixdə boş yer yoxdursa, ona ya eyni oteldə başqa bir tarix təklif olunur, ya da eyni tarix üzrə başqa otel təklif olunur. Bu qədər sadə bir mexanizmdir, amma milçəkdən fil düzəldib şişirməyə çalışan “ac hərif”lər var...
    Ardı var...
     
     Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş