Binədə “Xəyallar adası”nın ətrafını zibilxanaya çevirənlər kimlərdir…

Bakının Suraxanı rayonu, Binə qəsəbəsində boş ərazinin zibilxanaya çevrilməsi sakinlərin narazılığına səbəb olub.
Rubrika.Az bildirir ki, qəsəbə sakinlərinin virtualaz.org-a ünvanladıqları müraciətində deyilir ki, qəsəbənin ətrafındakı boş ərazilərə maşınlarla zibil daşınıb tökülür və bu da həm ekoloji baxımdan çirklənməyə, həm də müxtəlif xəstəliklərin yarılmasına şərait yaradır.
Şikayətçilər deyiblər ki, əslində Binə qəsəbəsinin “zibil” problemi illərdir həllini tapmır, amma son vaxtlar tullantıların boş ərazilərə atılması, üstəlik yandırılması vəziyyəti daha da çətinləşdirib. “Gecələr yük maşınları ilə zibil daşınır və demək olar ki, hər gücə tullantıları yandırırlar. Bu isə təbiətə və paytaxtın onsuz da ağır havasının çirklənməsinə səbəb olur”,-şikayətdə qeyd edilib. ![]()
Bildirilib ki, zibilxanaya çevrilən ərazi Binə-Qala-Türkan yolunun üstündə-Dreamland Golf Club-un yaxınlığındadır: “Qəsəbədəki özəl şirkətlər tərəfindən abadlıq işləri aparılır, ərazilər təmizlənir. Amma vəziyyət yenə də dəyişmir. Problemin aradan qaldırılması üçün nəzarət edilməli, zibilin kim və haradan gətirdiyini müəyyənləşdirməli, bunun qarşısının alınması üçün tədbir görülməlidir”.
Binə bələdiyyəsinin sədr müavini Güldarə Mehdiyeva şikayəti dinləyib və həmin ərazinin Binə bələdiyyəsinin ərazisinə daxil olmadığını bildirib. Bələdiyyənin adını söyləməyən digər əməkdaşı isə yük maşınları ilə müqavilə bağlandığını desə də, sonradan məlumatsız kimi davranıb, suallara cavab verməyib. ![]()
Qala bələdiyyəsindən də ərazinin onlara məxsus olmadığını söyləyiblər. Türkan bələdiyyəsindən isə deyiblər ki, onların kəndi Binə və Qaladan sonra gəlir, belə olduğu halda zibillənmiş ərazinin Türkana aid olması mümkün deyil.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə deyib ki, köhnə Binə ticarət mərkəzinin yaxınlığındakı ərazilərdə tullantıların qalaqlandığı barədə daxil olmuş şikayət yerində araşdırılıb. Araşdırma zamanı tullantıların qalaqlandığı, düzgün idarə olunmadığı təsdiqini tapıb. Ərazilərin tullantılardan təmizlənməsi üçün Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə “məcburi göstəriş” verilib və ərazilər tullantılardan təmizlənib.
Rubrika.Az
Facebook-da paylaş









