Neftin qiyməti ilin sonuna doğru 80 dolları ötə bilər

Vüsalə Əhmədova “Beynəlxalq maliyyə qurumu olan “Goldman Sahcs” Brent markalı neftin barelinin qiymətinin önümüzdəki 3 ayda 75 dollar, 6 ayda isə 82.50 dollar olacağını iddia edir”
Dünya birjalarında neft bahalaşmaqda davam edir . Brent markalı neft artıq 75 dollara yaxınlaşır. Belə ki, aprelin 26-da ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,48 dollar və ya 0,65% artaraq 74,48 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,38 dollar və ya 0,56% artaraq 68,43 dollar təşkil edib.
Azərbaycan neftinin bir barrelinin qiyməti 76 dolları ötüb , son iki gündə 1 dollar bahalaşaraq 76,25 dollara satılıb.
Bəs görəsən, bu bahalaşmanın fundamental səbəbləri nələrdir? Qara qızılda qiymət artımı davamlı olacaqmı?
“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Vüsalə Əhmədova bildirdi ki, bahalaşmanın əsas səbəbi beynəlxalq siyasi proseslərdir:
“Yaxın Şərqdə artmaqda davam edən geopolitik gərginliyin ardından, ABŞ-ın xam neft rezervlərinin keçən həftə sürpriz şəkildə çoxaldığını göstərən rəsmi məlumatların investorlar tərəfindən çox da önəmsənilməməsi, neft qiymətlərini ən son 2014-cü ildə olan səviyyələrədək yüksəltdi. Bundan əlavə, Səudiyyə Ərəbistanı ilə İran arasında gərginliyin artması Yaxın Şərqdə neft təchizatı təhlükəsizliyini risk altında qoyur. Bu anlaşmazlıqlardan dolayı təchizatda meydana gələn fasilələrin qiymətləri daha da artıra biləcəyi bir sıra spekulyasiyalara səbəb oldu. O cümlədən, ABŞ-da çoxalan şist neft hasilatının dünyada təklifi artıracağı qorxusu ilə, OPEC və tərəfdaşlarının təchizatı məhdudlaşdırmaları da qiymətlərə öz müsbət təsirini göstərdi. Digər tərəfdən isə, OPEC ilə Rusiya arasında bağlanan sazişin ABŞ şist neft hasilatını uzun bir fasilədən sonra təkrar gəlirli hala gətirdiyi görünür. Avropaya ixracı artıran ABŞ yaxın zamanlarda Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq neft hasilatında ilk sırada qərar tuta bilər. ABŞ 2019-cu ildə hasilatı 11,3 milyon barelə çıxarmağı hədəfləyir. ABŞ-ın durmadan hasilatı artırma yönündə cəhdləri, dünyada xam neft qiymətlərinin son 3 ildə 120 dollardan hazırkı səviyyələrədək enməsinə gətirib çıxarıb. Ancaq düşünürəm ki, ABŞ-dan Avropaya neft daşınmaları son dövrlərdə 4 dəfə artsa da, ABŞ hələki Avropa bazarında Rusiyaya ciddi rəqib deyil. Avropanın neftayırma müəssisələri hələlik ABŞ xam neftini emal edəcək təchizata sahib deyillər”.
Ekspertin sözlərinə görə, İranın nüvə sazişi ilə bağlı müzakirələrin nəticələrinə uyğun olaraq ABŞ-ın bu ölkəyə tətbiq edəcəyi sanksiyalar qiymətləri daha da artıra bilər: “Fransa prezidentinin İranın nüvə sazişi ilə bağlı yeni bir müzakirə təklifini irəli sürməsi və Səudiyyə Ərəbistanı ilə İran arasında gərginliyin arta biləcəyi ilə bağlı narahatlıqlar dünya bazarında neftin qiymətinin 3 həftənin ən yüksək həddinə çatması, o cümlədən, Brent markalı neftinin barelinin 72 dollara yüksəlməsi ilə nəticələndi. Həqiqətən əgər Tramp nüvə sazişindən geri çəkilərsə, ABŞ-ın İrana yenidən sanksiyalar tətbiq edəcəyi ilə bağlı ehtimallar yaranır, nəticədə İranın neft ixracında məhdudiyyətlər yaşanacaq. İran ilə nüvə sazişinə imza atmış digər ölkələr hələ ki, Tramp ilə həmrəylik nümayiş etdirmirlər. ABŞ sazişi birtərəfli qaydada dayandırarsa İran yeni nüvə sınağına başlayacağını daha öncə bəyan etmişdi. Belə olan halda ABŞ-ın İrana embarqo tətbiq edəcəyi gözləniləndir. İndi hər kəsin gözü İran nüvə sazişinin nəzərdən keçiriləcəyi 12 may tarixinə və ABŞ-ın atacağı addımlara dikilib. Bu vəziyyət məhdud da olsa neft qiymətlərinə təsir göstərəcək. Bundan əlavə, “Saudi Aramco” neft şirkətinin 80 dollarlıq qiymət təklifi irəli sürməsi yönündə spekulyasiyalar da qiymətlərə təsirsiz ötüşməyəcək. Hazırda neft bazarının önəmli oyunçuları ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı sayılır”.
V.Əhmədova onu da vurğuladı ki, mövcud proqnozlar ilin sonuna qara qızılın 80 dolları ötəcəyini göstərir: “Beynəlxalq maliyyə qurumu olan “Goldman Sahcs” Brent markalı neftin barelinin qiymətinin önümüzdəki 3 ayda 75 dollar, 6 ayda isə 82.50 dollar olacağını iddia edir. Səbəb olaraq isə, rezervlərdə meydana gələcək düşüşləri, tələbdə yaranacaq artışı və dünyanın ən böyük neft ehtiyatlarına sahib Venesuelada hərbi çevrilişin olacağına dair ABŞ Xarici İşlər Nazirinin açıqlamasını əsas gətirir. Ancaq düşünürəm ki, 300 min barel hasilat artığı və o cümlədən, qlobal istehsal səviyyəsində yaranan kəsir 2018-ci il üçün Brent markalı neftin qiymətinin 65-70 dollardan çox olmayacağını göstərir. Uzun müddətli perspektivdə baxdıqda isə, nəqliyyat sektorunun gələcəkdə elektrikləşməsi gözləntiləri olduqca böyükdür. Bu isə neftə olan tələbin enməsinə səbəb ola bilər və dolayısıyla, neft qiymətlərinin uzun dövrdə 70 dollardan çox olması ehtimalı da azalmış olur”.
Rubrika.az
Facebook-da paylaş













