286 saylı məktəbin direktor müavini Aynur Adıgözəlovadan birinci vitse-prezidentə şikayət edildi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya
Surəti : Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarova
Surəti : Bakı şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevaya
Surəti : Yasamal rayon İcra Hakimiyyətinə
Təhsil sektorunda aparılan davamlı islahatlar nəticəsində son illərdə bu sahədə əsaslı dəyişikliklər baş vermiş, dinamik inkişaf təmin edilmişdir. Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.
Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir.
Heydər Əliyev Fondunun, dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz əhəmiyyəti ilə seçilmişdir.
Hörmətli Mehriban xanım !
Medya mənsubları olaraq hər zaman dövlətin təhsil sahəsinə ayırdığı diqqəti dəstəkləmiş, eləcə də bu sahədə hökm sürən çatışmamazlıqları obyektiv şəkildə işıqlandırmağa çalışmışıq. Görünür bizim obyektivliyimiz bir çox “təhsil korifeylərini” ciddi narahat edərək rahatlığını pozmuşdur. Belələrindən biri də Bakı şəhəri 286 saylı tam orta məktəbin direktor müavini Aynur Həşim qızı Adıgözəlovadır. Xatırladaq ki, medyada 286 saylı məktəbdə baş verənlər barəsində ardıcıl məlumatlar yayımlanmışdır. Qəribəsi odur ki, həmin materialları KİV-lərə ötürən şəxs məhz Aynur Adıgözəlovadır. Məktəbə yeni direktor təyinatından sonra əvvəlki “iş prinsiplərini” tətbiq edə bilməyən, “təhsil bazarı”nı davam etdirə bilməyən A. Adıgözəlova “qara piar” yolu ilə işlədiyi məktəb barəsində məlumatları ictimailəşdirmişdir. Sonradan öz əməllərini ört-basdır etmək üçün guya bizim şər-böhtanla məşğul olmamız haqqında məhkəməyə müraciət etmişdir. Lakin məhkəmənin obyektiv araşdırmasından sonra A. Adıgözəlovanın iddiaları təmin edilməyib. Müxbir Murad Fərzəliyevin izahatında da göstərilib ki, 286 saylı məktəb haqqında bütün məlumatlar mətbuata məhz A. Adıgözəlova tərəfindən ötürülüb.
Məhkəmənin 8 may 2017-ci il tarixli qətnaməsində də göstərilir ki, A. Adıgözəlova tərəfindən irəli sürülən bütün iddialar saxtadır və öz təsdiqini tapmayıb.
Yasamal rayon Polis Şöbəsindən məktəbə göndərilmiş təqdimatda göstərilir ki, Adıgözəlova Aynur Həşim qızı müəllimlərin etik davranış qaydalarını kobud surətdə pozmuş, öz səlahiyyətləri çərçivəsində yerinə yetirməyərək müəllimin peşə vəzifələrinin icrası ilə bağlı təhsil alanların valideynlərinin şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməli olduğu halda təmin etməmiş, özbaşına yetkinlik yaşına çatmayan şagirdlərə təsir göstərməklə qanunsuz izahatlar almış, Yasamal rayon Polis idarəsinin inspektorlarına məlumat vermədən aldığı izahatları rəsmi qaydada hüquq mühafizə orqanlarına göndərməmiş, beləliklə də şagirdlərin təmiz adını ləkələyərək onların gələcəyini təhlükə altında qoymuşdur.
Direktor müavini Aynur Adıgözəlovanın sərhəd bilməyən qanunsuz əməlləri Yasamal rayon İcra Hakimiyyətini də hərəkətə gətirmiş, onlar tərəfindən tədbir görülməsi üçün Bakı şəhər Təhsil İdarəsinə müraciət edilmişdir. Lakin, edilən bütün müraciətlərə, əldə olunan təkzibedilməz faktlara baxmayaraq Bakı şəhər Təhsil İdarəsi tərəfindən heç bir tədbir görülməyib. Əldə etdiyimiz məlumatlara görə Təhsil İdarəsinin Daxili Nəzarət sektorunda işləyən Nazim Bağırov tərəfindən yüksək səviyyədə himayə olunduğu üçün A. Adıgözəlova hələ ki, öz qanunsuz əməllərini davam etdirir.
Hörmətli Mehriban xanım !
Siz hər zaman layiqli təhsil işçilərinin himayədarı olmuş, onlara hərtərəfli qayğı göstərmisiniz. Təəssüf ki, hələ də təhsil işçiləri sırasında öz yerində olmayan, uca müəllim adına ləkə gətirən şəxslər qalmaqdadır. Bu müraciətimizdə onların biri- 286 saylı tam orta məktəbin direktor müavini Aynur Adıgözəlova barəsində məlumat verərək haqqında ciddi tədbir görülməsini xahiş edirik. Onun vəzifədə qaldığı hər gün Azərbaycan təhsili, 286 saylı tam orta məktəb üçün təhlükədir. Öz şəxsi maraqlarından başqa təhsildə heç bir məqsəd güdməyən bu şəxsin vəzifədən alınması vacibdir. İnanırıq ki, bizim müraciətimizdən sonra zəruri tədbirlər görüləcəkdir.
Öncədən sizə dərin minnətdarlığımızı bildiririk.
Rubrika.az saytının baş redaktoru Nicat Mahmudov
Facebook-da paylaş















