Müğənni hakim qarşısında: o, qadın alverinə görə həbs edilib

Müğənnilik edən qadın hakim qarşısına çıxarılıb. O, qadınları cinsi istismara məruz qoymaqda ittiham edilir.
Rubrika.Az Musavat.com-a istinaden xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları Türkiyəyə apararaq fahişəliyə məcbur etməkdə təqsirləndirlən müğənni Təranə Muradovanın məhkəməsi başlayıb.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, T.Muradova istintaq zamanı həbs edilməyərək polisin nəzarətinə verilibmiş.
Amma o, istintaqdan yayındığı üçün axtarışa verilib və tutularaq həbs edilib. Prosesin davamında hakim T.Muradovadan istintaqdan qaçmasının səbəbini soruşub.
O isə deyib ki, bunu yaxından tanımadığı bir qadının məsləhəti ilə edib və peşmandır: "Yaqut adlı xanım idi, dedi ki, məhkəməyə getmə, yaxın günlərdə "Stop"un qüvvədən düşəcək, sonra xaricə gedərsən".
İttihamda T.Muradovanın 4 qadına qarşı eyni cinayət əməlini törətdiyi qeyd edilir. O isə onlardan yalnız birini tanıdığı deyib və əlavə edib ki, həmin qızla da administrator işlədiyi obyektdə tanış olub. Digərini sadəcə üzdən tanıdığını deyən müğənni qalan 2 qadını tanımadığını bildirib.
Məhkəmə prosesi sentyabrın 26-da davam etdiriləcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən 2018-ci il fevralın 26-da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü, Bakı şəhər sakini Muradova Təranə Əli qızının ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.
Təranə Muradova əvvəllər qadın alverinə görə polis tərəfindən tutulub. Belə ki, müğənniliklə məşğul olan Təranə Muradova bir neçə il əvvəl “Azəristar” mahnı yarışmasında iştirak etmiş Rüstəm Əlişanov və başqa bir qadınla birgə Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə təqsirləndirilib. Lakin o, çox keçmədən həbsxanadan çıxıb və köhnə peşəsini davam etdirib.
Rubrika.Az
Facebook-da paylaş












