"Qəsdən öldürməyib ki, qəzadır olub" - 2 nəfərin öldüyü, 9 nəfərin yaralandığı qəza işi

Mərdəkanda baş verən dəhşətli qəzaya görə cinayət məsuliyyətinə cəlb edilən sürücü hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rac Əliyevin məhkəməsi keçirilib. Hakim İradə Həsənzadənin icraatında olan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, R.Əlizadə etibarnamə olmadan idarə etdiyi, lizinq şirkətinə məxsus “Daewo Gentra” markalı avtomobillə Mərdəkan qəsəbəsi ərazisində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq, sürücü Şovqatov Ələddinin idarə etdiyi “VAZ–21063” markalı avtomobili arxadan vurub, daha sonra isə Xamnət Quliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Ə.Şovqatovun azyaşlı nəvəsi Müsab hadisə yerində vəfat edib. R.Əlizadənin sərnişini olan qayınanası, 1959-cu il təvəllüdlü Sevda Abdullayeva isə yerləşdirildiyi 3 saylı Sabunçu rayon Xəstəxanasında vəfat edib.
Məhkəmədə ittihama münasibət bildirən R.Əlizadə özünü təqsirli bildiyini deyib və hər şeyin ittihamda yazıldığı kimi olduğunu söyləyib. Zərərçəkmişlər Ə.Şovqatov və X.Quliyev şikayətçi olmadıqlarını bildiriblər. Nəvəsi ölən Ə.Şovqatov “qəsdən öldürməyib ki, qəzadır olub” deyərək barışdıqlarını bildirib.
O, qəza zamanı xəsarət alan digər ailə üzvlərinin müalicəsi üçün R.Əlizadənin maddi yardım etmədiyini də bildirib: “Özü kasıb adamdır, mənə nə kömək edəcək”.
Mərhum Müsab Şovqatovun atası Zaur Şovqatov və anası Əminə Şovqatova da qəza zamanı yüngül xəsarət alsalar da, şikayətçi olmadıqlarını bildiriblər.
Məhkəmədə o da məlum olub ki, lizinq şirkəti avtomobili Elbrus Mirzəyev adlı şəxsə verib. O isə maşını etibarnamə olmadan idarə etməsi üçün Rac Əlizadəyə verib. Qəza zamanı lizinq şirkətinə dəyən 3550 manat maddi ziyan ödənilməyib.
Məhkəmə prosesi aprelin 16-da davam etdiriləcək.
Bildirək ki, qəza zamanı 28 yaşlı Lalə Behbudova, 38 yaşlı Rac Əliyev, 60 yaşlı Səriyyə Şovqatova, 65 yaşlı Ələddin Şovqatov, 34 yaşlı Əminə Şovqatova, 35 yaşlı Zaur Şovqatov, 11 yaşlı Nəzrin Əliyeva Rac qızı, 5 yaşlı Yusif Hacıyev, 3 yaşlı Adəm Hacıyev xəsarət alıb.(Musavat.com)
Rubrika.az
Facebook-da paylaş















