Tahir Məmmədovun gördüyü işlər onun fəaliyyət proqramıdır - Bu onun üçün HƏYAT AMALIDIR...
![]()
O sübut etdi ki, cənab prezidentin etimadını doğrultmağın ən doğru yolu xalqa xidmətdir
Bu ilin fevralında Şamaxıda baş verən zəlzələ təkcə rayonda yer səthini deyil,həm də ölkə gündəmini silkələdi. Şükürlər olsun ki, insan itkisi olmadı,amma bir çox tikililərə ciddi ziyan dəydi, bəzi yaşayış evləri yararsız vəziyyətə düşdü. Qışın oğlan çağında yaşanan bu çətinliklər zamanı Azərbaycan dövləti,onun rəhbəri bir daha sübut etdi ki, hər bir vətəndaşın yanındadır, onun hamisidir. Zəlzələdən dərhal sonra Prezident İlham Əliyev,birinci vitse-prezident Mehriban xanım Şamaxıya gəldilər, dağıntılar baş verən ərazilərə baxış keçirdilər və müvafiq göstərişlər verildi. Hər şeyin aydın olması üçün təkcə onu qeyd etmək kifayətdir ki, dövlət başçısı fevralın 7-də və martın 7-də Şamaxıya səfər edib. Birinci səfərdə evi dağılmış sakinlərlə görüşüb,ikinci səfərdə onların yeni evlərinin açarlarını təqdim edib!
Bir neçə gün əvvəl-konkret olaraq oktyabrın 30-da Tahir Məmmədovun Şamaxıya icra başçısı təyin olunmasının 1 ili tamam oldu. Yuxarıda zəlzələdən heç də səbəbsiz bəhs etmədik. Bu həm də rayona yeni rəhbər təyin olunan T.Məmmədov üçün bir sınaq idi. Bir məmur üçün bunu böyük sınaq kimi də qiymətləndirmək olar. Amma Tahir müəllim bu çətin anlarda hər bir şamaxılının yanında oldu. O günləri xatırlayanlar yaxşı bilir ki, T.Məmmədov ziyan çəkən hər bir ailənin qayğıları ilə yaşadı-heç kim özünü tək sanmadı. Elə cənab prezidentin o günlər verdiyi tapşırıqların da çevik,operativ həyata keçirilməsi dediklərimizin təsdiqidir. 2019-cu ilin soyuq fevral günləri Şamaxı sanki bir qərargah , tikinti meydançası idi. Bu sınaq günlərində T.Məmmədov həm cənab prezidentin yüksək etimadını doğrultdu,həm də şamaxılıların inamını qazandı.
Söhbət etdiyimiz şamaxılılar deyir ki, Tahir müəllimin o çətin günlərdə təmkinli və inamlı davranışı hər bir rayon sakininin dövlətə olan etimadını daha da mətinləşdirdi. O prezidentin bir sadiq əskəri kimi yorulmadan çalışdı-kabinetini tikinti meydanlarına dəyişdi. Məhz bu iradənin,yorulmaz fəaliyyətin məntiqi nəticəsi olaraq zəlzələnin fəsadları qısa zaman kəsimində aradan qaldırıldı.
1 il tarix üçün heç də böyük ölçü vahidi deyil. Amma, ötən 1 il Şamaxının tarixində inkişaf, tərəqqi dövrü kimi qalıb. Ağır zəhmət hesabına zəlzələnin fəsadları demək olar ki, aradan qaldırılıb, çoxsaylı təmir-tikinti işləri aparılıb, yeni istehsal müəssisələri,turizm obyektləri açılıb, aqrar sahənin dinamik inkişafını təmin etmək üçün tədbirlər görülüb. Son 9 ayda rayonda 1293 iş yeri açılıb ki, bunların hamısı daimi iş yerləridir. Rayonda zəngin ənənələri olan üzümçülüyün inkişafı üçün əməli işlər görülür-üzüm bağlarının sahəsi 1730 hektara çatdırılıb. Təkcə rayon mərkəzi deyil kəndlər də öz simasını dəyişir-abadlaşır, yenidən qurulur. Turizm baxımından perspektivli ərazilərdə iaşə obyektlərinin,istirahət mərkəzlərinin inşası geniş vüsət alır.
Bütün bunlar bu günkü Şamaxının dinamik inkişaf mənzərəsidir. Ölkə başçısının böyük diqqət yetirdiyi rayonda görülən işlər verilən dəyərə məntiqi cavabdır.
Amma bu qədim diyarın müasir inkişafını gözü götürməyənlər, hər işdə nöqsan axtaranlar yenə də öz ampulasındadır. Özlərini “millət fədaisi” hesab edən bu “mirzəciklər” sağa-sola iftira, böhtan yaymaqla məşğuldurlar. Son günlər bir sıra media portallarında Şamaxı rayonu, həmçinin icra başçısı T.Məmmədov haqqında uydurma informasiyalar tirajlanır. Faktlara söykənməyən, reallığı əks etdirməyən bu yazılarda həyasızcasına rayonda görülən işlərin üstündən xətt çəkilir, guya dövlət başçısının tapşırıqlarının yerinə yetirilmədiyi iddia edilir. Bir daha qeyd edirik ki, Şamaxıda görülən işləri danmaq üçün ən azından kor omaq gərəkdir. Cənab Prezidentin hər bir göstərişi rayonda böyük məsuliyyətlə həyata keçirilir. Əslində bu gün Şamaxıda ətalətin,durğunluğun zəlzələsi baş verir. Hər qarışı abadlaşan,çiçəklənən bu qədim yurdun zəhmətkeş insanları sabaha nikbin baxışlarla baxırlar. Bu gün rayonun qayğıları ilə yaşayan, uğurları üçün yorulmadan çalışan bir komanda fəaliyyət göstərir. Bu T.Məmmədovun əzmkarlığının, yurda bağlılığının məntiqi nəticəsi, həm də böyük etimada,dövlətə və xalqa olan sevginin təzahürüdür. T.Məmmədov bir illik fəaliyyəti ilə sübut etdi ki, cənab prezidentin etimadını doğrultmağın ən doğru yolu xalqa xidmətdir. Bu həm də onun üçün həyat amalıdır,bir illik fəaliyyət proqramı deyil!
Nicat Mahmudov
Rublika.az
Facebook-da paylaş








