Oqtay Gülalıyev komadadır

Hüquq müdafiəçisi Oqtay Gülalıyev 2-ci dərəcəli koma vəziyyətindədir.
Rubrika.Az-ın Virtualaz.org-a istinadən məlumatına görə, bunu jurnalistlərə onun həkimi- neyrocərrah Adil Qeybulla deyib.
“Oqtay Gülalıyevin müalicə aldığı Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Arif Xasıyevlə əlaqə saxladım. Vəziyyəti stabil olaraq qalır, hemodinamik göstəriciləri stabildir. Əməliyyata götürülən gündən indiyə kimi 2-ci dərəcəli koma vəziyyətindədir. Pisləşmə yoxdur. İntensiv müalicə tədbirləri davam etdirilir”,-deyə A.Qeybulla bildirib.
A.Qeybullanın sözlərinə görə, komanın 4 dərəcəsi mövcuddur, ən ağır dərəcə 4-cü dərəcə (tam arefleksiya vəziyyəti) sayılır: “Mətbuatda gedən bəzi məlumatlara aydınlıq gətirmək nəqsədilə bu gün Oqtay bəyin ilk daxil olduğu 1 saylı Kliniki Tibbi Mərkəzdəki tomoqrafiyasının şəklini əldə etməyi və travmanın bütün dinamikasını detallarla izah etməyi planlaşdırıram”.
Xatırladaq ki, O.Gülalıyev oktyabrın 29-u paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi 90-PZ-543 dövlət nömrə nişanlı “Hyunadi Accent” markalı avtomobillə yolu keçərkən vurulub. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb.
Rubrika.Az
Facebook-da paylaş















